Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qətər-2022 günlərində Mexiko-86 mundialı haqqında

Qətərdə futbol üzrə 2022-ci il dünya çempionatının planetimizin bütün guşələrində prezidentlərdən, baş nazirlərdən, parlament rəhbərlərindən, görkəmli dövlət xadimlərindən tutmuş məktəblilərə, yaşlı insanlara qədər hamının diqqət mərkəzində olduğu bu mülayim  payız günlərində, amma mundiallar üçün adət etmədiyimiz dövrdə dünyada böyük bir bayram yaşanır. Belə bayramlar yaşımızdan, peşəmizdən, həyata baxışlarımızdan asılı olmayaraq bütün gözəllikləri və gözlənilməzlikləri ilə qəlblərə hakim kəsilib, uzun illər ərzində xatirələrdən silinmir.


Bu barədə düşünərkən jurnalist taleyimə minnətdaram. Onun sayəsində 1986-cı ilin yayında Meksikada olmaq, paytaxt Mexikoda, habelə çempionatın keçirildiyi digər şəhərlərdən Puebla, Leon, İrapuato, Monterreydə  oyunları izləmək, ən böyük futbol bayramından zövq almaq imkanı qazanmışdım. Tamaşaçısı olduğum görüşlərdən biri də Puebla şəhərində Argentina-- Uruqvay matçı idi.
Oyun ərəfəsində yerli qəzetlərdən biri bütün səhifə boyu belə başlıq vermişdi: "Müharibə, Argentina Uruqvaya qarşı". Görünür, qəzet belə yazarkən Cənubi amerikalı rəqiblərin görüşlərinin həmişə son dərəcə prinsipial mübarizə şəraitində davam etməsinə əsaslanmışdı. Amma vəd edilən "müharibə " olmadı, gərgin, ancaq ədalətli mübarizədə hər şeyi dahi Maradonanın komandasının vurduğu yeganə qol həll etdi. Çempionatın finişində Dünya kubokuna sevinən də elə Argentina oldu.
Meksikada Xlll mundial artıq 36 ildir tarixin səhifələrində yaşayır. Bu ölkəni ilk dəfə kəşf edən azərbaycanlı idman jurnalistləri isə Mexiko–86-dan hələ 16 il əvvəl, 1970-ci ildə  “İdman”–“Sport”un o vaxtlar redaktor müavini vəzifəsində çalışan mərhum Aqşin Kazımzadə və fotomüxbir Əhməd Abdullayev olmuşdu. Onlar Meksikadan zəngin təəssüratla qayıtmışdılar.
Onu da xatırlatmaq yerinə düşər ki, Meksika iki dəfə dünya çempionatının təşkilatçısı olmuşdur – ilk dəfə 1970-ci ildə, bir də 86-da. On  üçüncü mundial Kolumbiyada keçirilməli idi. Ancaq yarışa iki il qalmış Kolumbiya hökuməti ölkədə iqtisadi vəziyyətin çətinliyi üzündən çempionatın təşkilindən imtina etdi və FİFA turniri keçirməyi artıq hazır stadionları və hər cür şəraiti olan Meksika hökumətindən xahiş etdi. Bununla da Meksika ikinci dəfə öz qapılarını dünya çempionatı iştirakçılarının və qonaqların, o cümlədən dövlət başçılarının üzünə taybatay açdı. İkinci dəfə mundialın təşkilatçısı olmaq böyük şərəf idi.
...Dünya çempionatı günlərində Meksikanın həmin illərdəki prezidenti Migel de la Madridi tez-tez ailə üzvləri ilə birlikdə ölkənin fəxri sayılan "Asteka" stadionunun mərkəzi tribunasında görmək olardı. Həqiqətən, futbol mundialları tayı-bərabəri olmayan bayramdır.

 

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”

25 Noyabr 2022 03:10 - İDMAN
İDMAN
4 Fevral 2023 | 01:57
İdman xəbərləri
1 Fevral 2023 | 02:20
İdman xəbərləri
31 Yanvar 2023 | 01:59
İdman xəbərləri
29 Yanvar 2023 | 11:35
Fidanların sabaha uçuşu
28 Yanvar 2023 | 04:39
İdman xəbərləri
27 Yanvar 2023 | 03:38
İdman xəbərləri
26 Yanvar 2023 | 01:21
İdman xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə