Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

KTMT-nin Ermənistan sammitində də uduzan İrəvan oldu

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də keçirilmiş İrəvan sammiti Ermənistan üçün tam fiasko ilə nəticələndi. Baş nazir Nikol Paşinyanın qurumu Azərbaycanla münaqişəyə çəkmək istəyi puç oldu. O, ölkəmizin Ermənistan ərazisinə guya təcavüz etdiyini iddia edir və buna KTMT-nin rəsmi siyasi mövqe ortaya qoymasının zəruriliyini əsaslandırmaq istəyirdi. Paşinyanın məqsədinə çatmaq üçün irəli sürdüyü arqumentlər çox bəsit təsir bağışlasa da, hər halda, bu, erməni baş nazirin sadəlövhlüyündən qaynaqlanmırdı. 


Paşinyan, böyük ehtimalla üzv ölkələrin Azərbaycanla dost münasibətlərdə olduğu bir təşkilatın Bakıya cəbhə açacağını bilməmiş deyildi. Bilirdi və çalışırdı ki, qurumun faydasızlığına dair rəy formalaşdırsın. Beləliklə də Azərbaycanla Ermənistan arasındakı gərginliyin aradan qaldırılması üçün kənar aktorların da cəlbi üçün ehtiyacın yarandığı görüntüsünü formalaşdırsın. 
Nikol mövcud istiqamətdəki addımlarını öz aləmində kompleksləşdirmək üçün hətta erməni cəmiyyətinin də anti-KTMT və anti-Rusiya ovqatını “işə salmışdı”. İrəvanda mitinqlərin təşkilini, orada Kremlə münasibətdə xoşagəlməz şüarların səsləndirilməsini, lövhələrin qaldırılmasını buna misal göstərmək olar. Əslində, Ermənistanın baş naziri belə davranışları ilə ortaya çox böyük məntiqsizlik də qoymuşdu. 
Sual yaranır: necə olur ki, Nikolun bir müddət əvvəl Xankəndidə düzüb-qoşduğu mitinqdə Rusiya Qarabağ ermənilərinin nicat yolu, öz haqlarına qovuşduran qüvvə kimi göstərilir, üstəlik, bölgəyə Kremlin emissarı Ruben Vardanyan adlı “pul kisəsi” də göndərilir, rus sülhməramlıları təhlükəsizliyin qarantı olaraq vurğulanır, İrəvanda isə tam əks-proseslər gedir, Moskva “şər yuvası” qismində qələmə verilir? Nəticəyə gəlmək olar ki, ya Qarabağdakılar erməni deyillər, ya da İrəvandakı ermənilərin Xankəndidəkilərə aidiyyəti yoxdur. 

Bəli, Azərbaycan tərəfi olaraq, biz ikinci variantı seçirik və deyirik ki, Qarabağ erməniləri ölkəmizin vətəndaşlarıdır. Bir halda ki, Paşinyan öz avantürası üçün onları fərqləndirir, insan hüquq və azadlıqları barədə nağıllar danışaraq manipulyasiya yolu tutur, deməli, bu insanlara sahib çıxan yoxdur, taleyin ümidinə buraxılıblar. 
Bir məqam da var ki, hazırda nəinki Azərbaycan ərazilərində məskunlaşmış ermənilər, bütövlükdə, Ermənistan taleyin ümidinə buraxılıb. Tale isə Paşinyanın şəxsində ölkəyə çox pis üzünü göstərməkdədir. Əslində, KTMT müstəvisindəki siyasi məğlubiyyət də bu reallığı bir daha ortaya qoydu. Qurumun İrəvan sammitində ayrı-ayrı ölkə liderlərinin səsləndirdikləri fikirlər isə onu deməyə əsas verir ki, onların ali səviyyədə İrəvana toplaşması, əslində, Ermənistanı qəflət yuxusundan ayıltmaq mesajı idi. Yazımızın növbəti bölümündə bu mesajın incəliklərinə diqqət yetirəcəyik. Əlbəttə, Paşinyan administrasiyası məsələdən nəticə çıxarmamaqda, bundan sonra da israrlı olmaqda davam edə bilər. Seçim özünündür...
***
Həqiqətən, ilk baxışdan sual yaranır ki, KTMT egidası altında Rusiya Prezidenti Vladimir Putin başda olmaqla, postsovet məkanının başlıca simalarının İrəvana toplanmasında məqsəd nə idi? Tamam, aydındır ki, prosedur qaydalarına uyğun olaraq, qurumun iclasları keçirilməlidir və s. Amma, ilk baxışdan, maraqlı vəziyyət yaranır. Dediyimiz kimi, iclasa toplaşanlar elə-belə adamlar deyildilər. Onlar İrəvana yollanmazdan öncə yaxşı bilirdilər ki, böyük ölçüdə, Paşinyanın avantürasını eşitməyə gedirlər. Erməni baş nazirə cavabları da məlum idi. Belarus Prezidenti Aleksandr Lukaşenko Paşinyanı uşaq yerinə qoyan çıxışında əbəs yerə bildirmədi ki, sammitə toplaşanların hər birinin fikrini ifadə edir. 
Lukaşenko, əslində, Putinin Ermənistan liderinə demək istədiklərini özünün üslubuna xas bir şəkildə dilə gətirdi. “Hesab edirəm ki, hamının fikrini ifadə edirəm. Biz uzaq deyilik. Burada Nikol Vovayeviç (Ermənistanın baş naziri Nikol Paşinyan – red.) deyir ki, Azərbaycanı təcavüzdən daşındırmadıq. Ancaq biz reaksiya verməliyik və reaksiya verməyə hazırıq”, – deyən Belarus lideri onu da bildirdi ki, Qərb dairələri Rusiya Federasiyasının perimetri boyu bütün cəmiyyətləri silkələməyə çalışırlar. Onun sözlərinə görə, əvvəlcə Ukrayna alovlandı, 2020-ci
ildə Belarusu məhv etmək istədilər, bu ilin yanvarında Qazaxıstanda gərginlik yaşandı, indi isə gündəlikdə Ermənistanla Azərbaycan arasındakı münaqişədir. 
Bu yerdə vurğulayaq ki, Rusiya Prezidentinin İrəvan sammitindəki çıxışı iki məqama köklənmişdi ki, bunlardan birincisi, Azərbaycanla Ermənistan arasındakı gərginliyin aradan qaldırılmasında bilavasitə Moskvanın həlliedici rol oynadığının, KTMT-nin prosesə qoşulmadığının vurğulanması idi. İkinci məqam isə Paşinyanın KTMT-nin səmərəsizliyi ritorikasına cavab mahiyyəti daşıyırdı. Putin demək istəyirdi ki, qurum kifayət qədər effektiv fəaliyyət göstərir, onu gözdən salmaq cəhdləri mənasızdır. 
Bəli, KTMT, doğrudan da, işləyir və hazırda Rusiyanın orbitindəki güc strukturu olaraq effektivliyini qorumaqdadır. Deməli, qurumun Ermənistandakı sammitinin postsovet liderlərinin İrəvanda yeyib-içməyə toplandıqları ab-havası aysberqin görünən tərəfidir. Burada Kreml rəhbərinin üç məqsədinin olduğu nəzərə çarpır: 
1. Rusiya Qərblə davam edən qarşıdurma kontekstində müttəfiqlərini konsolidasiya etməyə çalışır. Bu, asan məsələ deyil. Çünki KTMT-yə üzv ölkələr ABŞ, Avropa Birliyi və Ukrayna ilə bağlı yanaşmalarındakı bütün detalları Moskva ilə bölüşə bilməz, bölüşmək istəmir. Baxmayaraq ki, onların bir çoxu Rusiya ilə həm iqtisadi sahədə, həm də təhlükəsizlik sahəsində tərəfdaşdır.
2. Ermənistan–Azərbaycan münaqi-
şəsinin həlli ilə bağlı Soçi sammitindən sonra Moskva üçün əldə edilmiş nəticənin möhkəmlənməsi vacibdir. Avropa Birliyi və ABŞ sülh prosesini sürətləndirməyə başladıqdan sonra belə bir təəssürat yarandı ki, Rusiya arxa plana keçir. Kreml, təbii ki, bu cür qiymətləndirmələrlə razılaşmır. Moskva həm İrəvana, həm Bakıya, həm də Qərbə göstərmək istəyir ki, Ukraynadakı uğursuzluq onun Qafqaz “oyunu”ndan çıxması demək deyil.
3. Putin dünyaya Cənubi Qafqaz bölgəsi üzrə münaqişəli duruma KTMT-nin də qoşula bilməsi ehtimalını göstərir. Bunun üçün zəminin elə Qərbpərəst Ermənistanın özünün hazırladığını nümayiş etdirir. Loru dildə desək, təxminən belə: biz gəldik, vəziyyəti dəyərləndirdik, getdik. Baxın, pis kökdə olan, yardım istəyən sizin adamdır. Əgər durumu gərginləşdirmək istəsəniz, bunun üçün bizim əlimizdə daha böyük imkanlar var. 

***
Təbii, Putin bu yerdə KTMT-də
təmsil olunan digər dövlətlərin Azərbaycana qarşı çıxmayacağı reallığını da bilməmiş deyil və heç bir halda, onların üstünə getməyəcək. Onun, hələlik, istədiyi görüntü idi ki, onu da tam şəkildə yaratmağı bacardı. Təsadüfi deyil ki, siyasi analitiklər KTMT-nin Ermənistandakı sammitini Moskvanın İrəvana atdığı “siyasi desant” məclisi kimi dəyərləndirirlər. 
Putin, eyni zamanda, Paşinyanın oyun qurduğunu yaxşı anlayır. Bilir ki, Ermənistan lideri hansısa formada Qərbi ölkəsi ilə Azərbaycan arasındakı ziddiyyətlərin vasitəçisinə çevirmək niyyətindədir. Bu isə Kremlin Cənubi Qafqazdan uzaqlaşdırılması anlamı verən baxışdır və bu baxış adi məsələ deyil. Çünki Rusiya bölgə üzrə kommunikasiyaların açılmasında maraqlıdır və bunu həmişə bildirir. Qarabağdakı Rusiya sülhməramlıları isə bu mənada kiçik jandarmeriya rolunu oynayırlar. Yəni ilk baxışdan sülhməramlıdırlar, əslində isə onlar heç də bölgədəki beş-altı ermənini qorumaq niyyətində deyillər. Putin rasional siyasətçidir, əsasən ölkəsinin bölgənin yeni reallıqları daxilindəki maraq və mənafelərini düşünür. İndiki halda, buna qarşı çıxan və regiona yeni oyun qaydaları dürtmək istəyən Ermənistandır. 
Bəli, Putin İrəvan sammitində, başlıca olaraq, Qərbə həm də onu göstərdi ki, Ermənistandakı anti-Rusiya təmayülünə rəğmən bu ölkə onun marağındadır. Yəni belə demək mümkünsə, səni sevəcəyəm, sən sevməsən də. Buna alternativ olaraq həyata keçirilən hər bir xətt isə yekunda həm də Ermənistanın dövlətçiliyinin yox olmasıdır. Bu yerdə xatırladaq ki, Azərbaycan əsgəri Bala Göyçədədir. O əsgər, eyni zamanda, Göyçəni görür. Oradan isə tarixi Azərbaycan torpağı olan İrəvana məsafə çox da uzaq deyil. O İrəvana ki, Yerevan adı ilə hazırda Rusiya üçün üzqarasına çevrilmiş Ermənistana vaxtilə Azərbaycan tərəfindən paytaxt kimi peşkəş edilib.

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

 

26 Noyabr 2022 05:36 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə