Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xahiş edirəm, növbənizi gözləyin!”

Xatırlatma

Tez-tez eşitdiyimiz ifadələrdən biridir: “Xahiş edirəm, növbənizi gözləyin!” Bəli, növbə məsələsi artıq ciddi problemə çevrilib. Halbuki ötən əsrin 80-ci illərində növbə mədəniyyəti önəmli olub. Sonra nə baş verdisə, bu ənənə itdi...


İctimai nəqliyyata minərkən, ticarət obyektlərində alış-veriş edərkən, xidmət sahələrinə gedərkən mütləq şəkildə növbə tutmalıyıq. Tuturuq, amma bir çox hallarda xoşagəlməz durumla da qarşılaşırıq. Saatlarla gözləməyimiz bir yana, bəzən növbəyə düşmək üçün bir neçə gün öncədən yazılırıq. İstəyimizə çatanda görürük ki, hansısa nataraz biri “basıb-keçdi” önə. Əlimiz üzümüzdə qalır. Dillənmək istəyəndə isə borclu çıxarılırıq. 
Müştəri xidmətləri olan qurumlarda vəziyyət nisbətən qənaətbəxşdir. Orada xüsusi aparatlar var. Növbə götürürsən və rəqəm elektron məlumat lövhəsində görünəndən sonra yaxınlaşırsan.  Heç kim, istəsə belə, yuxarı başa keçmir… Məsələn, “Asan xidmət” mərkəzlərində, Azercell, Bakcell, Nar kimi şirkətlərdə, bəzi notariat kontorlarında, banklarda haqqında söz açdığımız sistem özünü doğruldur. Nəbadə, işin xəstəxanaya, poliklinikaya düşə. Dünəndən yazdırdığın növbə əlində qalacaq, səndən qabaq neçəsi həkimin yanına keçəcək (hələ bəzi həkimlərin öz adamlarını növbəsiz çağırmalarını demirik). Hansına irad tutursan, deyir mən sübh tezdən buradayam. Bu yerdə növbə, necə deyərlər, gedir işinin dalınca.
Marketlərdə də belə hallar müşahidə olunur. Uzun-uzadı növbədə dayanırsan, görürsən ki, əlində siqaret qutusu və ya su şüşəsi tutmuş biri heç kimə əhəmiyyət vermədən gəlib keçir qabağa. Adam belə hesab edir ki, əlində cəmi iki məhsul varsa, deməli, növbə gözləməyə bilər.
Biz qədim xalqıq, dünyaya mədəniyyət bəxş edən toplumuq. Böyük ədiblərimiz, filosoflarımız, tarixi-memarlıq abidələrimiz var.  Əcnəbilər sivil cəmiyyətə sahiblik haqqımızı tanıyırlar və s. Amma, təəssüf ki, növbə mədəniyyəti zəifdir. Halbuki xaricdə, bəzən müxtəlif səbəblərdən bəyənmədiyimiz uzaq ellərdə, növbə, intizam ənənəsi ciddi şəkildə qorunur. İnanmırıq ki, Fransada, Almaniyada, İngiltərədə, götürək elə Rumıniya, Polşa, və Çexiyada kiməsə “xahiş edirəm, keçin yerinizə, növbənizi gözləyin!” iradı tutulsun. Bakıda ətrafımız hər gün belə adamlarla doludur. Bu yerdə böyük Ramiz Rövşənin bir misrasını azacıq təhrif etmək istədik. 
...Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz, ömründə min yol
Növbə gözləməyən adamlar keçir. 
İllərdir yollarımız nəqliyyat sıxlığından əziyyət çəkir. Dövlət bu durumu aradan qaldırmaq üçün çox düşünüb, daşınır. Körpülər, tunelllər tikir, təmir işləri aparır. Amma tıxac gündən-günə artır. Əlbəttə, bunun səbəblərindən biri avtomobillərin çoxalmasıdır. Amma, əminik, bəzi sürücülərin növbə qaydalarına əməl etməmələri də vurğulanmalıdır. Heç kəs bir-birini gözləmir, demək olar, əksəriyyət özünə aid olmayan yola çıxaraq qaydanı pozur. Nəticədə, tıxac yaranır, siqnal səsləri aləmi bürüyür, əsəblər tarıma çəkilir. 
Dayanacaqlarda marşrut gözləyən sərnişinlərin də arasında növbə intizamına əməl etməyənlər çoxdur. İntervalı pozan və vaxtından gec gələn avtobusun yaxınlaşdığı anı təsəvvür edəndə təbiətlə bağlı sənədli filmlərdəki qorxunc epizodlar yada düşür. Əlqərəz, hər kəs çalışır ki, qapıdan içəri birinci keçsin.  
Bax belə… Bir sözlə, növbə məsələsi həyatımızın bütün sahələrinə təsir göstərir. Ümumən, növbə prinsiplərinə, qaydalarına əməl etmənin vacibliyi hiss olunur. Bəli, yenə bildirək ki, növbə mədəniyyətdir və hər bir insanın bu mədəniyyətin daşıyıcı olması şərtdir. Bu mədəniyyət cəmiyyət üzvlərinin şüurunda elə oturuşmalıdır ki, heç kimlə mübahisəyə, kiməsə xəbərdarlığa ehtiyac duyulmasın. 

 

Anar TURAN, 
“Xalq qəzeti”

24 Noyabr 2022 03:46 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə