Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Fransanın vasitəçilik missiyasına şans tanımır

Bizim şərh

Prezident İlham Əliyevin adlandırdığı kimi desək, bir bacı görüşdə o biri bacının da iştirakını istəyib. Bacılar deyiləndə söhbət Fransa və Ermənistandan gedir. Görüşə gəldikdə, Azərbaycan və Ermənistan liderlərinin bu il dekabrın 7-də keçirilməsi nəzərdə tutulan Brüssel raundu nəzərdə tutulur. O raund ki, orada, ənənəvi olaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də iştirak edirdi və kifayət qədər uğurlu format sayılırdı. 


Bəli, Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel raunduna Makronsuz qatılmayacağını deyir. Azərbaycan Prezidenti dünən ADA Universitetində keçirilmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı bunları bildirməklə yanaşı, üçtərəfli təmas formatının gələcək taleyinə də aydınlıq gətirdi: “Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.

Bəli, Bakı Fransanın  Azərbaycanla Ermənistan arasındakı münaqişəli durumla bağlı vasitəçilik missiyasını yerinə yetirməsinə razı deyil. Səbəb çox sadədir. Parisin danışıqlardakı mövqeyi, belə demək mümkünsə, klassik ermənipərəstlik musiqisinin notlarına köklənib. Halbuki Azərbaycan Fransaya ədalətli olmaq şansını vermişdi. Bu baxımdan 
2022-ci ilin əvvəlinə qayıtmaq istərdik. Yada salaq ki, bu il fevralın 4-də Fransanın dövlət başçısı Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin,  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilmişdi. Doğrudur, həmin görüşdə Makron ölkəsini Avropa İttifaqına sədrliyi həyata keçirən tərəf kimi təmsil etmişdi. Hər bir halda bu, Paris üçün şans idi. Birinci şans.  
Daha sonra oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Azərbaycan, Fransa və Ermənistan liderlərinin, habelə Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə dörtərəfli görüş baş tutdu. Həmin toplantıdan bir həftə keçməmiş Makron özünün əsl simasını ortaya qoydu. Cənab İlham Əliyevin də bildirdiyi kimi, Praqadakı görüşdən sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Dövlətimizin başçısı oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışı zamanı vurğuladı ki, Makron həmin bəyanatlarda Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. 
Bir məqamı da qeyd edək ki, bu il noyabrın 12-də Makronun Prezident İlham Əliyevə telefon zəngi olmuşdu. O, noyabrın 19-da Tunisin Cebra şəhərində keçiriləcək Beynəlxalq Frankofoniya Təşkilatının sammiti çərçivəsində Ermənistanın baş naziri ilə görüşəcəyi barədə məlumat vermiş, Fransanın iki Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini ifadə etmişdi. 
Prezident  İlham Əliyev isə bu prosesdə bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın vacibliyini vurğulamış, həmçinin Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatların münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyətli tərəflərini diqqətə çatdırmışdı. 
Yeri gəlmişkən, Frankofoniya təşkilatının məlum sammitində Azərbaycana qarşı hansı təxribatların hazırlandığı da məlumdur. Sammitə hazırlıq mərhələsində Fransanın birbaşa dəstəyilə Zirvə Görüşünün yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək, üzv dövlətlərin müzakirəsinə təqdim olundu. Lakin sənəd layihələrinin müzakirəsi mərhələsində bir neçə üzv dövlətin müdaxiləsi nəticəsində ölkəmizə qarşı sözügedən ifadələr mətnlərdən çıxarılaraq, layihələrdə Azərbaycanı birbaşa hədəfə alan hər hansı ifadəyə imkan verilmədi. Azərbaycan Prezidenti məsələ ilə bağlı fikirlərini noyabrın 23-də Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş toplantıdakı çıxışında bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Bu təxribatın müəllifi Ermənistana himayədarlıq edən Fransa idi: “Frankofoniya təşkilatında olan dostlarımızın, – onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, – səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa–Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir”.
Göründüyü kimi, Makronun Bakı ilə İrəvan arasında vasitəçilik etmək istəyi riyakarlıqdır, səmimiyyətdən uzaqdır. O hesab edir ki, özünün ani fürsətçilliyə hesablanmış diplomatiyası ilə Ermənistanın xeyrinə nələrisə edə biləcək. Əslində isə, Fransa prezidenti bu sayaq davranışlarla dünyada qeyri-ciddi dövlət başçısı imici formalaşdırıb. Təsəvvür edin ki, bir adama öz ölkəsində prezidentliyi dönəmində iki dəfə sillə vurulub. Hələ bu, sillələrin kameralara yansıyanıdır. Və onu da təsəvvürə gətirin ki, belə bir şəxs qolunu Azərbaycanla Ermənistan arasındakı kifayət qədər mürəkkəb səciyyə daşıyan konfliktin həllinə çırmayıb. Hələ biz Fransanın artıq ölü quruma çevrilmiş ATƏT-in keçmiş Minsk qrupu formatında heç bir iş görmədiyindən, daha doğrusu, görə bilmədiyindən danışmırıq. Əlqərəz, Makron keçmişin dərslərindən nəticə çıxarmır. 
Bəli, Makron da, onun bacısı Paşinyan da keçmişin dərslərindən nəticə çıxarmaq niyyətindən uzaqdır. Bu, ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına dair gözləntiləri alt-üst edir. Cənab İlham Əliyev də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusundakı beynəlxalq konfransda Paşinyanın Brüssel görüşündə Makronun iştirakı tələbini irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirib. “Bütün bunlar nəzərə alınsa, aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görək, vasitəçi rolunu kim həyata keçirəcək və bu hansı platformada baş tutacaq?”, – deyə Prezident İlham Əliyev vurğulayıb. Dövlətimizin başçısının bu fikri həm də onu göstərir ki, İrəvan kifayət qədər uğurlu nizamlama formatı sayılan Avropa İttifaqının vasitəçiliyi missiyasından da üz döndərir. Halbuki məhz bu missiyanın sülhə doğru aparacağını düşünmək üçün əsaslar var idi. Ən azından hər iki ölkə məhz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə bir-birilərinin ərazi bütövlüklərini tanımış, imzalarıyla təsdiqləmişdilər. 
Onu da qeyd edək ki, hazırda Azərbaycan–Ermənistan münasibətləri baxımında yalnız Rusiya missiyası var ki, N.Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də İrəvanda keçirilmiş sammiti zamanı onu da heçə saydı.  Erməni baş nazir KTMT-nin yekun sənədlərində Bakını guya təcavüzkar kimi göstərmək istədi. Bu baş tutmayanda hiddətini elə həmin toplantıdakı çıxışında ortaya qoydu və sənədləri imzalamadı. Bundan sonra Ermənistanın hakim siyasi dairələrində KTMT üzərindən olsa da, əslində Moskvaya qarşı yönəldiyi şübhə doğurmayan fikirlər gündəmə gəldi. Bu baxımdan Ermənistan parlamentinin spikeri Alen Simonyanın “müttəfiqlərimiz Qafqazdan gedirlər” tipli bəyanatını vurğulamaq yerinə düşər. Görünür, İrəvan “gedənlərin” yerini Makronla doldurmaq niyyəti güdür. 
Sonda vurğulayaq ki, erməni baş nazirin Makronsuz növbəti Brüssel raundunda iştirak etməyəcəyini bildirməsi onu göstərir ki, rəsmi İrəvan Parisə güvənərək, Cənubi Qafqaz üçün sülh perspektivlərini dalana dirəməkdə israrlıdır. Bu yerdə Azərbaycan Prezidenti cənab İlham
Əliyevin noyabrın 8-də Şuşada Ermənistanın mövcud hakimiyyətinə xitabən söylədiyi, İrəvan üçün təbil zəngi effekti verən fikrini xatırlayaq və yazıya nöqtəni qoyaq. “Onlar bunu anlamalıdırlar ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər”.

 

“Xalq qəzeti”nin analitik qrupu

 

26 Noyabr 2022 06:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə