Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hakan Yavuz: Ermənistan Qarabağ iddiasından imtina etməlidir

ADA Universitetində Yuta Universitetinin siyasi elmlər kafedrasının professoru Hakan Yavuzun “Dağlıq Qarabağ münaqişəsi: tarixi və siyasi rakurs” kitabının təqdimatı keçirilib. ABŞ-da bu mövzuda son illərin ən sanballı araşdırması kimi çapdan çıxan kitabın müəllifilə söhbətləşdik, əsərin məziyyətlərinə nəzər saldıq.


– Hakan bəy,  kitabınız bu mövzuda vacib araşdırmalardan hesab edilir. Bu əsər necə yarandı?
– Bu gün  Qarabağ münaqişəsi mövzusunun hərtərəfli işıqlandırılması və həqiqətlərin dünyaya çatdırılması çox vacibdir. İndiyədək münaqişə ilə bağlı ABŞ-da 11 kitab işıq üzü görüb. Onlardan 9-u erməni müəlliflər tərəfindən yazılıb. Buna görə də bu mövzuda obyektiv kitab nəşr etmək günün tələbidir. Bu baxımdan düşündüm ki, politoloq Maykl Gunterlə belə bir araşdırma hazırlayaq. Kitabda 19 məqalə var, 5-i tarix, 3-ü beynəlxalq hüquq, qalanları siyasət, sosioloji mövzulardadır. Yəni kitab Qarabağ problemini tarixi köklərindən üzü bəri incələyən bir araşdırmadır. 
Öncə kitabın təməl suallarını hazırladım. Yazarlara yolladım və onlar bunu cavabladılar. Daha sonra bir məqalə də özüm yazdım və kitabı həmkarımla redaktə etdik. Kitabın məqsədlərindən biri o idi ki, biz erməni tezislərini incələyəcəyik. Daha sonra onların yanlış baxışlarını ortaya qoyduq. Azərbaycan alimləri erməni siyasi düşüncəsini araşdırmalı və incələyərək iş aparmalıdır. 
– Kitabın hədəfi nələrin üzərində qurulub ?
– Ana xətt budur ki, ermənilərin 5 istiqamətdə mifoloji tezisləri var. Birincisi odur ki, guya, Qarabağ hər zaman erməni yurdu olub, ermənilər ən qədim xristian xalqıdır, Qarabağ xristian torpağıdır. İkinci tezis: Azərbaycan türkləri buraya 13-14-cü yüzillikdə gəlmişlər. Onlar bu ərazilərin yerlisi deyillər. Üçüncü tezisdə iddia edirlər ki, onlar hər zaman əziliblər, diskriminasiyaya məruz qalıblar, onlara qarşı assimilyasiya siyasəti aparılıb. Beləcə, bir məzlum kimliyə sahibdirlər.  Dördüncü tezis, guya, Qarabağı Azərbaycana Stalinin verməsidir. Guya, Qarabağ Stalinə qədər ermənilərin imiş. Beşinci tezis isə bundan ibarətdir ki, onlar Qarabağ ermənilərinin öz müqəddəratlarını təyinetmə hüququnu özlərində saxlamağı iddia edirlər.  Hesab edirlər ki, Qarabağ erməniləri hər zaman çıxdaş edilib, onlara lazımi diqqət ayrılmayıb və Azərbaycan ora bir koloniya kimi baxmışdır. 
Kitabda təbii ki, bu beş tezisi süzgəcdən keçirməyə çalışırıq, bunların doğru olmadığını sübut edirik. Kitabın bir bölümündə Qarabağ savaşını şərtləndirən amillərə toxunuruq. Bununla bağlı da 4 tezis var. Bu tezisləri tənqid edərək beşinci tezisi ortaya qoyuruq. Səbəb olaraq göstəririk ki, kiçik erməni elitaları, əslində, regionda separatizmi körükləyir. Təbii ki, bunun bir başqa ölçüsü də erməni milliyyətçiliyinin əsası “Böyük Ermənistan” xülyası ilə yoğrulmasıdır. Belə ki, onların xülyasında iki Ermənistan var. Biri Qərbi Ermənistan, biri də Şərqi Ermənistan. Bunu tənqid edirik, təbii ki. 
Bu kitab həm də öz tezisini ortaya qoyur. Erməni milliyyətçiliyinin təməl prinsipləri nələrdir? Burada ermənilərin paranoik istəkləri tənqid olunur. Kitabın ümumi töhfəsi budur ki, Qarabağa ermənilərin çox sonradan gəlmələri, Yaxın Şərqdən müxtəlif köçlər vasitəsilə çoxaldıqları göstərilir. Biz xüsusi vurğulayırıq ki,  Qarabağda xristian mədəniyyətinin təməlində qriqoriyan kilsəsi deyil, alban kilsəsi dayanır. Prezident İlham Əliyevin alban kilsələri ilə bağlı söylədikləri çox doğrudur. Alban kilsələri basqıya məruz qalıb.
– Hakan bəy, kitabdan çıxan nəticə odur ki, Ermənistanın bütün tezisləri iflasa məhkumdur. Qarabağ münaqişəsi ilə bağlı hazırkı situasiyanı necə dəyərləndirirsiniz?
– Azərbaycanın Vətən müha-ribəsində qələbəsi regiondakı bütün baxışları dəyişib. Hətta Azərbaycanın qələbəsindən sonra onun siyasi nüfuzu tək müsəlman ölkələrində deyil, Avropa, Qərb ölkələri arasında da artmışdır. Ümumiyyətlə, Azərbaycanın Qarabağ zəfəri ermənilərə normal dövlətə çevrilmənin zərurliyini yaşatdı. Bu gün Ermənistanda çox böyük gərginlik var. Xaotik vəziyyət hökm sürür. Bir çox ermənilər Ermənistan dövlətinin gələcəyinin Qarabağ mövzusu ilə əngəlləndiyini artıq dərk etməyə başlayıblar. Təbii ki, anlasalar. Çünki Ermənistanda bəzi müxaliflər də artıq etiraf edirlər ki, Qarabağ mövzusu ölkəni istismar edib. Ölkə darmadağın edilib. Onlar düşünürlər ki, Qarabağ problemindən qurtulsalar, Rusiyanın da caynağından qurtulmuş olacaqlar. Onların Qərbə inteqrasiyasının qarşısını kəsən problemlərdən biri də məhz Qarabağ problemidir. Bunu ABŞ-lı politoloq Jerard Libaridyan da müsahibələrində qeyd edib. 
Bir sözlə, Ermənistan müstəqil olmaq istəyirsə, Qarabağ mövzusundan imtina etməlidir.

 

Müsahibəni aldı: 
Anar TURAN, “Xalq qəzeti”

26 Noyabr 2022 01:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə