Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı muzeyinin didərgin eksponatları

Qoruyaq, yaşadaq

Ermənistan silahlı birləşmələrinin ərazilərimizi işğal etməsi nəticəsində 22 muzey və onların filialları darmadağın edilib, eksponatlar təcavüzkar ölkəyə daşınıb. Ümumiyyətlə, işğal olunmuş ərazilərdə 762 abidə və 1431 mədəniyyət müəssisəsi qalıb. Qarət edilmiş muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli xalçalarımız, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar toplanmışdı.  


Azərbaycanın tarixi guşələrindən biri olan Xocalı ən qədim memarlıq və mədəniyyət abidələri ilə zəngindir. Təəssüf ki, mənfur qonşularımızın işğalçılıq siyasəti nəticəsində Xocalıdakı tarixi abidələrimiz də təcavüzə məruz qalaraq dağıdılmışdır. Qədim tarixlərdən yadigar qalan eksponatların bəziləri Xocalı rayonu Yaloba Kənd Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Ancaq muzeyin əksər dəyərli eksponatları da düşmən tapdağı altında qalmışdır.
Muzeyin direktoru Tofiq Məmmədov bildirir ki, obyekt 1988-ci ildən 1991-ci ilə kimi ictimai əsaslarla fəaliyyət göstərmiş, Azərbaycan Respublikası mədəniyyət nazirinin 1991-ci il 19 aprel 144 saylı əmrinə əsasən, Şuşa rayon Mədəniyyət Şöbəsinin 5 may tarixli əmri ilə rəsmi fəaliyyətə başlamışdır. Əfsuslar olsun ki, 1992-ci il may ayının 9-da erməni quldurlarının Xocalı rayonunun Kosalar kəndinə hücumu zamanı muzeyin bütün eksponatları işğal zonasında qalıb. Kənd işğal edilməmişdən əvvəl muzeydə 800 adda 1500 ədəd qiymətli eksponat var idi. Qarabağın tarixini əks etdirən qədim xalçalar, kilimlər və başqa çoxlu sayda toxuculuq əşyaları, saxsı və keramikadan hazırlanmış maddi-məişət əşyaları, Şuşa rəssamlarının yağlı boyalarla çəkdikləri rəsm əsərləri, mədəniyyət xadimlərinin portretləri, qədim kənd təsərrüfatı alətləri muzeydə yer almışdı. 
Köçkünlük illərinin əvvəllərindən xocalıların özü kimi didərgin düşən Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyi Gəncə şəhəri Kəpəz rayonunun Hacıkənd qəsəbəsində fəaliyyətini davam etdirmişdir. Muzey 2014-cü ilin dekabr ayından isə Gəncə şəhəri yaxınlığında xocalılar üçün salınmış qəsəbədə öz ekskursiyaçılarını qəbul edir. Hal-hazırda Gəncə Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyətini davam etdirən muzeyin fonduna vətənpərvərlik mövzusunda stendlər və Qarabağın qədim tarixini əks etdirən eksponatlar toplanaraq daxil edilmişdir. 
Yaloba Kənd Tarix-Diyarşünaslıq Muzeyi bizim üçün əziz ziyarət yerlərindən biridir. Şagirdlərimiz, muzeyə baş çəkən qonaqlarımız burada Xocalı haqqında özlərində təəssüratlar yaradırlar. Çünki bu muzeyə daxil olarkən sanki Xocalının havasını udur, torpağında gəzir, qədim tarixinə nəzər salırsan. Eyni zamanda, Xocalı soyqırımından bəhs edən stendlər, şəhidlərimiz haqqında məlumatverici lövhələr insanı dərin kədərə qərq edir. 
Dövlətə və dövlətçiliyimizə daim sədaqət göstərən, Prezident İlham Əliyevin ətrafında sıx birləşən xocalıların Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfərdən sonra Xocalıya qayıdacaqlarına olan inamları daha da artmışdır. Bu gün Xocalının qədim tarixini, mədəniyyətini özündə əks etdirən, maddi-mənəvi xəzinəmiz olan Yaloba Kənd Tarix-Diyarşünaslıq Muzeyinin didərgin eksponatları da aid olduğu torpaqlara qayıdışı səbirsizliklə gözləyirlər. 

 

Qalib BƏYMƏMMƏDOĞLU

24 Noyabr 2022 03:41 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə