Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İranın anti-Azərbaycan mövqeyi qonşuluq siyasətinə ziddir

Azərbaycan 30 illik erməni işğalına son qorayaq Türk və İslam dünyasında hörmətini birə- beş artırdı. Erməni faşizmi üzərində qələbəmiz Arazın o tayındakı milyonlarla soydaşlarımızı da hədsiz sevindirdi. Ancaq Vətən savaşından sonra cənub qonşumuz İrandan İslam həmrəyliyinə uyğun addımları görmədik. Əksinə, bu İslam dövləti Qarabağ zəfəri ilə ərazi bütövlüyünü və pozulmuş sərhədlərini bərpa etmiş Azərbaycana qarşı anlaşılmaz münasibət sərgilədi, hətta uzun illər müsəlman abidələrini murdarlamış ermənilərə qucaq açdı, onlarla əməkdaşlığı dərinləşdirmək kursunu seçdi. 


İranın indiki hakimiyyətinin Azərbaycana qarşı qeyri-adekvat siyasət yürütməsini Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında da açıqladı. “Mən İranın üç Prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi”. Dövlət başçısının mesajı aydındır: rəsmi Tehran Azərbaycana qarşı qonşuluq siyasətinin ruhuna uyğun davranmır və bu aqressiv addımlar özündə son illərdə ikitərəfli əlaqələrdə qazanılmış əməkdaşlıq potensialını sıfırlanmaq təhlükəsini daşıyır. 
Minillər boyu İranda yaşayan azərbaycanlılara elementar hüquqlarını yerinə yetirməyə imkan verməyən İran dövləti regionda yad və destruktiv ünsürə çevrilmiş Ermənistanla münasibətlərin inkişafına xüsusi diqqət ayırır. Azərbaycan qonşulara həmişə mehriban, dost münasibət bəsləyib. Siyasi müstəqilliyimizi bərpa etdikdən sonra İranın açıq-gizli qısqanc siyasətinə baxmayaraq, Arazın o tayındakı hökumətlə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq əlaqələri qurmağa çalışıb. Hətta Birinci Qarabağ müharibəsində destruktiv fəaliyyətinə baxmayaraq, Azərbaycan sonrakı illərdə də İranla qonşuluq münasibətlərinin inkişafına önəm verib, rəsmi Tehranı regional aktor kimi qəbul edib. 
Lakin İkinci Qarabağ müharibəsində qələbə qazanmağımız İrandakı teokratik rejimin ciddi narahatlığına səbəb olub və bunu artıq açıq şəkildə də nümayiş etdirir. Özünü müsəlmanların müdafiəçisi adlandıran, İslam dəyərlərini “dönmədən” qoruduğunu hər fürsətdə dilə gətirən İran təcavüzkar Ermənistanın məğlubiyyəti ilə razılaşmaq istəmir. Şimal qonşusu Azərbaycandakı din qardaşlarının müstəqil dövlət qurmasını, düşmən qüvvələrlə 30 illik mübarizədə qazandığı qələbə ilə regiona yeni geosiyasi reallıq gətirməsini həzm edə bilməyən rəsmi Tehran Arazın o tayında əzələ nümayiş etdirir, ölkəmizi qorxutmağa çalışır. 
Əslində, İran həmişə şimaldan əsən küləkdən əndişə duyub, xoflanıb. Hər dəfə dünya azərbaycanlılarının Ana Vətənə toplanmasını təlaşla izləyib, türk dilində danışmağı İrandakı rejimin sütunlarına təhdid kimi qiymətləndirib. Qonşu dövlət anlamalıdır ki, 50 milyonluq azərbaycanlının təmsilçilərinin bir yerə toplaşması onun fundamental bəşəri hüququdur və bunu hansısa dövlətə qarşı siyasi faktor kimi qiymətləndirmək siyasi naşılıqdır. Bununla yanaşı, nə qədər gizlətsələr də, əhəmiyyət verməsələr də, fakt faktlığında qalır– İranda 35 milyondan artıq azərbaycanlı yaşayır. Azərbaycandakı türklər isə Arazın o tayındakı soydaşlarının taleyinə biganə qala bilməzlər. 
Azərbaycan İranla hər zaman münasibətlərə xüsusi önəm verib. Lakin rəsmi Bakının mehriban qonşuluq siyasəti yürütməsinə baxmayaraq, bu gün islam dövləti məqsədyönlü və açıq şəkildə Azərbaycana qarşı düşmənçilik mövqelərini davam etdirir. İrandakı bəzi siyasətçilər və ayrı-ayrı rəsmi şəxslər ortalığa reallıqdan uzaq belə bir iddia atıblar ki, guya  Azərbaycanda din azadlığı və İslam dəyərləri qorunmur. Bundan başqa, rəsmi Tehran Azərbaycanı Cənubi Qafqazda özünə düşmən saydığı ölkələrin güclənməsinə yol açan layihələri reallaşdırmaqda günahlandırır. Əslində, İranın məqsədi aydındır. Cənub qonşumuz ölkəmizdə süni problemlər yaratmaq istəyir.  Azərbaycanda ifşa olunan bəzi dini - ekstremist qruplaşmaların İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmələrinin aşkarlanması da bunu təsdiqləyir. 
Xatırladaq ki, Prezident İlham Əliyev ADA Universitetində səsləndirdiyi, beynəlxalq aləmdə də böyük maraqla qarşılanan çıxışında Azərbaycanın prinsipial mövqeyini qətiyyətlə açıqladı. Dövlət başçısı bildirdi ki, Azərbaycan hər zaman ona qarşı yönəlmiş bəyanatlara və hərəkətlərə uyğun cavab verəcək: “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən, İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.
Azərbaycan lideri bu mesajı verməklə bir daha göstərdi ki, dünyada böyük nüfuz qazanmış, iqtisadi, siyasi cəhətdən güclü, eləcə də qüdrətli orduya malik Azərbaycanla heç kim güc və təhdid dili ilə danışa bilməz. 

 

S.ELAY,
“Xalq qəzeti”

26 Noyabr 2022 06:17 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə