Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Azərbaycanın Macarıstanı “yaşıl” elektrik enerjisi ilə təmin etmək layihəsi həyata vəsiqə qazanıb"

Emin BAĞIROV,
AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru 


Bərpaolunan enerji mənbələrinin reallaşdırılmasından danışarkən, ilk növbədə, Prezident İlham Əliyevin cari il  iyunun 1-də 27-ci Beynəlxalq Xəzər Neft və Qaz   sərgisinin açılış mərasimindəki çıxışından bir məqamı xatırlatmaq istərdim. Dövlətimizin başçısı həmin nitqində təəssüflə bildirib ki, Azərbaycanın mühüm tranzit ölkə kimi imkanları indiyədək potensial tədarükçülər tərəfindən lazımi səviyyədə qiymətləndirilməyib. “Düşünürəm ki, indi onlar fikirlərini dəyişiblər, çünki hamı başa düşür ki, diversifikasiya enerji təhlükəsizliyinin mühüm amillərindən biridir. Biz enerji strategiyamızın ilk günündən şaxələndirmə üzərində çalışırıq. Ona görə də biz ixrac marşrutlarını şaxələndirmişik. Müxtəlif istiqamətlərdə üç neft kəməri, müxtəlif istiqamətlərdə dörd qaz kəməri, elektrik xətlərimiz var və qonşu ölkələrə elektrik enerjisi ixrac edirik”, - deyə, dövlət başçısı bildirib.


Ölkə rəhbəri, həmçinin Azərbaycan tərəfindən Avropaya da elektrik enerjisinin ixracının planlaşdırıldığını qeyd edib. Dövlət başçısı bunun üçün respublikamızın təkcə yüklərin deyil, həm də elektrik enerjisinin nəql edilməsi üçün vacib nəqliyyat marşrutu ola biləcək Zəngəzur dəhlizini aktivləşdirmək istədiyini söyləyib. Prezident İlham Əliyev hazırda bu məsələ üzərində işlənildiyini və artıq praktiki investisiyalara başlanıldığını vurğulayıb. 
Qara dənizin dibi ilə elektrik enerjisinin Avropaya ixrac olunması layihəsi də bunun bariz ifadəsidir. Yeri gəlmişkən, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bir müddət bundan əvvəl mətbuata açıqlamasında bəyan edib ki, ölkəsi Azərbaycandan “yaşıl” elektrik enerjisi təchizatına qoşulmağı planlaşdırır.  
Beləliklə, Azərbaycanın Macarıstanı  “yaşıl” elektrik enerjisi ilə təmin etmək layihəsi həyata vəsiqə qazanıb. Bununla da Macarıstan Qara dənizin dibi ilə Azərbaycandan elektrik enerjisi idxalını planlaşdırmaq qərarına gəlib.
Yeri gəlmişkən, bu məsələ barədə Prezident İlham Əliyevin noyabrın 23-də Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində müzakirə edilən iqtisadi layihələr arasında elektrik enerjisinin verilişi ilə bağlı məsələlərə də xüsusi diqqət yetirilib. Çünki Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən böyük bir Avropa layihəsinin gerçəkləşdirilməsinin artıq vaxtı çatıb. Ona görə də dövlət başçımızın səfər çərçivəsində Serbiya Prezidenti ilə görüşündə Avropadan olan tərəfdaşlarımızın bu layihəyə qoşulması barədə fikir mübadiləsi aparılıb. 
Xatırladaq ki, bu layihədə diqqətçəkən məqam elektrik xəttinin suyun altından çəkilməsi ilə bağlıdır. Perspektivdə xəttin Qara dənizin altından keçməsi Serbiyanın paylayıcı şəbəkəsinin Rumıniya və Macarıstanın paylayıcı şəbəkəsinə uğurla qoşulmasını zəruri edir. Bu, Serbiyanın gələcəkdə təhlükəsiz şəkildə elektrik enerjisini almaq imkanını şərtləndirir və onun elektrik enerjisi ilə bağlı tam təhlükəsizliyini gerçəklədirir. 
Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, belə bir mürəkkəb, eyni zamanda, mühüm layihə Serbiya kimi etibarlı bir tərəfdaşın sənaye istehsalının genişlənməsini və əhalisinin  artan ehtiyaclarının ödənilməsini şərtləndirir. 

26 Noyabr 2022 02:14 - İQTİSADİYYAT
İQTİSADİYYAT
30 Yanvar 2023 | 09:14
Neft ucuzlaşıb
28 Yanvar 2023 | 06:28
Vahid reyestr yaradılacaq
28 Yanvar 2023 | 06:17
Əməkdaşlığa mühüm töhfə
27 Yanvar 2023 | 09:57
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə