Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bravo, Braziliya! Bravo, Rişarlison!

Qətər – 2022

Noyabrın 24-də planetin futbol azarkeşləri fantastik bir gecə yaşadılar. Qətər mundialının qrup mərhələsinin son oyununda çempionluğa iddialı komandalardan olan Braziliya seçməsi ortabab komanda olan Serbiya ilə qarşılaşırdı. Futbolsevərlər bu matçda braziliyalılardan təkcə qələbə yox, həm də ruhları ehtizaza gətirən futbol tamaşası gözləyirdilər. Milyonlarla insan yuxusuna haram qatıb ekran qarşısında oturmuşdu. Biz də istisna deyildik. 


Çempionatı yaxından izləyənlərdən biri kimi deyə bilərəm ki, noyabrın  24-ü Qətərdə keçirilən Dünya çempionatının ən kontrastlı keçən günlərindən biri oldu. Turun son matçında Braziliya və Serbiya milliləri qarşılaşırdı. 
Braziliyanın bu mundialın və ilk turun favoriti olması proqnozunu mütəxəssislər təsadüfən irəli sürmürlər.  Əvvəla,  braziliyalılar 20 ildir ki, Dünya çempionatlarının medallarına sahib ola bilmirlər. 2002-ci ildən sonra komanda uğursuzluq zolağından heç cür çıxa bilmir. Bunu aradan qaldırmaq üçün bu gün “selesao”nun bütün imkanları var və Qətərə də məhz çempionluq titulunu almaq iddiası ilə gəlib. Komandaya bu iddiasının elə ilk oyunda ortaya qoyulması çox vacib idi. Titeyə də Serbiya kimi əzmkar komanda üzərində qələbə hava və su kimi lazım idi. Çünki Serbiya demək olar ki, kvartetin ən güclü millisi hesab edilirdi və onun üzərində qələbə  futbolçuları psixoloji cəhətdən növbəti oyunlara ruhlandırardı.
Serblərin güclü müdafiəsinin olduğu aydın idi. Lakin sürətli əks-hücumlar yarada bilməmələri onları müdafiədə oynamağa məcbur edirdi. Draqan Stoykoviçin  komandasının bu oyunda müdafiənin cinahlarında tez-tez boşluqlar yaranırdı. Tite bunu yaxşı öyrəndiyi üçün yetirmələrinə məhz cinahlardan  hücumlar təşkil etmək göstərişi vermişdi.  Serblərin qapısı qarşısında təhlükəli vəziyyətlərin çoxu da məhz bu mövqelərdə yaranırdı.  
Oyun hətta az-çox futbol haqqında məlumatı olanların gözlədiyi kimi başladı. Braziliya topu ələ keçirib meydanda öz oynunu diqtə edirdi. Təbii ki, “selesao”nun heyətində diqqət mərkəzində olan əsas futbolçu Neymar idi. Serb Saşa Lukiçin tez-tez kobudluqluqla qarşısını aldığı Neymar birinci hissənin əvvəllərində  az qala künc zərbəsi ilə topu qapıdan keçirib serblərdən hayfını alsın. Amma qapıçı buna imkan vermədi. 
Etiraf etmək lazımdır ki, braziliyalılar tamaşaçıların səbirsizliklə onlardan gözlədiyi qollar üçün birinci hissədə elə təhlükəli vəziyyətlər yarada bilmədilər. Serblər isə əks-hücum komandası  rolundan razı idilər və müdafiədə hələ ki, ayıq idilər. Serbiya ötən beynəlxalq turnirlərdən fərqli olaraq həqiqətən balanslı və hazırlıqlı komanda təsiri bağışlayırdı.  Ən azından bu qarşılaşmada. Çünki hücumda həmişə iki forvardla oynayan komanda, indiki matçda bu mövqedə tək Mitroviçlə çıxış edirdi. Görünür, baş məşqçi Stoykoviç  müdafiə taktikası seçib, əks-hücumlarda şans qazanacağına ümid bəsləyirmiş. Amma braziliyalılar yüksək müdafiə  xəttində oynasalar da, rəqiblərinə şans vermirdilər. 
Ancaq Braziliyanın oyunu axar su kimidir, ya daşı çapmalıdır, ya da dolayı yollar tapıb yoluna davam etməlidir. Birinci hissənin ikinci yarısında beşqat dünya çempionları sürəti və tempi daha da artırdılar. Matçın 28-ci dəqiqəsində serb müdafiəçilərinin diqqətindən yayınan sürətli driblinqə malik Vinisius Junior cinahda cərimə meydançasına şığıyaraq az qala oyunda hesabı açacaqdı. Serbiyanı qoldan qapıçı Vaniya Milinkoviç-Saviç xilas etdi. Birinci hissə Serbiya millisi istədiyinə nail ola bildi. Amma braziliyalılar meydandan narazı getdilər. 
İkinci hissə Neymarın mini-performansı ilə başladı. Serb müdafiəçi ulduz futbolçunu saxlamaq üçün  onun maykasını əynindən çıxardı. Neymar öz geyimini səliqəyə salana qədər az qalmışdı ki, komanda yoldaşları hesabı açsınlar. Qolkiper Milinkoviç-Saviç uğursuz ötürməsilə müdafiə xəttindəki yoldaşını çətin vəziyyətdə qoydu. Sonra qapıçı sürətli Rafinyanın onunla təkbətək çıxmasına mane oldu. 
İkinci hissənin ikinci yarısında artıq Braziliya komandasının hücumlarının ardı-arası kəsilmək bilmirdi. Onlar sürəti daha da artıraraq aramsız hücumlar təşkil edirdilər. Aydın görünürdü ki, Serbiya komandasını yalnız möcüzə xilas edə bilər. Oyunun 60-cı dəqiqəsində Aleks Sandronun effektli və sürətli zərbəsini yalnız qapı çatı “dəf” edib Serbiyanı xilas etdi. İki dəqiqə sonra isə hamının səbirsiliklə gözlədiyi qol vuruldu.  Neymar cərimə meydançasına şığıdı, Vinisius sürətli zərbə vurdu, top Rişarlisonun qarşısına düşdü və… qolkiperə yalnız topu tordan çıxarmaq qaldı. Elə də baxımlı qol deyildi, amma çox vacib top idi. 
11 dəqiqə sonra matçın, bəlkə də mundialın ən baxımlı futbol epizodunun şahidi olduq. Vinisius pəncəsinin ucu ilə topu cərimə meydançasının mərkəzində dayanan Rişarlisona atdı. Braziliyanın 9 nömrəsi onu qəbul edib bir qədər yüksəyə qaldırdı və gövdəsini yay kimi əyərək qayçıvari zərbə ilə qolkiperə heç bir şans qoymadı. Bravo Braziliya! Bravo Rişarlison! Hamı bu gözəlliyə və texnikaya heyranlıqdan mat qalmışdı. Bu anlarda stadionda olan braziliyalı tamaşaçıların bu möhtəşəm qoldan hansı hisslər yaşadığını sözlə demək çətindir.  
Beləcə, Braziliya Rişarlisonun dublu sayəsində  serblər üzərində inamlı qələbə qazandılar. Bu matçda Vinisius qol ötürmələrini təmin edən əsas sima oldu. İkinci qolu, ümumiyyətlə, futbol tarixinin ən gözəl epizodları muzeyində “saxlamaq” lazımdır. Braziliya çempion olacağı təqdirdə, məhz bu qola görə Rişarlisona heykəl qoymağa dəyər. 
Oyundan sonra Braziliya millisinin matçdakı baş qəhrəmanı mediaya açıqlamasında deyib: “Bilmirəm, siz mənim İtaliyada məşq zamanı vurduğum qolu görmüsünüzmü? Məşqdə bunu edirsən, oyunda da alınır. Mənim çevrilib gözəl zərbə endirmək imkanım yaranmışdı. Komanda yoldaşlarım sağ olsunlar. Mən demişdim ki, rəqibin müdafiəsini yarmaq bizə çətin olacaq, ancaq mən İngiltərədə öz meydanında bağlanan komandalara qarşı oynamağa öyrəncəliyəm. İki qol vurmağım yaxşı oldu”. 
Mənə elə gəlir ki, turnirin ən yaxşı qolu ilə bağlı suala artıq aydınlıq gəlib. Ancaq nə bilmək olar, Braziliyanın hələ qarşıda ən azı 2 oyunu var. Serbiyaya gəldikdə isə, nə demək olar, iki topla qurtardılarsa yenə pis deyil. Komanda bütün matç boyu bir dəfə də olsun Alissonun qoruduğu qapı çərçivəsində bir dəfə də olsa, zərbə endirə bilmədilər. Ancaq Neyin (Neymarın – R.İ.) ayaqlarına “dəqiq” zərbələr endirməklə turnirin rekordunu təzələdilər. Neymara qarşı 9 dəfə qaydanı pozdular ki, bu da hələlik qrup mərhələsinin birinci turunda bir nəfərə qarşı ən çox qayda pozuntusu hesab edilir.  İkinci yerdə isə İspaniya millisinin yarımmüdafiəçisi Qavidir. 
Neymarın zədələnib oyunu gözüyaşlı tərk etməsi isə hamını nigaran qoydu. Onun zədələnməsi səbəbindən növbəti matçlara çıxa biləcəyi hələ ki, sual altındadır. Bu isə matçın ən azından Braziliya tamaşaçıları üçün ən həyəcanlı xəbəridir.  
Beləliklə, noyabrın 24-də gecə Qətər mundialının qrup mərhələsinin birinci turuna Braziliya–Serbiya matçı ilə yekun vuruldu. Bu turda sensasiyalar da oldu, proqnozların yanlışlığı da özünü göstərdi, qeyri-ənənəvi insani münasibətlərə meydan vermədiyi üçün Qətəri tənqid atəşinə tutan çoxsaylı çıxışlar da. Amma mundial davam edir.
 Dünən  Bakı vaxtı ilə saat 14:00-da qrup mərhələsinin ikinci turuna Uels– İran matçı ilə start verildi. Hər iki komandaya “pley-off” matçına çıxmaq üçün qələbə lazım idi. Xüsusilə də İngiltərəyə böyük hesabla məğlub olan  və “A” qupunun axırıncısı olan  İran millisinə. Çünki bu oyunda məğlub olacaqları təqdirdə onlar mundialın “pley-off” mərhələsindən kənarda qalacaqdılar. Uels isə qollu heç-heçə oynadığı ABŞ komandası ilə ikinci-üçüncü yeri bölüşürdü.  Nəzərə alsaq ki, uelslilər üçüncü turda ingilis millisi ilə qarşılaşacaqlar, o zaman onlara İranla matçda qələbə turnirdə qalmaq üçün hava və su kimi lazım idi. 
ABŞ-la oyunda vallayalılar əzmkar oyun  nümayiş etdirib, intensivliyi  final fitinə qədər qoruyub saxlaya bildilər. Lakin nəzərə alaq ki, həmin matç saat 23:00-da, Qətərdə istilər səngiyəndən sonra başlamışdı. Bu oyun isə günün ən qızmar vaxtında start götürdü. Gözlənilirdi ki, bu, britaniyalılar üçün problem yarada bilər. İranlılar üçün üstün amil isə onların belə istidə oynamağa daha dözümlü olmaları və buna alışmalarıdır. 
İran millisinin bu oyunda müdafiə oyununa üstünlük verəcəyi gözlənilirdi.  İngiltərə ilə matçda topa sahibolmada cəmi 18 faiz nümayiş etdirən iranlılar Uels millisi ilə bir qədər cəsarətli oynamağa çalışdılar. Əslində, müdafiə futboluna üstünlük vermək Karluş Keyroşun üslubuna uyğun deyil. Məsələn, ingilislərlə müdafiədə oynayıb qapılarından 3 top görəndən sonra daha cəsarətli oynayan İran millisi ən azından iki şərəf qolu vurdu. 
Uelsin isə müdafiəyə qapanan komandaların qapılarına açarı var – boyu 196 santimetr olan forvard Kiffer Mur.  Məhz bu oyunçu ABŞ-la matçda meydana çıxandan sonra oyun uelslilərin lehinə dəyişdi. Murun İranla matçda da əsas rol oynayacağı istisna deyildi və o, komandanın mərkəz hücumçusu kimi meydana çıxmışdı.
Amma İran millisində ötən oyunda ehtiyat skamyasından matça çıxan Sərdar Azmun bu matçda startda yer almışdı. Maraqlıdır ki, Keyroş bu oyunda meydana  iki nominal hücumçu buraxmışdı Azmun və örən qarşılaşmada iki qol vuran Taremi. 
Yeri gəlmişkən, ötən matçda İran millisinin dövlət himnini oxumaması İslam Respublikasının hakimiyyəti tərəfindən çox ciddi narazılıq və qəzəblə qarşılanıb. Hətta futbolçulara sanksiyalar tətbiq etmək fikrindədirlər. Bütün bunlar da futbolçulara psixoloji cəhətdən mənfi təsir göstərməmiş deyildi.  Əl Rayan şəhərinin “Əhməd bin Əli Stadium” stadionunda baş tutan qarşılaşmada oyunun ilk 45 dəqiqəsində tərəflərdən heç biri qapılara yol tapa bilmədi. 
İkinci hissənin 86-cı dəqiqəsində rəqibin qapıçısı Hennesey İran millisinin forvardı Mehdi Tareminin qarşısını kobud fəndlə kəsdi. Hakim əvvəl qolkiperə sarı kart göstərdi. VAR-da epizodu nəzərdən keçirəndən sonra Henessey qarşısında qırmızı kart gördü.  O, ayağını qaydalardan kənar olaraq çox yuxarı qaldırıb dizi ilə Tareminin üzünə zərbə endirmişdi. Henesseyin oyundan kənarlaşdırılması və qırmızı kartı bu mundialın ilki oldu.  
Bundan sonra İran komandası təzyiqi daha da artıraraq əlavə edilmiş vaxtda Uelsin qapısından 2 cavabsız top keçirdi. İran-2, Uels-0. 
***
“A” kvartetində ikinci turun qarşılaşması ev sahibi Qətərlə Seneqal milliləri münasibətlərə aydınlıq gətirdilər. Saat 17-də  paytaxt Dohada “Əl Thumama Stadium” stadionunda keçirilən matç Qətər millisi üçün son dərəcə mühüm matç hesab edilirdi. Qətərlilər ilk turda Ekvadora məğlub olandan sonra turnir cəvəlinin axırıncı pilləsində yer alıblar. İran millisi kimi onların da turnirdəki taleyini bu oyun həll edirdi. Seneqal da dünənki rəqibləri kimi birinci turda 2-0 hesabı ilə Niderlanda məğlub olub, cədvəldə Qətərin yanında yer alıb.  
Qətər ilk oyununda heç nə ilə yadda qalmadı. Komandanın hücum xətti qapı istiqamətinə cəmi 5 zərbə endirdi. Bundan biri belə çərçivəyə ünvanlanmadı. Seneqalın müdafiəsini yarmaq da onlara asan deyildi. Afrikalılar birinci oyunda Niderland kimi komandanın hücumlarının qarşısında möhkəm dayanmağı bacardı. Amma qolkiperləri Eduar Mendi bir neçə məqamda səhvlərə yol verdi ki, bunlardan ikisi qolla nəticələndi. Əslində, afrikalılar Niderlanddan xal almağa yaxın idilər, əgər Mendinin səhvləri olmasaydı.  İkinci turda seneqallılara yalnız qələbə lazımdır. Aliu Sissenin komandasında bəzi itkilər var. amma bunlar afrikalıların qələbə qazanmalarına mane olmamalı idi. 
Qətərin hücum xəttində qol vurmaq ustalığına malik oyunçu, demək olar ki, yoxdur. Seneqal millisi isə kifayət qədər güclü müdafiə xəttinə malikdir. Amma ilk oyundakı məğlubiyyətə və açıq zəif oyuna baxmayaraq, Qətər yığması yenə 5-3-2 taktiki sxemi ilə meydana çıxmışdı. Feliks heyətdə elə bir ciddi dəyişiklik etməmişdi. Sançes yenə əvvəl etimad göstərdiyi və start heyətinə buraxdığı oyunçuları meydana çıxarmışdı. 
Gərgin keçən matçda hesabı birinci hissənin 41-dəqiqəsində Seneqal millisinin futbolçusu  Boulaye Dia açdı. Xuxi öz cərimə meydançasında kobud səhvə yol verdi və topu ayağından buraxdı. Özünü çatdıran Boulaye rəqibin bu “hədiyyəsini” lazımınca qiymətləndirib dərhal qətərliləri cəzalandırdı. Qolkiper Meşalya Barşama ona mane ola bilmədi. İkinci hissənin başlanğıcında  seneqallı İsmail Yakobe meydanın sağ küncündən topu Qətərin qapısı qarşısına qaldırdı. Famara Dediu rəqiblərini qabaqladı və sıçrayaraq başı ilə topu qapının uzaq küncünə göndərdi. Matçın 78-ci dəqiqəsində nəhayət, Qətər mundialda ilk qolunu vura bildi. 9 nömrəli forvard Məhəmməd Muntari dəqiq baş zərbəsi ilə çox baxımlı qol vurdu: 1-2. Qətər millisinin bundan artığına gücü çatmadı. 
Bununla belə bu hesab qarşılaşmada son olmadı. Oyunun 84-cü dəqiqəsində seneqallı forvard, Fransanın “Marsel” klubunda top qovan Bamba Dieng komandasının 3-cü topunu vuraraq oyunun taleyini həll etdi.  
***  
“A” qrupunda turun ikinci matçı kvartetin liderləri Ekvadorla Niderland  milliləri arasında keçirildi. Hər iki komanda 2-0 hesablı qələbə qazanaraq matça xoş əhval-ruhiyyə ilə çıxırdılar. Bu oyunun favoriti Niderland millisi sayılsa da, Ekvadoru da hesabdan silmək olmaz. Açılış matçında Ekvador təkcə Emer valensiyanın dublu ilə yadda qalmadı. Bu oyun həm də çoxlu qısa fasilələrlə diqqət çəkirdi və bu da oyunun tempini aşağa salırdı. 
Qayda pozuntularına daha çox Qətər millisi yol verirdi və bu da ekvadorluların sürəti ilə ayaqlaşa bilmirdilər. Matçın bu gedişini ekvadorluların məşqçisi qabaqcadan hiss etmişdi və ona görə də buna qarşı xüsusi hazırlıqlar görmüşdü. Komanda standart vəziyyətlərdən səmərəli istafadə etməyə ciddi hazırlaşmışdı və bunun da bəhrəsini gördü. Düşünmək olardı ki, bu matçda da Qustavo Alfaro hollandlarla oyunda da bu taktiki gedişi işlətməyi futbolçularına tövsiyə edəcək. Çünki Lui Van Qalın komandası da çoxsaylı qayda pozuntularına yol verir və bu qarşılaşmada da verirdi. 
Ekvador özünü tam hazırlıqlı və əzmkar komanda kimi ilk turda göstərə bildi. Lakin onu vaxtından əvvəl tərifləmək doğru olmazdı. Ona görə oyunu izləmək və bundan sonra çıxış edib fikir bildirməyi daha doğru hesab etdik. Çünki Ekvador elə belə komanda ilə qarşılaşmırdı, bu adlı-sanlı ulduz futbolçuları heyətində birləşdirən Avropanın reytinqi yüksək olan milli komandası hesab edilir. Niderland mütləq qələbə qazanmağı qarşıya məqsəd qoyub ki, “pley-offa” vaxtından əvvəl vəsiqəni təmin etsin. Sonra Qətərlə qarşılaşmada Lui Van Qal istədiyi eksperimenti rahat həyata keçirə bilərdi. 
Amma bu alınmayacaq. Çünki Niderland Van Qalın ümid etdiyi qələbəni qazana bilmədi.  Ekvador millisi birinci hissənin 6-cı dəqiqəsində hollandların Kodi Qakpo ilə vurduğu  qolun əvəzini, ikinci hissənin 3-cü dəqiqəsində Enner Valensiyanın vurduğu topla 1-1-ə çevirdilər. Ekvador millisi bu qarşılaşmada qələbəyə daha yaxın oldu. Belə ki, Perviz Estupinyan hələ birinci hissənin sonuna yaxın hesabı bərabərləşdirə bilmişdi. Lakin VAR qolun qaydalar çərçivəsində vurulmadığını göstərdiyi üçün, bu top hesaba alınmadı. 
İkinci hissədə cənubi amerikalar Niderlandın qapısı ağzında bir neşə təhlükəli vəziyyət yarada bildilər, hətta bir zərbə qapı dirəyinə dəydi. Lakin bir topdan artıq vura bilmədilər. İndi A qrupunda birinci, ikinci yerləri Niderland, Ekvador milliləri bölüşür, üçüncü yerdə isə Seneqal millisi qərarlaşıb. Qrup mərhələsinin sonuncu turunun nəticələrindən asılı olmayaraq, mundiala ev sahibliyi edən Qətər millisi DÇ-2022 turnirindən kənarda qalacaq.

 

İlqar RÜSTƏMOV, 
“Xalq qəzeti”

26 Noyabr 2022 02:27 - İDMAN
İDMAN
29 Yanvar 2023 | 11:35
Fidanların sabaha uçuşu
28 Yanvar 2023 | 04:39
İdman xəbərləri
27 Yanvar 2023 | 03:38
İdman xəbərləri
26 Yanvar 2023 | 01:21
İdman xəbərləri
25 Yanvar 2023 | 01:52
İdman xəbərləri
24 Yanvar 2023 | 01:17
İdman xəbərləri
22 Yanvar 2023 | 11:53
Ölkəmizə qarşı təxribat

Köhnə versiyamızdan xəbərləri izlə