Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dördüncü günün sensasiyası: Yaponiya mundialı heyrətləndirdi

Qətər – 2022

Tarixdə özünün dünya çempionu titulunu qorumaq cəmi iki komandaya nəsib olub. Ötən əsrin 30-cu illərində İtaliya, sonra isə –1958 və 1962-ci illərdə möhtəşəm Braziliya milliləri buna nail ola biliblər. Bundan əlavə, çempion kimi finala qədər də iki komanda yüksələ bilib: 1990-cı ildə Argentina və 1998-ci ildə Braziliya. 


Bu statistikanı nəzərdən keçirəndən sonra istər-istəməz düşünürsən ki, XXI əsrdə Fransa ötən mundialdakı zəfərini təkrar edə bilərmi? Argentina–Səudiyyə Ərəbistanı milliləri arasında qeydə alınan sensasiyadan sonra bu qərara gəldim ki, bu barədə qəti proqnoz vermək çox çətindir. Amma Qətər çempionatından sonra postunu Zinəddin Zidana verəcək,  Fransa komandasına  ötən mundialda Dünya Kuboku qazandıran  hazırkı baş məşqçisi Didye Deşamın belə bir istəyinin olmasına şübhə etmirik. Buna baxmayaraq, əsrlərlə qızıl qayda kimi yaddaşlarda yaşayan bir ifadəni xatırlatmaq istərdik: “Yüksək səviyyələrdə qalib gəlmək çətindir, lakin titulu qoruyub saxlamaq daha çətindir”. 
Bu fikir diplomatlara aid olsa da, bir həyat həqiqətinin təsdiqidir. Fransa millisinin heyəti elan ediləndə bu seçim Deşamın öz uğurunu təkrarlamaq iddiasında olduğunu aydın göstərdi. Baş məşqçinin iddiası komandasının hücumçularını seçməsində də özünü göstərir. Bu gün, həqiqətən Fransa millisində praktik olaraq iki güclü və sürətli hücum üçlüyü var və onlar elə Avstraliya ilə noyabrın 22-də keçirilən debüt matçında nəyə qadir olduqlarını əyani sübut etdilər. Kilian Mbappe, Olivier Jiru, Dümbele, Qrizman, Koman kimi ulduzlar rəqibə heç bir şans qoymadılar. Amma bu siyahıda bir ulduz futbolçu yox idi – Kərim Benzema. Zədə səbəbindən Kərimin mundialda iştirak etməməsi əslində baş məşqçi üçün bir növ faciədir. Əvvəlki illərdə milli komandadan kənarlaşdırılan “builki “qızıl top”un sahibinin indi artıq nə vaxtsa  Dünya Çempionu titulunu qazanacağına  heç bir ümid qalmır. 
Əslində, komandada Matyudi, Poqba və Kante kimi  oyunçuların olmaması da mundialın qrup mərhələsinin ilk oyununda Fransa millisinin yarımmüdafiə və müdafiə xətlərində  boşluqların olduğunu üzə çıxardı. Oyunun 9-cu dəqiqəsində qrupun autsayderi sayılan Avstraliya fransızların qapısına  möhtəşəm bir qol vurdu. Bunu müəyyən mənada xoruzların (Fransa millisinin simvolu – İ.R.) rəqibə yuxarıdan aşağa baxıb, oyuna çox arxayın çıxması da səbəb oldu. Bundan sonra fransızların özünə gəlməsinə 30 dəqiqəyə yaxın vaxt lazım gəldi. 
Avstraliya millisi matçın ilk dəqiqələrindən nümayiş etdirdiyi oyunla komandasının autsayder  olmadığını sübut etməyə çalışırdı. Oyunun 9-cu dəqiqəsində millisinin mudialda ilk qolunu vuran avstraliyalı forvard  Qudvin sanki çempionatın bir gündə ikinci sensasiyasının baş verəcəyi mesajını verirdi. Lakin fransızlar bir gündə ikinci senssasiyanın mümkün olmayacağını cəmi 5 dəqiqəyə   isbat etdilər və 27-ci dəqiqədə Rabiot, 32-ci dəqiqədə isə Jiru avstraliyalıları Lorisin qoruduğu qapıya qol vurmağa peşman etdilər. 
İkinci hissədə Kilian Mbappe və Osman Dembele səhnəyə çıxdılar. Sürətli driblinqləri ilə Avsrtraliya millisinin müdafiəçilərini hələ birinci hissədə əldən salan bu iki forvardın birgə səyi nəticəsində matçın 68 və 71-ci dəqiqələrində Fransa hesabı 4-1-ə çatdırdı. Mbappe əvvəlcə Dembelenin ötürməsini qola çevirdi, sonra isə özünün əla ötürməsilə  Jirunun dubl etməsinə şərait yaratdı. “Milan” klubunun 36 yaşlı oyunçusu öz millisinin ən “qocaman” bombardiri oldu. Bu dublla Jiru əfsanəvi fransız futbiolçusu Terri Anrinin rekordunu təkrarladı. Çox yəqin ki, növbəti oyunlarda fransız oyunçu bu rekordu təzələyə biləcək. Yeri gəlmişkən, Jiru da millidə artıq 51-ci oynuna çıxmışdı. 
Mbappe isə millidəki qollarının sayını 5-ə çatdırdı. İndi “PSJ”-nin gənc ulduzu öz ölkəsinin yığmasının Dünya çempionatındakı bombardirlərinin siyahısında Mişel Platini və Zinəddin Zidanla üçüncü yeri bölüşür. İndi Mbappeni yalnız Terri Anri (DÇ-da 6 qol), Oliver Jiru (6 ) və Jüst Fonte (13) qabaqlayırlar. Bundan əlavə 23 yaşlı Mbappe DÇ-da hesabında 5 qol olan ən gənc fransız oyunçudur. O, 24 yaşında 1958-ci ildə keçirilən Dünya çempionatında  5 qol vuran Fonteni geridə qoyub. 
Beləliklə, Fransa qrupda ilk oyununu autsayderlə keçirsə də, çempiona layiq oyun nümayiş etdirib böyük hesablı qələbə qazandı. Əgər Fransa qrup mərhələsini uğurla keçərsə, həm də optimal heyəti dəqiq müəyyənləşdirə bilsə, Dünya çempionatının pley-offunda hədəflərinə doğru yaxınlaşmaqda problem yaşamaz. Bircə Terri Anrinin rekordunu təkrarlayıb özünün dördüncü mundialına çıxan  qolkiper  Lloris işləri korlamasın. Veteran son qarşılaşmalarında bir çox səhvlərə yol verir. Nahaq deyil ki, mütəxəssislər ehtiyatda qalan Menyanı çərçivədə ondan daha etibarlı hesab edirlər. Llorisin səhvlərini düzəltmək üçün kifayət qədər güclü və stabil oynayan Mbappe, Dembele, Koman, Qrizman, Jiru kimi top ustaları olsa da, bəzən qarşıya çox döyüşkən komandalar çıxır ki, onlara da öz ustalıqlarını nümayiş etdirməyə imkan vermirlər. 
Noyabrın 23-də – çempionatın 4-cü günü meydanda futbol mütəxəssislərinin  elə bir sürpriz gözləmədikləri Mərakeş millisi ilə kifayət qədər tanınmış ulduz futbolçulardan formalaşdırılan Xorvatiya komandası qarşılaşacaqdı. Oyundan əvvəl komandalar haqqında bəzi araşdırmalar aparandan sonra bu qənaətə gəldik ki,  Mərakeş millisi mundiallarda yeni komanda olmasa da, illərdir ki, onun bu yarışmalarda elə bir uğurlu çıxışı qeydə alınmayıb. Dörd il əvvəl mərakeşlilər heç İran millisinə belə qalib gələ bilməyib, qrupda dördüncü yeri tutmaqla kifayətləndilər və Dünya çempionatını vaxtından əvvəl tərk etdilər. Gözləmək olardı ki, “atlas şirləri” bundan nəticə çıxaracaq və bu mindiala vəsiqəni elə belə qazanmadıqlarını oyunları ilə sübut edəcəklər. Amma onların yer aldığı qrupda komandalar elə də zəif hesab edilmirlər. 
Mərakeş millisinin heyətində çıxış edən futbolçular zəif oyunçular da hesab edilmir. Onların ən güclü tərəfi müdafiə xəttidir. Əlbəttə, təkcə ona görə yox ki, bu mövqedə Avropada tanınan ulduz futbolçu Əşrəf Hakimi oynayır. Onun yer aldığı mövqedə çox istedadlı həmkarları yer alır və üstəgəl  bu xətt yüksək intizamı və əzmkarlığı ilə seçilir. 
Mərakeşlilər turnir öncəsi 4 oyunda qapılarından bir top belə buraxmayıblar. Onlar hücum futbolundan daha çox müdafiə oyununa üstünlük verirlər və əks-hücumlara ümid bəsləyirlər. Ona görə Hakimi və komandasının daim müdafiəyə çəkilib, qapılarını “bağlayacaqlarına” ümid etmək doğru olmazdı. Mərakeşlilər qapılara top vurmaqda elə qolla seçilməsələr də, lazımi nəticəni əldə etməyi bacarırlar. 
Diqqət çəkən bir məqam da mundial öncəsi bu millinin baş məşqçisinin dəyişdirilməsidir. Təcrübəli bosniyalı Vahid Xəlilxociç yığmanın liderləri ilə, xüsusilə Hakim Ziyeşlə  dil tapa bilmədiyindən, federasiya qərara gəlib ki, komandada mühit daha vacibdir və ona görə baş məşqçi ilə yollarını ayırıb. Hazırda Mərakeş millisinə rəhbərlik edən  Valid Reqraquidir. O, az bir vaxtda ərköyün liderləri komandaya qaytararaq onlarla razılğa gələ bilib. İndi həmin ərköyün uşaqlar sübut etməyə çalışacaqlar ki, keçmiş baş məşqçinin  istefaya göndərilməsinə nahaqdan səy göstərməyiblər. 
Xorvatiya millisinə gəldikdə isə,  futbol azarkeşləri bu komanda haqqında kifayət qədər məlumatlıdırlar. Xorvatlar bu mundial öncəsi beynəlxalq turnirlərdə beş ardıcıl qələbə qazanaraq, 16 oyunu məğlubiyyətsiz başa vurublar. Yəni Xorvatiya Qətər turnirinə favorit kimi getməsə də, aktivində 16 məğlubiyyətsiz oyunla gəlib ki, bu göstəriciyə top komandalar belə qibtə ilə yanaşardılar. Əlbəttə, bu statistika Xorvatların Avro-2020-də İspaniya millisinə ekstra taymda məğlub olmasından sonra qeydə alınıb. 
Amma belə statistikaların  bəzən zərərdən başqa bir fayda vermədiyini Argentinanın timsalında gördük. Şübhəsiz, bu fakt komandanın səviyyəsini və gücünü göstərdiyi üçün  rəqib komandaların ciddi nəzərə alması vacibdir. Çünki xorvatlar heç də zəif rəqiblərlə güclərini sınamayıblar. Onlar əsasən Avropanın güclü və mübariz komandaları olublar. Məsələn, hazırkı dünya çempionu Fransa millisini iki dəfə məğlubiyyətə uğradıblar. 
Ekspertlər söyləyirlər ki, xorvatlar hücum xəttindən başqa bütün mövqelərdə güclü oyun nümayiş etdirirlər. Güclü yarımmüdafiə Xorvatiya millisinin əsas “kozır”larından biri hesab edilir. Bu xətdə Luka Modriç kimi   təcrübəli veteranlarla yanaşı, onları layiqincə əvəzləyə biləcək etibarlı gənc futbolçular da yer alıb. Baş məşqçi Zlatko Daliçin seçmək imkanlarının geniş olduğunu nəzərə alsaq, demək xorvatların debüt matçında baxımlı oyun nümayiş etdirib azarkeşlərinə sevinc yaşadacağına ümid bəsləmək olar. 
Heyətində Modriç, Brazoviç, Vlaşiç, Kramariç, Kovaçiç kimi tanınmış futbolçulara qarşı oyuna Valid Reqraui Avropa futbol liqalarında top qovan Ziyeç, Amarabat, Hakimi, Mazraou, En Nasiri kimi istedadlı oyunçuları çıxarmışdı. 
Matçin gərgin mübarizə şəraitində keçməsinə baxmayaraq,  birinci hissədə komandalardan heç biri  qapılara yol tapa bilmədi. Xorvatiyalıların ikinci hissədə də mərakeşlilərin müdafiəsini yarmağa gücü çatmadı. Beləcə Mundialda artıq üçüncü qolsuz heç-heçə qeydə alındı:  Mərakeş-0, Xorvatiya -0. 
***
Günün ikinci qarşılaşması E qrupunda yer alan və mundialın Avropa fovaritlərindən bəlkə də birincisi sayılan Almaniya millisi ilə gündoğar ölkənin təmsilçisi Yaponiya komandası arasında keçirildi. Almaniyanı oxuculara geniş təqdim etməyə elə böyük ehtiyac olmasa da, favoritin  bəzi üstün oyun imkanlarını diqqətə çatdırmağı lazım bildik. 
Mütəxəssislər bu qrupdakı ilk turun oyunlarını, favoritlərlə nominal autsayderlər arasında klassik matçlar adlandırırlar. Çünki Almaniya və Yaponiya milliləri ilə yanaşı, dünən qrupun daha iki komandası – İspaniya və Kosta-Rika komandaları qarşılaşdılar. 
Almaniya bu mindialda ilk dəfə Hans Ditrix Flikin rəhbərliyi altında uğur qazanmaq üçün mübarizəyə başlayırdı. Yaponiya hələ ki, bu kvartetin üçüncüsü  olmağa namizəd təsiri bağışlayır. Amma onun favoritlərin əsəbləri ilə oynayacağını da istisna etmək olmaz.  
Matçın əsas diqqət çəkən məqamı Almaniya millisinin müdafiəsi olacaq. Hələ Flik heyəti elan edəndə aydın olmuşdu ki, baş məşqçi əsas seçimi yarımmüdafiəyə və hücuma edir. Yarımmüdafiədə oynayan futbolçuların fonunda  müdafiə həqiqətən çox zəif təsir bağışlayır. Təbii ki, bu xəttdə əsas dayaq müdafiəçisi Antonio Ryudiger istisna olunmaqla. Yəqin əsas ağırlıq da elə bu “anderdoqun” üzərinə düşəcək. Əslində, Flikin seçimindən kənarda qalan Mats Hummels Ryudigerlə tandemdə daha güclü müdafiə xətti formalaşdırmaq olar və bu daha ideal  görünərdi. 
Amma “Bavariya” klubundakı fəaliyyətindən bəllidir ki, Flik komandasının çox yüksək müdafiə xəttində oynamasına həmişə üstünlük verir. Ona görə onun üçün çox sürətli olan Mattis Ginterdən Niko Şlotterbek  və “Bavariya”dan yaxşı tanıdığı Niklas Zyüle daha məqbuldur. 
Almaniyanın hücum imkanlarına gəldikdə, nəinki mütəxəssislər, eləcə də  futbol azarkeşləri komandanın bu potensialını yaxşı bilirlər. Ancaq almanlara kreativlik cəhətdən yeniləşmə çatmırdı ki, bunu da özünün Dünya çempionatında debüt oyununa çıxan Camal Musial  təmin edəcəkdi. “Bavarıya”nın bu istedadı haqqında onun əldə etdiyi uğurlar və vurduğu qollar özü-özlüyündə hər şeyi deyir.  Başlıca intriqa ondadır ki, Flik Musialı yığmada hansı keyfiyyətdə görür. 
Yaponiya millisinə gəldikdə isə, komanda “ortabab”lar arasında ən maraqlı yığmalardan biri hesab edilir. Milliyə Avropanın hətta top klublarında çalışan tanınmış futbolçular cəlb edilib – müdafiədə Takexiro Tomnyasu, yarımmüdafiəçilər Takumo Minamino, Lamasiyanın yetirməsi olan Takefuso Kubo, öz ampluasında millinin ən bahalı və ən yaxşısı hesab edilən “Ayntraxt” klubunun yarımmüdafiəçisi Daiti Kamada.
Bir faktı da qeyd edim ki, bu oyunda Yaponiya millisi heyətinə görə deyərdim hətta müəyyən üstünlüklərə malikdir. Çünki komandanın bir çox oyunçuları Bundesliqada çalışırlar və kimə qarşı necə oynamağı yaxşı bilirdilər. Çox yəqin ki, yaponiyalılar almanların qapısı qarşısında öz şanslarını qazanacaq və bundan maksimum istifadə edəcəklər. Lakin almanlar baş məşqçi kimi Flikin Dünya çempionatındakı debüt matçında  məğlub olmaq istəməzdilər. Öz klasslarına görə onlar qətiyyətlə oynayıb qələbə əldə etməyə qabildirlər. “Alman maşını” Bakı vaxtı ilə saat 18:00-da  Yaponiya  milisinə qarşı nə qədər dəqiq olduğunu nümayiş etdirməyə çalışdı. 
Oyunun 33-cü dəqiqəsində hakim qayda pozuntusuna görə Yaponiya millisinin qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. Türk əsilli Almaniya futbolçusu İlkay Gündoğan zərbəni qola çevirib komandasını 1-0 irəli çıxardı. Birinci hissənin son dəqiqəsində Qaya Havertsin vurduğu ikinci qol hesaba alınmadı.
Bunlar bir qədər ümidləri artırsa da, ikinci hissədə yaponlar daha əzmkar oyun nümayiş etdirirdilər. Nəticə özünü çox gözlətmədi. 75-ci dəqiqədə gündoğan ölkənin futbolçusu Ritso Doan hesabı bərabərləşdirdi. 83-cü dəqiqədə isə oyunun ən yaxşılarından olan Takumo Asano  komandasını hesabda irəli çıxardı: Almaniya – 1, Yaponiya – 2. Almanlar əlavə edilmiş vaxtda belə məğlubiyyətdən qaça bilmədilər. Beləliklə, Qətər çempionatının dördüncü günü mundial ikinci sensasiyanın şahidi oldu.  
***
Günün üçüncü qarşılaşması Bakı vaxtı ilə saat 21-də başlayan İspaniya–Kosta-Rika  matçı oldu. “Qırmızı furiya” bundan əvvəlki iki çempionatda heç də gözlənilən səviyyədə oyun nümayiş etdirə bilməmişdi. Bir dəfə qrup mərhələsini adlaya bilmədi,  bir dəfə də 1/8 finaldan kənarlaşdırıldı. İspanlar  ümumiyyətlə, üç  Dünya çempionatının qrup mərhələsinin ilk matçında qalib gələ bilməyiblər. Ona görə də dünənki oyun həm turnir baxımından, həm də psixoloji cəhətdən onlar üçün vacib rol oynayırdı. 
Hazırkı İspaniya millisi çempionatın ən gənc komandalarından sayılır.  Komandada orta yaş 25,9 il sayılır. Bundan az yaş yalnız 6 komandada qeydə alınıb. Millinin bir neçə yarımmüdafiəçisi artıq komandanın əsas oyunçuları sayılırlar. Söhbət təbii ki, Luis Enrikenin komandasında yer alan Qavi və Pedridən gedir. İspanların gənc heyəti həm fiziki, həm də taktiki baxımdan çox yaxşı təsir bağışlayırlar. Onlar bir qədər də təcrübə toplasalar, möhtəşəm futbol nümayiş etdirəcəklər. Ancaq psixoloji cəhətdən komandanın problemləri yarana bilər, çünki onların əksəriyyəti ilk dünya çempionatlarına çıxırlar. 
Bir çatışmayan cəhət də İspan komandasında parlaq liderin olmamasıdır. Təbii ki, qələbə qazanmaq üçün qol hissiyyatı olan futbolçunun olması çox vacibdir. Amma nə Ferran Tores, nə Alvaro Morata, nə də Eder Sarabiya hələ ki, bu xaraktera malik oyunçular deyillər. Gənc Ansu Fati isə uzun müddət zədə səbəbindən oynamadığı üçün ona ümid etmək baş məşqçini də, komandanı da məyus edə bilər.  Hər halda nominal autsayderlər sırasında olan Kosta-Rika ilə matçdan sonra “Furiya roxa”nın imkanlarını daha obyektiv və dolğun qiymətləndirmək olar. 
Matç  başlayar–başlamaz Luis Enrikenin yetirmələri mütəxəssisin taktiki planlarına əməl edib, yüksək müdafiə xəttində oynayır və rəqibi topsuz qoyaraq öz oyun üslublarını diktə etməyə çalışırdılar. 
Elə matçın birinci hissəsində ispanlar kosta-rikalıların qapısından 3 cavabsız top keçirdilər. Olmo, Asensio və Torres hərəyə bir qola imza atdılar. İkinci hissə isə Kosta–Rika millisi üçün daha fəlakətli oldu. Torres, Qavi, Soler və Moratanın qolları ilə Luis Enrikenin yetirmələri hesabı 7-0-a çatdırdılar.  
Bu görüşdən sonra İspaniya millisinin DÇ-də qollarının sayı 106-ya çatdı. Beləliklə, “furiya roxo” Dünya çempionatlarında qollarının sayı 100-ü keçən altıncı komanda oldu. 

 

İlqar RÜSTƏMOV,  
“Xalq qəzeti”

24 Noyabr 2022 04:00 - İDMAN
İDMAN
26 Noyabr 2022 | 04:29
Bakıda gimnastika yarışı
25 Noyabr 2022 | 03:05
Bakıda karate turniri

Köhnə versiyamızdan xəbərləri izlə