Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert rəyi

Eldəniz ƏMİROV,

iqtisadçı-ekspert

 

Azərbaycanın tranzit göstəricilərin perspektivdə daha da yüksələcəyi gözlənilir. Bu, Zəngəzur dəhlizinin fəaliyyətə başlayacağı ilə bağlı məsələdir. Lakin bu infrastrukturun işə salınması istiqamətində Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərə əməl etsə də, işğalçı Ermənistan Vətən müharibəsindən ötən iki il ərzində sözügedən istiqamətdə heç bir əməli fəaliyyət göstərməyib. Beynəlxalq konfransda bu problemlə bağlı Prezident İlham Əliyev deyib: “Siz soruşdunuz ki, İran və ya Ermənistan bu prosesə əngəl törədə bilərlərmi, mən belə düşünmürəm. Birincisi, Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. Onların dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir...”.

 

Dövlətimizin başçısı bu məsələdə İran amilinə də toxunaraq qeyd edib ki, bu ölkə özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir.

 

Prezident İlham Əliyev daha sonra Azərbaycanın bu layihəyə görə, coğrafi mərkəz olaraq, eyni zamanda, tam infrastruktura malik və müxtəlif beynəlxalq iştirakçılarla yaxşı əlaqələr yaradan ölkə kimi məsuliyyət daşıdığını, adı çəkilən dəhlizin formalaşması üçün lazımi səy göstərəcəyini diqqətə çatdırıb. Yeri gəlmişkən, konfransda Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyannamədə Ermənistanın Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini reallaşdırmalı olduğu bildirilib. Eyni zamanda, sözügedən dəhliz Mərkəzi Asiya və Cənubi Qafqaz, Avropa və Asiya arasında olan iqtisadi əlaqələrin yaradılmasında və inkişaf etdirilməsində həlledici rolu şərtləndirib.

 

Zəngəzur dəhlizinin fəaliyyətinin gerçəkləşməsi həm də, ilk növbədə, Ermənistanın maraqlarına cavab verir. Çünki işğalçı ölkə adıçəkilən kommunikasiyadan yararlanmaqla ticarət əlaqələrini genişləndirə, bununla da üzləşdiyi və getdikcə dərinləşən iqtisadi böhrandan xilas ola bilər.

 

Bu coğrafiyada belə bir kommunikasiyanın – dəhlizin fəaliyyətə başlaması, ümumiyyətlə, region ölkələrinin–Azərbaycan, İran və Türkiyənin də sosial-iqtisadi yüksəlişinə böyük töhfə verəcəyi heç bir şübhə doğurmur. Bu dəhlizin Qərb ilə Şərq arasında olan iqtisadi əlaqələrin dərinləşməsinə, yaranan ticarət həlqəsinə əlavə dəyər verməsinə önəmli təsir göstərəcəyi də haqlı olaraq vurğulanır. 

27 Noyabr 2022 11:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə