Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Avropanı “yaşıl enerji” ilə də təmin edəcək

Azərbaycan zəngin elektrik enerjisi potensialına malikdir. Belə bir gücün mövcudluğunun və elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafının nəticəsidir ki, respublikamız hazırda dünya miqyasında nadir ölkələrdən biri kimi, öz enerji təhlükəsizliyinin təminatını tamamilə reallaşdırır. Əlbəttə, bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji siyasətinin uğurla həyata keçirilməsinin məntiqi ifadəsidir. Respublikamızda elektrik enerjisi istehsalında nəzərə çarpan müsbət dinamika statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, cari ilin 9 ayı ərzində 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə elektrik enerjisinin istehsalı 807 milyon kVt•st artımla 21,5 milyard kVt•st, ixracı isə 775,5 milyon kVt•st artaraq 1,8 milyard kVt•st təşkil edib. Türkiyəyə 940,5 milyon kVt•st, Gürcüstana 694,1 milyon kVt•st, İrana 95,6 milyon kVt•st, Rusiyaya 75,6 milyon kVt•st elektrik enerjisi ixrac edilib.

Mütəxəssislər tərəfindən qarşıdakı dövrdə elektrik enerjisinin istehsal dinamikasının artıq bərpa olunan enerji mənbələrinə əsasən formalaşacağı vurğulanır. Bunun üçün zəngin potensialın, bərpa olunan enerjinin inkişafını prioritetləşdirən dövlət siyasətinin, yeni qanunvericilik bazası və xarici investisiyaların cəlbi kimi bütün zəruri şərtlərin mövcudluğu, habelə yeni elektrik enerjisi mənbələrinin işə salınacağı ilə yaxın gələcəkdə Azərbaycanda elektrik enerjisi istehsalının, həmçinin enerji ixracatçısı imkanlarının daha da artmasının gözlənildiyi bildirilir. Belə ki, təkcə ərəb şirkətləri ilə birgə reallaşdırılan bərpa olunan enerji layihələri çərçivəsində respublikada əlavə 470 meqavat saat gücündə əlavə enerji hasilatı imkanı yaranacağı proqnozlaşdırılır. 
Yeri gəlmişkən, bu gün ölkəmizdə bərpaolunan enerji layihələri sırasında     Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilən 240 meqavat gücündə külək elektrik stansiyası istismara veriləndən sonra bu sahədə istehsal göstəricisi daha yüksək səviyyəyə qalxacaq.  
Energetika Nazirliyinin açıqlamasına görə, gələn il ərzində sadalanan bu güclər Azərbaycanın enerji sisteminə daxil ediləcək. Bununla da respublikamızın elektrik enerjisi istehsalında və ixracında daha yüksək göstəricilər qeydə alınacaq. Üstəlik, işğaldan azad edilən ərazilərdə nəzərdə tutulan elektrik stansiyalarının işə salınması da respublikamızın elektrik enerjisi ilə ixrac imkanlarını artıracaq. 
Energetika Nazirliyinin hesabatına əsaslanıb qeyd edə bilərik ki, hazırda  Azərbaycanın quruda 26 meqavatdan çox külək və Günəş, Xəzər dənizində isə 157 meqavat həcmində külək enerjisi potensialı mövcuddur. Düşməndən təmizlənən ərazilərdə isə külək, Günəş və hidroenerji potensialı 10 meqavatdan çoxdur. 
Onu da deyək ki, respublikamızda göstərilən potensialdan yararlanmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının 2026-cı ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırılması proqnozlaşdırılıb. Bu isə ölkənin ixrac imkanlarının perspektivdə daha da genişlənəcəyini şərtləndirib.     
Sonda qeyd edək ki, bərpaolunan enerji mənbələrinin gerçəkləşməsi ilə bağlı həyata keçirilən bütün bu layihələr Azərbaycanın  xarici ölkələr üçün mühüm tranzit imkanlarını şərtləndirir. Eyni zamanda, respublikanın enerji təhlükəsizliyində diversifikasiya siyasətinin uğurla reallaşdırıldığını göstərir. Başqa sözlə, dövlətimizin enerji strategiyasında şaxələndirmənin diqqət mərkəzində saxlanılmasını təsdiq edir. 

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

 

26 Noyabr 2022 05:20 - İQTİSADİYYAT
İQTİSADİYYAT
30 Yanvar 2023 | 09:14
Neft ucuzlaşıb
28 Yanvar 2023 | 06:28
Vahid reyestr yaradılacaq
28 Yanvar 2023 | 06:17
Əməkdaşlığa mühüm töhfə
27 Yanvar 2023 | 09:57
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə