Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yarımçıq ömürlərin əbədiyyət nəğməsi

Zəfər salnaməsi

 İkinci Qarabağ müharibəsinin ilk gülləsi də tarixdi, sonuncu gülləsi də. Xalqın qələbə ruhu ilk güllədən sonuncu gülləyə kimi mənəvi döyüş bayrağı oldu. Bu ruhun zəfəri döyüşlərdə şəhid olanlara, cəbhədən dönən qazilərə sayğı-sevgi ilə salnamələşir.
Vətən müharibəsində Azərbaycan Ordusu düşmənin işğal müddətində yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini dağıdırdı, döyüşə-döyüşə qələbələr qazanırdı, qələbələr qazana-qazana döyüşürdü. Azərbaycan Ordusu şəhidlik zirvəsinə yüksələ-yüksələ döyüşürdü.
Respublika Xatirə Kitabının hazırladığı 5 filmdən ibarət “Vətən daşı” sənədli serialına baxdıqca bir daha əmin olursan ki, hər şəhid hər birimizin əzizidir – şəhid ömrü ömürlərdə yaşayır. Filmlərin ssenari müəllifi və rejissoru yazıçı Vüsal Nuru şəhidlik fəlsəfəsinin dərki üçün maraqlı detallara istinad edib. Təhkiyyələr səmimidir. Müəllif şəhidlik fəlsəfəsinin mahiyyətini açmaqla filmin ədəbi, mənəvi-psixoloji uğurunu təmin edib.
Filmlərə baxdıqca böyük Məmməd Arazın tanış misralarını xatırlayırsan:
 
Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı!

 
Filmlərin layihə rəhbəri və direktoru şair Nəzakət Məmmədli bildirir ki, Vətən müharibəsində hər döyüş bir tarix olub. İllər keçsə də, o döyüşlər unudulmayacaq. Qəhrəmanlar həm tarixdə yaşayacaq, həm də yaddaşlarda. 
...Ömər Rəhimli də döyüşüb, qəhrəmanlıqla döyüşüb, qəhrəmanlıqla şəhid olub. Ömərin tarix müəllimi Könül Cəfərova onun qürurlu şagird olmasından danışır, bu qürurun heysiyyət çalarından söz açır. Kəlmələr bir ömürə düşən işıq misallıdır – dinləyənin könlünə səpilir. Ömər yeniyetməliyindən Vətənin nə olduğunu gözəl dərk edib. Zənnimcə, bu amil sənədli filmin ideyası üçün gərəkli remarkadır – bu, həm də şəhidliyin dərkinə vasitədir.
...Vüsal Şükürov isə həqiqi hərbi xidmətdə Aprel döyüşlərinin iştirakçısı olub. O da rəşadətlə döyüşüb. İkinci Qarabağ müharibəsi başlayanda o da döyüşlərə gedib. Alxanlıda, Cəbrayılda döyüşüb. Son döyüşü Şuşada olub. Son nəfəsi də Şuşada alıb. Ssenari müəllifi bu məqamın bir sevgi elegiyası kimi təqdiminə nail olub. 
“Vətən daşı” sənədli filmləri həm də Vətən haqqında dünyəvi duyğular əsəridir. Gümüş üzüklər haqqında səslənən fikirlər də sənədli filmin milli mentalitetdən rişələndiyinin təsdiqi kimi səslənir. Bu sənədli filmlər Azərbaycan əsgərinin döyüş yoludur, müharibə tariximizdir. Müəlliflər “Vətən daşı”nı Zəfər tariximiz kimi təqdim edə biliblər; bu tarixdə qazilik də var, şəhidlik də. “Vətən daşı” sənədli filmlərinin mahiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhidlərə ünvanladığı bir kəlamla səsləşir: “Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad ediblər”.
“Vətən daşı” sənədli filmləri Azərbaycan əsgərinin – İkinci Qarabağ müharibəsində şəhid olan döyüşçülərimizin əbədi ömrü haqqında sənət əsəridir, tarixin özünün tarixləşdirdiyi hadisələr haqqında qürurlu bir elegiyadır. Bu filmlər həm də deyir ki, şəhidlərimiz qəhrəman olmaq üçün döyüşməyiblər, qəhrəmanlıqla döyüşüblər...
“Vətən daşı” yarımçıq ömürlər haqqında əbədiyyət nəğməsidir. Bu nəğmə İkinci Qarabağ müharibəsində qazanılan Zəfəri tərənnüm edir.

 

Rəşid FAXRALI, 
şair-publisist

24 Noyabr 2022 03:51 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə