Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oğullar Vətən üçündür

Xalqımızın İki il bundan əvvəl 44 günlük şanlı savaşda yağı düşmən üzərində qazandığı parlaq qələbə böyükdən-kiçiyə hər bir Vətən övladında, qəlbi xalqın arzu və diləkləri ilə döyünən hər bir qeyrətli vətəndaşda böyük coşqu və ruh yüksəkliyi yaradıb. Qədim və şərəfli tariximizin bu mübarək səhifəsi bizim hər birimiz üçün son dərəcə doğma və əzizdir.


Azərbaycan xalqı bu Tarixi Zəfəri əziz şəhidlərimizin qanı, həyatı, qazilərimizin, bütün əsgər və zabitlərimizin qeyri-adi hünəri və şücaəti hesabına qazanıb. İllər, onillər keçəcək, qərinələr, əsrlər bir-birini əvəz edəcək, ancaq başımızı uca edən, ruhumuza ruh verən, hər birimizi qürurlu və məğrur edən bu Qələbənin əhəmiyyəti heç vaxt azalmayacaq. 
Bəli, bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyilə Azərbaycan öz tarixinin ən xoşbəxt günlərini yaşayır. Biz bugünkü nəsillərin yenilməz ruhunu övladlarımıza, gənclərimizə, bu gündən sabaha, gələcək nəsillərə ötürməliyik. Bu, bizim müqəddəs vətəndaşlıq borcumuzdur. Bu zaman şəhidlərimizin pak ruhu bizdən razı qalacaq. Nə qədər Azərbaycan var, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! 
Məlum olduğu kimi, bu il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunmuş tədbirdə iştirak ediblər. Dövlətimizin başçısı hərbçilər qarşısında parlaq çıxış edərək fəxrlə demişdir: “Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bir daha demək istəyirəm, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər, cəmiyyətdə milli birlik, milli həmrəylik ideyaları üstünlük təşkil etdi”.
Möhtərəm Prezidentimiz çıxışında, həmçinin qeyd edib ki, dövlətimiz vətənpərvərlik məsələləri ilə bağlı çox fəal, uğurlu siyasət həyata keçirib. Gənc nəslin yüksək vətənpərvərlik ruhunda tərbiyə edilməsi cənab Prezidentin siyasətinin əsas istiqamətlərindən biri olmuşdur və Azərbaycanın parlaq gələcəyi kimi ali amallara xidmət edən bu siyasət böyük uğurla davam etdirilir. 
Azərbaycan dövləti yeniyetmə və gənclərin vətənpərlik ruhunda tərbiyə olunması ilə bağlı yaradıcı, düşünülmüş şəkildə işlər görür. Bu mühüm sahə dövlət qurumları, siyasi partiyalarla bərabər, ziyalıların, eləcə də vətəndaş cəmiyyəti fəallarının da daim diqqətindədir. Qeyri-hökumət təşkilatlarının (QHT) bu istiqamətdə atdığı addımlar, icra etdikləri layihələr həqiqətən diqqətəlayiqdir. 
Konkret misal çəkmək istərdim. Bir müddət əvvəl məni vətənpərvərlik mövzusunda keçirilən bir tədbirə dəvət etmişdilər. Əslində, bu, dəyirmi masa idi. Burada QHT rəhbərləri və fəalları öz gördükləri işlərdən söz açır, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi edirdilər. 
Tədbirdə iştirak edən “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu”nun sədri, Birinci Qarabağ müharibəsi əlili Sərraf Orucov çıxış edərək dedi ki, o, bir qrup Əfqanıstan və Birinci Qarabağ müharibələri veteranları ilə birlikdə ölkəmizin müxtəlif bölgələrinə gedərək şəhid ailələrini, qaziləri ziyarət etmiş, onların qayğıları ilə maraqlanıb. Onlar, həmçinin, bir çox ümumtəhsil məktəbləri ilə yaxından əməkdaşlıq edərək, yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları istiqamətində təbliğat işi aparırlar. 
Mən Sərraf Orucovu çoxdan tanıyıram. Onun Birinci Qarabağ müharibəsində könüllü surətdə vuruşaraq yaralandığından da xəbərim var. Sərraf Vətən müharibəsində də vuruşmaq üçün hərbi komissarlığa müraciət edərək könüllü surətdə düşmənə qarşı ən ağır döyüşlərə atılmağa hazır ­olduğunu bildirmişdi. 
Sərraf Orucov bu gün son dərəcə xoşbəxtdir ki, yenilməz Azərbaycan Ordusu erməni silahlı qüvvələrini məğlub edərək torpaqlarımızdan qovmuşdur. O, bu gün Sərraf vətəndaş cəmiyyətinin üzvü kimi də fəaldır. Rəhbərlik etdiyi fondun üzvləri böyük ruh yüksəkliyilə bir-birindən maraqlı vətənpərvərlik layihələri icra edirlər. 
Onu bir vətəndaş olaraq qane edən həm də budur ki, Azərbaycan dövləti hər bir şəhid ailəsinin, qazilərin problemlərini diqqətdə saxlayır. Sərraf müəllim bu barədə danışarkən dedi: 
– Cənab Pezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarımızın problemləri yalnız onların problemləri deyil, bütün cəmiyyətin problemi sayılmalıdır. Xoşbəxtlikdən, bu gün Azərbaycan dövləti də, xalqı da öz şəhidinin də, qazisinin də dərdini, qayğısını özününkü bilir. 
Bu il noyabrın 16-da Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə “Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi” mövzusunda Quba şəhərində rayon ictimaiyyətinin, çox sayda media və QHT nümayəndələrinin iştirakı ilə işgüzar konfrans keçirildi. Konfransa “Xalq qəzeti”nin əməkdaşı qismində mən də dəvətli idim. 
Quba rayonundakı Heydər Əliyev Muzeyində keçirilmiş həmin tədbirdə Birinci Nügədi kəndindən olan, Birinci Qarabağ müharibəsi şəhidi Pərviz Şirinbəyovun anası Qalina xanımla söhbətləşdim. Qalina xanım dedi ki, oğlu Pərviz 1992-ci ildə Ağdərə uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. İllər ötsə də, kövrək ana qəlbi şəhid övladı üçün çox sızlayır. Bununla bərabər, başa düşür ki, “oğullar Vətən üçündür. Vətəndən uca və müqəddəs heç nə yoxdur!. 
Mən Qalina Şirinbəyovanı dinlədikcə onun qeyrət və dəyanətinə heyran qalmışdım. Məlum oldu ki, ağbirçək ana əslən Ukraynanın Nikolayevsk vilayətindəndir və son aylar Ukrayna torpağında ağır döyüşlər getdiyi üçün oradakı doğmalarına görə narahatdır.
Bir anlıq sükutdan sonra artıq yarım əsrə yaxındır Qubada yaşayan Qalina Şirinbəyova səlis Azərbaycan dilində bu sözləri söylədi: 
– Kaş bütün müharibələr bir an içində dayanaydı, Yer kürəsinin hər bir guşəsində əmin-amanlıq hökm sürəydi. 
Burada bu yazıya nöqtə qoymaq olardı. Amma Qalina xanımla söhbətdən o da məlum oldu ki, o, Qubada uğurla fəaliyyət göstərən “Şəhid Ailələrinin Müdafiə Cəmiyyəti” İctimai Birliyinin sədridir və QHT rəhbəri kimi rayonun müxtəlif idarə və müəssisələrində, xüsusilə də orta ümumtəhsil məktəblərində keçirilən görüşlərdə fəal iştirak edir, yeniyetmə və gəncləri hər an Vətəni qorumağa hazır olmağa səsləyir. 
– Nə Azərbaycan xalqı, nə də ukraynalılar özgə torpaqlarına göz dikməyiblər, amma bir qarış torpağımızı da heç kəsə verən deyillər.
Beləcə, şəhid anası Qalina Şirinbəyova ilə söhbətimiz başa çatdı. Mən Bakıya qayıtdım, o isə mərhum həyat yoldaşı Əkrəm və oğlu Pərvizin ruhlarının uyuduğu Birinci Nügədi kəndinə. 

 

M.HACIXANLI, 
“Xalq qəzeti”

24 Noyabr 2022 03:35 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə