Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni qanun layihəsi plenar iclasa tövsiyə olundu

Dünən Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclası keçirildi. Tədbirdə parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri və üzvləri olan deputatların iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı.


Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli iclası açaraq bildirdi ki, ölkədə cəmiyyət həyatının bütün sahələrini əhatə edən sistemli, ardıcıl islahatlar həyata keçirilir. Bu islahatlar nəticəsində Azərbaycanın dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində ciddi dəyişikliklər müşahidə olunur. Milli Məclis də qanunvericilik müstəvisində bu prosesdə yaxından iştirak edir. 
F.İbrahimli parlamentdə təmsil olunan siyasi partiya  nümayəndələrinin "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin Sədrinə müraciət etdiyini diqqətə çatdırdı. O, yeni qanunun hazırlanmasını zəruri edən məqamlardan söhbət açaraq,  qeyd etdi  ki, qanunun qəbulundan 30 il keçib. Bu müddətdə ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verib. Yeni qanunda həmin dəyişikliklər öz yerini tapmalı idi. O, bildirdi ki, Milli Məclisin Sədri Sahibə Qafarova siyasi partiyaların təklifini dəstəkləyib və yeni qanun layihəsinin hazırlanması haqqında tapşırıq verib. 
Vitse-spiker İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələri tərəfindən qanun layihəsinin hazırlanması prosesi barədə məlumat verdi. İş prosesində dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirdi. O, bu məsələ ilə bağlı Milli Məclisin ölkədə fəaliyyət göstərən siyasi partiyalara müraciət etdiyini və 47 siyasi partiyadan 250-dən çox təklifin daxil olduğunu söylədi. 
Qeyd edildi ki, qanun layihəsi hazır olduqdan sonra Milli Məclisin saytında yerləşdirilərək, geniş ictimaiyyətin müzakirəsinə təqdim olundu. Sonra qanun layihəsi ilə bağlı  siyasi partiya təmsilçilərinin və Qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə iki dinləmə keçirildi. Bununla yanaşı, mətbuatda, sosial şəbəkələrdə sənədlə bağlı aparılan müzakirələrdə müxtəlif fikirlər səsləndirildi. İctimai dinləmələrdə, müzakirələrdə təqdim olunan təkliflər nəzərə alınaraq, qanun layihəsi üzərində iş davam etdirilib və sənəd yenilənmiş variantda müzakirəyə çıxarıldı. O, Sosial Tədqiqatlar Mərkəzinin qanun layihəsi ilə bağlı həyata keçirdiyi işləri də təqdirəlayiq hesab etdi.
Sənədin yenilənməsi zamanı layihədə 66 dəyişiklik edildiyi diqqətə çatdırıldı.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlərin sənəddə öz əksini tapdığını bildirdi. Qeyd etdi ki, məqsəd qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olması, habelə birləşmək azadlığı hüququnu özündə ehtiva etməsindən ibarət idi. O, qanun layihəsinə edilən dəyişikliklərdə müzakirələr zamanı siyasi partiyalar və ictimaiyyət nümayəndələrinin səsləndirdiyi fikirlərin öz əksini tapdığını bildirdi. 
Birinci vitse-spiker yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddətin  artırıldığını, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlərin isə azaldıldığını bildirdi. Qeyd etdi ki, layihəyə edilən dəyişikliklər nəticəsində müzakirələr zamanı bəzi məqamlarla bağlı narahatçılıq doğuran məsələlər aradan qaldırılıb. 
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qanun layihəsinə edilən bəzi dəyişikliklər barədə məlumat verdi. Diqqətə çatdırdı ki, partiyaların yaradılması üçün üzv tələbinin 10 mindən 5 min nəfərə endirilməsi demokratik bir normadır. Partiyalarla bağlı dövlət orqanları tərəfindən atılan addımların yalnız siyasi plüralizm, açıq və ədalətli rəqabət mühitinin gücləndirilməsinə xidmət edəcəyi sənəddə qeyd olunub. Həmçinin, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər vətəndaş səsi uğrunda mübarizə aparmaq, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilir. Bu baxımdan, qanun layihəsinin 25.2.4 və 25.2.5-ci maddələrini inqilabi addımlar kimi xarakterizə etmək olar. Layihədə hər hansı etnik siyasi birliklərə və separatizmə yol açan müddəalara yol verilməyib. Komitə sədri vurğuladı ki, dövlətin məqsədi ölkədə siyasi mühitin canlanması və çoxpartiyalılıq üçün əsasların genişləndirilməsidir.
Sonra sənədlə bağlı geniş müzakirələr aparıldı. 
İclasın sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olundu.
*** 
Sonda mətbuat konfransında jurnalistlərin sualları cavablandırıldı.

 

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

24 Noyabr 2022 03:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2022 | 03:54
Azərbaycan turizmi Polşada
26 Noyabr 2022 | 03:44
Arxası üstə uzanmağı unudun

Köhnə versiyamızdan xəbərləri izlə