Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mirzə Fətəli Axundzadə yaradıcılığında folklor motivləri və mifologizm” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın Folklor İnstitutunda Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illiyi münasibətilə Mirzə Fətəli Axundzadə yaradıcılığında folklor motivlərinə dair konfransda çıxış edən institutun baş direktoru, akademik Muxtar İmanov M.F.Axundzadəni böyük maarifçi, filosof, Azərbaycan ədəbiyyatı tarixində yeni bir mərhələnin əsasını qoymuş dramaturq, öz yaradıcılığında Şərq və Qərb mədəniyyətini birləşdirən dahi sənətkar kimi xarakterizə edib.

Bu barədə "Xalq qəzeti"nə AMEA-nın Mətbuat xidmətindən məlumat verilib.

Alim, həmçinin M.F.Axundzadə yaradıcılığında folklor və mif elementləri baradə də danışıb, məsələnin müxtəlif aspektlərinə toxunub. Bildirib ki, realist ədəbiyyatın nümayəndəsi olan M.F.Axundzadə həm də xalq şeiri üslubunda, sadə və anlaşıqlı dildə yazdığı şeirləri ilə diqqəti cəlb edir. Onun komediyaları isə xalq dramları ilə daha çox səsləşir. M.F.Axundzadəyə məxsus əsərlərdə nikbinlik duyğusunun mövcudluğu, qəhrəmanın özünü bir fərd olaraq kollektiv içində hiss etməsi motivi də öz başlanğıcını xalq ədəbiyyatından götürür. M.F.Axundzadə xalqın dünyagörüşündən, mifoloji düşüncə tərzindən gələn detallardan parodiya mövzusu kimi istifadə etməklə bir maarifçi sənətkar kimi öz məqsədinə nail olub.

Sonra filologiya elmləri doktoru, dosent Leyla Məmmədova “Folklor motivləri Mirzə Fətəli Axundzadə müasirliyinin meyarı kimi” mövzusunda məruzə ilə çıxış edib. L.Məmmədova məruzəsində nəzərə çatdırıb ki, M.F.Axundzadə dramaturgiyasında digər folklor janrları kimi alqış, qarğış, söyüş, hədə, yalvarış, and, xeyir-dua və s. paremilərdən geniş şəkildə yararlanılıb. M.F.Axundzadə atalar sözü və məsəlləri, lətifələr epizodlarını komediyalarında müxtəlif formalarda işlədərək əsərlərinin təsir gücünü artırıb.

Plenar iclasda dosent Ağaverdi Xəlilin “Mirzə Fətəli Axundzadənin komediyalarında milli kimlik və mədəni institut” adlı məruzəsi də dinlənilib. O, M.F.Axundzadənin Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixindəki önəmli yer və rol aldığına diqqət çəkib, onun yaradıcılığında milli kimlik dəyərlərinin təcəssümündən bəhs edib. M.F.Axundzadənin ədəbi irsinin folklorla və ənənəvi mədəniyyətlə əlaqəli şəkildə öyrənilməsinin vacibliyi vurğulanıb.

Folklor İnstitutunun icraçı direktoru, dosent Afaq Ramazanova bildirib ki, dahi şəxsiyyət hesab olunan M.F.Axundzadə Azərbaycan ədəbiyyatında realist tənqidin banisi kimi həmişə anılası ədiblərimizdəndir. Onun əsərləri, konkret olaraq komediyaları bizim məişətimizlə də bağlı olduğu üçün hər zaman aktuallığını qoruyub saxlayacaqdır.

“Mirzə Fətəli Axundzadə yaradıcılığında folklor motivləri və mifologizm” mövzusunda elmi konfrans öz işini iki bölmədə davam etdirib.

Bölmə iclaslarında institutun əməkdaşları Əpoş Vəliyev, Gülnar Osmanova, Gülsümxanım Hasilova, Atif İslamzadə, Sevinc Əliyeva, Xəyalə Ağayeva və Aygül Qurbanova M.F.Axundzadənin yaradıcılığında folklor motivləri ilə bağlı çıxış ediblər.

24 Noyabr 2022 12:23 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə