Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycana qarşı mina terroru davam edir

Ermənistan mina istehsal edir və təbii ki, onları işə keçirmək üçün böyük səylər göstərmir. Rəsmi İrəvan qonşuluqdakı Azərbaycan ərazilərini bunun üçün ən münbit sahə hesab edir. Öyrəncəlidir axı! Son 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərinə milyonlarla mina basdırıb və minlərlə günahsız insanın qanına bais olub. Amma unudur ki, artıq müharibə bitib və yenə Azərbaycan ərazilərini çirkləndirməkdən çəkinmir. 


Bu, artıq həyasızlığın və qudurğanlığın son həddidir ki, müharibədə uduzasan, ordunu, canlı qüvvələrini, hərbi texnikalarını, demək olar ki, bütünlüklə bada verəsən, amma yenə iddiandan əl çəkməyəsən. Yenə “Dəmir yumruğ”u altında əzildiyin qonşu ölkənin ərazilərinə gecələrin qaranlıq vaxtında bayquş kimi hücum çəkib mina basdırasan. Bunu yəqin ki, ağlı başında olan heç bir ölkə etməz. Amma Ermənistan edir.  
Son zamanlar Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan gizlicə ərazilərimizə mina yerləşdirir, nəticədə insanlar həlak olur. Amma səsimizi eşidən yoxdur. Elə bu yaxınlarda – noyabrın 21-də Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Bununla bağlı Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilirdi ki, ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-E tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Bu hadisə Laçın rayonunun Sarıbaba yüksəkliyi ərazisində baş vermişdi. Amma bu birinci və axırıncı hadisə deyil. Bu il avqustun 15-də bir gün ərzində minalanmış sahədən, ümumilikdə, 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılmış, daşınaraq təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilmişdi.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatında xüsusilə bildirilirdi ki, bu istiqamətdə aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub.
Qeyd etmək yerinə düşərdi ki, 2020-ci ilin payızında Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatmış Vətən müharibəsindən bu günədək Ermənistanın basdırdığı yeni minaların partlayışı nəticəsində 268 vətəndaşımız zərər çəkib. Onlardan 3 nəfəri jurnalist daxil olmaqla 45 nəfər həlak olub. Həlak olanların 35 nəfəri isə mülki şəxsdir.
Bu günlərdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin həmin Sarıbaba yüksəkliyinə səfəri təşkil olunub. Onlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən yüksəkliyin şimal istiqamətində basdırılmış mina sahələrinə baş çəkib, aşkarlanmış minalarla tanış olublar. Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri hərbi attaşeləri və jurnalistləri Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkarlanan minalar, onların Ermənistanda yeni istehsal olunması barədə məlumatlandırıblar.
Bu il aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində də 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdu. Laçın rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan Pərvin Salahovun minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdi. Hazırda faktla bağlı prokurorluqda araşdırma aparılır.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan humanitar minatəmizləmə fəaliyyəti haqqında məlumat yayaraq bildirib ki, 2020-ci il 10 noyabr tarixindən 2022-ci il 14 aprelədək 8 372.9 ha ərazi təmizlənib, 30 572 ədəd mina və PHS aşkar edilib. 
ANAMA-dan verilən başqa bir məlumata görə, bu il oktyabrın 2-də Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində də minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlamış, nəticədə 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət almışdı.
Azərbaycana qarşı mina terroru haqda Prezident İlham Əliyev də dəfələrlə öz fikrini bildirib. Dövlət başçısı deyib ki, mina məsələsini bütün görüşlərdə qaldırır. Ermənistanın bu addımlarının sülhə zərər vurması haqqında Azərbaycan tərəfi öz sözünü beynəlxalq aləmə cəsarətlə çatdırır.
Prezident bu barədə Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində də danışıb: “Bu gün dördtərəfli görüşdə də mən qeyd etdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Onu da bildirdim ki, müharibədən sonra 250-dən çox azərbaycanlı ya həlak olub, ya da ağır yaralanıb. Yəni, bizə qarşı erməni terroru davam edir. Buna son qoyulmalıdır və minaların basdırılması yeganə cinayət deyil”.
Amma Ermənistan Azərbaycana qarşı mina terrorunu davam etdirir. Və təəssüf ki, bütün bunlar regionda təhlükəsizliyi təmin etməli olan Rusiya sülhməramlılarının gözləri qarşısında baş verir...  

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

26 Noyabr 2022 02:07 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə