Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNESCO öz prinsiplərindən açıq şəkildə yayınır

Yaxud 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna Azərbaycanın qeyd-şərti nədən ibarətdir?

Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör!
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Zəngilan, 23 dekabr 2020-ci il


Azərbaycanın BMT tərəfindən tanınmış ərazilərinin düşmən işğalından azad edilməsi üçün apardığı ədalətli müharibə, haqlı mübarizə iki ildir ki, geridə qalıb. Dünyanın bütün ölkələri və beynəlxalq təşkilatlar həmin müharibənin nəticələrini yeni reallıqlar kimi tanısa da, Avropada Fransa, Asiyada İran, beynəlxalıq aləmdə isə UNESCO hələ də Ermənistanın mövqeyini dəstəkləməkdə davam edirlər. 


Fransanı başa düşmək olar. Bu ölkənin rəhbərləri erməni seçicilərin dəstəyinə daim ehtiyac hiss etdiklərinə görə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, bütün prezidentlər “ermənipərəst” olurlar. İranın da mövqeyi aydındır. Rəsmi Tehran Zəngəzur dəhlizinin açılmasını Türk dünyasının birləşməsi və qüdrətlənməsi, Turan Birliyinin yaranması kimi qəbul edir. Ona görə də Tehran nəinki İkinci Qarabağ müharibəsinin nəticələrini tanıyır, hətta üçüncü Qarabağ müharibəsinin törədilməsi üçün də İrəvanı “körükləyir!” 
Bəs UNESCO-nun dərdi nədir? “Harası ağrıyır” ki, bütün dünyanın gözü qabağında viranəyə çevrilmiş ərazilərimizə hansısa missiya göndərmək istəmir? Avrasiyanın istənilən ölkəsindən gəlib işğaldan azad edilmiş ərazilərimizi görən siyasətçi, diplomat, səyyah və ya mətbuat təmsilçiləri Ağdamı “Qafqazın Xirosiması” adlandırır, UNESCO isə belə bir faktı tanımaq istəmir. Nə üçün? Axı Azərbaycan dövləti, xüsusən ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Fondu bu qurumla uzun illər səmərəli əməkdaşlıq etmiş və BMT-nin mühüm təsisatlarından olan UNESCO-nun fəaliyyətinə kifayət qədər dəstək vermişdir. 
Biz hələ 44 günlük müharibədən xeyli əvvəl bilirdik ki, işğalda olan ərazilərimiz tamamilə xarabalığa çevrilib və gözləyirdik ki, “dostumuz, tərəfdaşımız” olan UNESCO gəlib onları görəcək və ermənilərin vandallıqlarına lazımi qiyməti verəcəkdir. Gözlədiklərimiz olmadı. Sən demə, biz UNESCO ilə səmimi və sadiq dostluq edəndə, erməni lobbisi məkrli şəkildə həmin qurumu maliyyələşdirməklə məşğul imiş. İndi həmin quruma fransalı kino- animasiya mütəxəssisi rəhbərlik etdiyinə görə, hətta UNESCO BMT prinsiplərinə belə tüpürür. 
Əlbəttə, Birləşmiş Millətlər təşkilatı kimi mötəbər beynəlxalq təşkilatın əsas təsisatlarından olan bir qurumun BMT prinsiplərindən yayınmasını dilə gətirmək kifayət qədər məsuliyyətli məsələdir. Ancaq neyləyəsən, fakt göz qabağındadır. 
Bir faktı yada salaq: “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına dair İkinci Protokola Azərbaycan Respublikasının qoşulması barədə 12 dekabr 2000-ci il tarixli Azərbaycan Qanunu var. Sən demə, orada yazılıb ki, biz bu sənədə öz qeyd-şərtimizlə qoşuluruq. 
Bu məqamı bir az da dəqiqləşdirək: “ Azərbaycan Respublikası “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına dair 1999-cu il martın 26-da Haaqa şəhərində imzalanmış İkinci Protokola qeyd-şərt ilə qoşulsun”.
Bəs həmin qeyd-şərt nədən ibarətdir? Cavab: “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına İkinci Protokol"a dair Azərbaycan Respublikasının qeyd-şərti: “Azərbaycan Respublikası "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına İkinci Protokol"un 9-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "işğal olunmuş ərazinin səlahiyyətli milli orqanları" dedikdə, Protokolun iştirakçısı olan Tәrәfin bütün ərazisində yerləşən mədəni sərvətlərin qorunması məsələləri ilə məşğul olan mərkəzi dövlət orqanını başa düşür”. 
Burada biz iki mühüm məqamı vurğulamaq istəyirik. Birinci, ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, beynəlxalq təşkilatlar ikili standartlardan əl çəkə bilmirlər və ona görə də Azərbaycanın həmin protokola öz qeyd-şərti ilə qoşulmasını vacib sayırdı. İkinci, böyük siyasi uzaqgörənlik nümayiş etdirən ümummilli lider haqlı olaraq belə düşünürdü ki, silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması adı ilə Qarabağ və Şərqi Zəngəzurdakı mədəni abidələrimizin qorunmasını ermənilərə, UNESCO-ya və ya başqa bir beynəlxalq təşkilata həvalə edə bilərlər. Ona görə də əvvəlcədən rəsmiləşdirirdi ki, həmin abidələrin qorunmasını məhz Azərbaycan tərəfi reallaşdırmalıdır.
Yeri gəlmişkən, bu işlərin reallaşdırılmasının UNESCO-nun indiki rəhbərliyinə etibar edilməsi qətiyyən mümkün deyil. Çünki bu qurumun baş direktoru xanım Odri Azula 2018-ci ilin noyabrında Parisdə – UNESCO-nun mənzil-qərargahında Ermənistan Prezidenti Armen Sarqsyanla görüşdə elə bir saxtakarlıq etmişdi ki, o səviyyəni heç bir beynəlxalq təşkilatın sədri özünə rəva görməzdi. 
Belə ki, Azərbaycan ərazilərinin 20 faizini viranəyə çevirmiş, 60-dan çox məscidi, onlarca tarixi və mədəni abidəni yer üzündən silmiş Ermənistanın rəhbəri ilə danışanda bütün bu faktları “unudan” Azula, azərbaycanlıların nə zamansa diqqətdən kənarda saxladığı Gümrü mədəniyyət abidələrinin bərpa və qorunmasının vacibliyini vurğulamışdır. Halbuki indi kosmosdan yer səthinə nəzarət edə bilməyən ölkə yoxdur və hamı görür ki, Qarabağ və Şərqi Zəngəzur ərazilərindən sanki vəhşi qəbilələr keçmişdir. 
Bəli, UNESCO-nun indiki rəhbərliyinə nəinki etibar etmək olmaz, hətta onlarla birgə fəaliyyət göstərmək də mümkün deyil. Məhz elə ona görə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun baş direktoru Odri Azulaya məktub ünvanlayıb. Başı daim məkrli və qara işlərə qarışmış Azula bəlkə də indiyə qədər belə mədəni, diplomatik və səmimi məktub görməmişdi. 
Həmin məktubda 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə ətraflı məlumat verilib. Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə Birinci vitse-
prezidentin fəal cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb. 
Dövlət başçımız bu ilin aprel ayında demişdi ki, otuz ildir biz UNESCO-dan işğal olunmuş ərazilərə gəlməyi və şahid olduqlarını bildirməyi xahiş edirdik. Onlar həmişə imtina edirdilər. İkinci Qarabağ müharibəsindən bir il və ya ola bilsin, il yarım əvvəl bizim ovaxtkı xarici işlər naziri UNESCO-da idi və bu sualı onlara vermişdi. Cavab isə belə oldu ki, UNESCO siyasi məsələlərlə məşğul olmur.
Halbuki bu qurumun Ermənistana verdiyi dəstək və ya göstərdiyi münasibət sırf siyasi xarakterlidir. Yəni onların başını islamofobiya, türkofobiya hədyanları ilə elə doldurublar ki, müharibənin bitməsindən iki il ötməsinə baxmayaraq, hələ də ayıq başla düşünə bilmirlər. Amma unutmasınlar ki, Prezident İlham Əliyevin siyasət və diplomatiyası çox dumanlı başları ayıldacaqdır.

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

26 Noyabr 2022 05:31 - SİYASƏT
SİYASƏT
29 Yanvar 2023 | 15:00
Terrordan sonrakı terror...

Köhnə versiyamızdan xəbərləri izlə