Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlverişli biznes mühiti iqtisadi inkişafa dəstəkdir

Azərbaycan Prezidenti  İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə noyabrın 21-də keçirilən tədbirdəki çıxışında son 19 ildə respublikamızın əldə etdiyi siyasi, sosial-iqtisadi uğurları vurğulamaqla bərabər, bu gün hələ də görüləsi işlərin çox olduğunu bildirib.  Dövlətimizin başçısı hazırda bir sıra məsələlərin həllinin, o cümlədən, biznes mühitinin yaxşılaşdırılmasının gündəlikdə durduğunu qeyd edib.   


Ölkə rəhbərinin diqqətə çatdırdığı bu məqamla bağlı danışmazdan əvvəl onu deyək ki, son illərdə aparılan məqsədyönlü siyasət nəticəsində qeyri-neft sənayesində özəl sektorun payı əhəmiyyətli dərəcədə artıb. Həyata keçirilən uğurlu struktur-institusional islahatlar nəticəsində ÜDM-də özəl sektorun xüsusi çəkisi 2019-cu ildə 85 faiz olub, pandemiya səbəbindən 2020-ci ildə bu göstərici 80,8 faizə ensə də, artıq keçən il 83 faizi ötüb. 
Bundan başqa, iqtisadiyyatda kiçik və orta biznesin dominantlığı xeyli yüksəlib. Xüsusilə dövlət investisiyaları hesabına yaradılan müasir iqtisadi infrastruktur kiçik və orta sahibkarlığın inkişafını sürətləndirib. Bu dövrdə qeydiyyatda olan kiçik və orta biznes subyektlərinin sayı 3,1 dəfə artıb, qeyri-neft-qaz sahəsinin ÜDM-də payı isə 23,7 faiz təşkil edib. Qeyri-neft-qaz ixracının 25,5 faizi kiçik və orta biznes subyektləri tərəfindən həyata keçirilib.  
Hazırda ölkədə inkişafın əsas qüvvəsi sahibkar olduğundan, dövlət bütün qüvvəsini və resurslarını rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin dəstəklənməsinə, eyni zamanda, biznes şəraitinin daha da yaxşılaşmasına yönəldir. Bu model biznesin inkişafını, bu sahədə yalnız bacarıqların bütün sahələrdə uğurun fundamental şərti olacağını diqtə edir. 
Biznesin bütün bazarlarda səmərəli fəaliyyəti üçün zəruri şərtlərin təmin olunması, iqtisadiyyata cəlb edilən investisiyaların, mülkiyyətçilərin mülkiyyət toxunulmazlığının, onların iqtisadi maraqlarının qorunması məqsədilə müəyyən layihələr gerçəkləşdirilir.
Şübhəsiz ki, sağlam və rəqabətli biznes mühiti üçün qanunun aliliyi önəmli amildir. Son illərdə səmərəli məhkəmə islahatlarının həyata keçirilməsi də məhz bu şərtin gerçəkləşməsini şərtləndirir. Başqa sözlə, belə bir tədbir sahibkarlıq fəaliyyəti ilə məşğul olanların mülkiyyətinin və maraqlarının səmərəli müdafiəsinə imkan yaradır, biznes mühitində izafi tənzimləməni optimallaşdırır.  Eyni zamanda, islahatlar təbii inhisar subyektlərinin rəqabətə mənfi təsirlərinin qarşısını alır və bütün bazarlarda rəqabəti gücləndirir. Nəhayət, dövlət satınalmalarında şəffaflığı  və səmərəliliyi artırır.  
Hazırda iş adamlarına əlverişli vergi şərtlərinin tətbiq ediləcəyi və digər fiskal stimulların veriləcəyi nəzərdə tutulur ki, bütün bunların nəticəsində biznes mühitinin daha da sağlamlaşdırılacağı, milli iqtisadiyyata etimadın artacağı və nəticədə böyük həcmdə daxili və xarici investisiyaların  reallaşacağı gözlənilir.  
Sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi, ünvanlılığı və şəffaflığının daha da gücləndiriləcəyi nəzərdə tutulur. Uğurlu ölkələrin təcrübələri əsasında biznes startaplarının və inkubatorlarının, ixracyönümlü istehsal, habelə xidmətlər üzrə biznes layihələrinin dəstəklənməsi mexanizmlərinin təkmilləşdirməsi məsələsi də diqqətdə saxlanılır. Bununla da sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin fəaliyyətləri stimullaşdırılır, xüsusilə kiçik və orta bizneslər üçün yeni maliyyələşmə mexanizmlərinin yaradılmasına əlverişli zəmin hazırlanır. 
Yeri gəlmişkən, yaxın gələcəkdə sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20-30 faizinin mikro, 35-45 faizinin kiçik və 25-35 faizinin orta sahibkarlara yönəldilməsi nəzərdə tutulur.  
Biznesin inkişafını stimullaşdıran məsələlərdən biri də rəqəmsal texnologiyaların tətbiqi imkanlarından səmərəli yararlanmaqdır. Buna görə hazırda bu cür texnologiyaların genişləndirilməsi üçün normativ hüquqi bazanın yaradılması və bu sahənin dövlət tərəfindən tənzimlənməsi istiqamətində iş gedir. Yeri gəlmişkən, rəqəmsal texnologiyaların inkişafı məqsədilə xüsusi fondların və inkişaf institutlarının fəaliyyət göstərmələri, bu əsasda yüksəksürətli mobil internet (5G texnologiyası daxil olmaqla), xüsusilə genişzolaqlı internet xidmətlərinin əhatəsinin 95 faizə çatdırılması nəzərdə tutulur.  
Bir sözlə, aqrar sektor, sənaye və xidmət sahələrində müasir texnologiyaların tətbiqi ilə biznesin məhsuldarlığı artacaq, həmçinin yeni iş yerləri  yaradılacaq. Eyni zamanda, dövlətin stimullaşdırıcı dəstəyi ilə bu sahələrin qlobal dəyər zəncirinə dayanıqlı inteqrasiyası təmin olunacaq. 
Burada onu da qeyd edək ki, ölkədə biznesin inkişafını dəstəkləyən infrastrukturun yaradılması, kiçik və orta biznesin müxtəlif sənaye parkları və məhəllələrinin, turizm və rekreasiya zonalarının  fəaliyyətinə cəlbinin sürətləndirilməsi, eyni zamanda, istehsal olunan məhsul və xidmətlərin xarici bazarlara ixracının stimullaşdırılacağı istiqamətlərində layihələrin gerçəkləşdirilməsi də planlaşdırılır.  
Sonda bildirmək istərdik ki, biznes mühitinin yaxşılaşdırılması ilə regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılacaq, əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcək. Bütün bunların nəticəsində isə proqnozlara əsasən, qeyri-dövlət sektorunda məşğul əhalinin payı 2021-ci ildəki 77,6 faizdən artaraq 80 faizə çatdırılacaq. 

 

V.Binyətoğlu,
“Xalq qəzeti”

26 Noyabr 2022 04:59 - İQTİSADİYYAT
İQTİSADİYYAT
30 Yanvar 2023 | 09:14
Neft ucuzlaşıb
28 Yanvar 2023 | 06:28
Vahid reyestr yaradılacaq
28 Yanvar 2023 | 06:17
Əməkdaşlığa mühüm töhfə
27 Yanvar 2023 | 09:57
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə