Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Büdcə layihəsi ikinci oxunuşda qəbul edildi

Noyabrın 25-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında spiker Sahibə Qafarova Milli Məclisin nümayəndə heyətinin noyabrın 20–24-də Kambocaya səfəri və burada Cənub–Şərqi Asiya Ölkələri (ASEAN) Parlamentlərarası Assosiasiyası Baş Assambleyasının 43-cü iclasında xüsusi qonaq qismində iştirakı barədə məlumat verib. O, bildirib ki, Assambleyanın plenar iclasında Azərbaycan, ABŞ və Nepal parlamentlərinə bu nüfuzlu təşkilatda müşahidəçi statusu verilməsi ilə bağlı təntənəli mərasim keçirilib.
 

O, mərasimdəki çıxışında Azərbaycanın apardığı müstəqil siyasət, irəli sürdüyü beynəlxalq təşəbbüslər, ölkəmizin iştirakı ilə həyata keçirilən transmilli nəqliyyat-enerji layihələri, dövlətimizin BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyi barədə iştirakçılara məlumat verib. Sahibə Qafarova bir il əvvəl Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə təsis edilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi vurğulayıb ki, yeni qurum digər parlament təşkilatları ilə fəal əlaqə qurmağa və ümumi hədəflərin əldə olunmasına töhfə verməyə hazırdır. 
Tədbir çərçivəsində Cənub–Şərqi Asiya ölkələri qadın parlament üzvlərinin görüşü də keçirilib. Milli Məclisin Sədri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının nəticələri, Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən  bərpa-quruculuq işləri haqqında geniş məlumat verib. 
Milli Məclisin iclasının gündəliyinə 19 məsələ daxil edilmişdi. Bunlar ikinci oxunuşda 2023-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil edilən sənədlər, habelə digər 3 qanun layihəsi idi. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edərək bildirib ki, büdcə layihəsində gəlirlər 2022-ci ilin dövlət büdcəsi gəlirlərindən 1 milyard 522,9 milyon manat çox olmaqla, 30 milyard 720,7 milyon manat, xərcləri isə 2022-ci ilə nisbətən 996,2 milyon manat artırılaraq 33 milyard 300 milyon manat nəzərdə tutulub. Dövlət büdcəsinin kəsiri 2 milyard 579,9 milyon manat, neftin bir barelinin orta illik qiyməti isə 50 dollar müəyyən edilib. Növbəti ildə inflyasiyanın orta illik göstəricisinin 6,9 faiz, Ümumi Daxili Məhsulun real artım tempinin 2,7 faiz, orta aylıq əməkhaqqının isə 898 manat olacağı proqnozlaşdırılır. 
Tahir Mirkişilli bildirib ki, büdcə layihəsində sosialyönümlü xərclər ümumilikdə 1 milyard 289,2 milyon manat artırılaraq 15 milyard 218,9 milyon manata çatdırılıb. Bu, dövlət büdcəsi  xərclərinin 45,7 faizini təşkil edir. İşğaldan azad edilmiş ərazilərin bərpası və bu ərazilərdə əhalinin məskunlaşması üçün şəraitin yaradılmasına ayrılan xərclər 330 milyon manat artırılaraq 3 milyard manata, ölkənin müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması, habelə hüquq-mühafizə orqanları üçün ayrılan xərclər 495,9 milyon manat artırılaraq 8 milyard 62,9 milyon manata çatdırılıb. 
Maliyyə naziri Samir Şərifov növbəti ilin dövlət büdcəsi xərclərinin artırılması ilə bağlı təkliflər üçün əlavə maliyyə təminatının yaradılmasına 2023-cü il və sonrakı 3 ildə makroiqtisadi sabitliyin qorunub saxlanması, makrofiskal uyğunluğun təmin edilməsi  baxımından yanaşıldığını bildirib. Qeyd edib ki, 2023-cü il dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının 2022–
2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və Böyük Qayıdış Proqramının reallaşdırılması, dövlət sərhədlərinin bərpası və etibarlı mühafizəsinin daha da möhkəmləndirilməsi, ordunun müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daim gücləndiriməsi, müasir hərbi infrastrukturların təchizatının yaradılmasının təmin edilməsi kimi strateji çağırışların mərhələli həlli vəzifəsini təmin edir.  
 Sonra “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, komitə sədri Qənirə Paşayeva, deputatlardan Sahib Alıyev, Vüqar Bayramov, Fazil Mustafa, Etibar Əliyev və Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək fikirlərini açıqlayıblar. Sonra “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Əmək pensiyaları haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Sosial müavinətlər haqqında”, "Tibbi sığorta haqqında", "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının qanunlarında, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, Miqrasiya Məcəlləsində, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri ikinci oxunuşda qəbul edilib.

 

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

26 Noyabr 2022 04:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə