Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qənirə Paşayeva Azərbaycan Milli Xalça Muzeyində

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubiley gecəsində muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin xanım Məlikovaya komitə adından Təbrik Məktubu təqdim edib, ürək sözlərini bölüşüb.

Məktubda deyilir: “Hörmətli Şirin xanım, Sizi Azərbaycan Milli Xalça Muzeyinin yaradılmasının 55-ci ildönümü münasibəti ilə təbrik edir, Sizə və muzeyinizin kollektivinə yeni uğurlar diləyirəm! Taleyi Milli Xalça Muzeyidən keçmiş hər kəsə, ekspozisyalarınıza maraqla tamaşa etmiş, öyrənmiş, təbliğ və tərənnüm etmiş bütün sənətsevərlərə bu yubileyin sevincindən pay düşür.

Muzeyin yaranmasının təşəbbüskarı, görkəmli alim, xalçaçı, xalça haqqında elmin banisi, rəssam və pedaqoq Lətif Kərimovu bu yubiley ilində bir daha rəhmətlə anır, ruhuna dualar oxuyuruq. Çox şadıq ki, Milli Xalça Muzeyi özünəxas ənənələri olan bir mədəniyyət-sənət ocağına çevrilmişdir. Xalqımızın milli mədəniyyətinin, incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti örnəkləri ilə birgə çağdaş dönəm rəssamlarının və xalq sənətkarlarının ən nümunəvi əsərləri Azərbaycan Milli Xalça Muzeyində toplanıb.

Muzey Azərbaycan hökumətinin 13 mart 1967-ci il tarixli 130 saylı Sərəncamı ilə yaradılıb. O vaxt bu muzey dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. 1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adı ilə fəaliyyət göstərən bu möhtəşəm mədəniyyət-sənət ocağı bütün dönəmlərdə paytaxtın, ümumən ölkəmizin mədəni həyatında özünəxas rola, mövqeyə sahib olub. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramıdır.

 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu  layihə çərçivəsində Dənizkənarı Milli Parkda Xalça Muzeyi üçün yeni binanın tikilməsi barəsində sərəncam imzaladı. Muzey işinin ən çağdaş tələblərinə cavab verən yeni bina 2014-cü ildə inşa edilib. Yeni binaya daşındıqdan sonra muzeyin fəaliyyətində xüsusi canlanma dönəmi başlayıb. Hazırda ölkəmizin, bütövlükdə Qafqazın ən çağdaş tikililərindən birində yerləşən Muzey sənət örnəkləri, milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etməklə yanaşı, milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə tanıtım məkanı olaraq da çoxşaxəli fəaliyyət göstərir.

Bəlli olduğu kimi, 2010-cu ildə Azərbaycan xalça sənəti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilib. Məhz bu uğur da Milli Xalça Muzeyinin fəaliyyətinə öz müsbət təsirini göstərib. Muzeyin kolleksiyaları – “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Keramika, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları” tamaşaçıların böyük marağına səbəb olur.

Bir daha Sizi və muzeyinizin əməkdaşlarını, Milli Xalça Muzeyini özünə doğma bilən hər kəsi 55 illik yubiley münasibəti ilə Mədəniyyət Komitəsi adından təbrik edir, ən xoş arzularımızı yetirirəm”!

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

25 Noyabr 2022 15:32 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
29 Yanvar 2023 | 12:40
“Ağ kölgə”nin işığı

Köhnə versiyamızdan xəbərləri izlə