Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Asiyanın tanınmış azərbaycanlıları

Özbəkistan Jurnalistlər İttifaqının təşəbbüsü ilə keçirilən, 50-dən artıq xarici ölkə tyəmsilçisinin iştirak etdiyi “Milli jurnalistika: ənənələrin davamlığı və müasirlik” mövzusunda II Media Forumu çərçivəsində Azərbaycanın tanınmış jurnalisti Qulu Kəngərlinin Daşkənddə 2 dildə çap olunmuş 700 səhifəlik “Keçmiş unudulmayanda tarixə dönür” adlı publisistik kitabının təqdimatı keçirilib.


Özbəkistan Jurnalistlər İttifaqı sədrinin müavini Abdusattor Bustonov kitab haqqında məlumat verərək qeyd edib ki, topluda Mərkəzi Asiyada yaşamış və hazırda fəaliyyət göstərən 50-dək tanınmış Azərbaycan türkü haqqında söhbət açılır. Azərbaycan dilində çıxmış kitabın özbək dili variantını tanınmış jurnalist və tərcüməçi Rüstəm Cabbarov çevirib. Təqdimatda özbək yazarlar Mirasror Axrorov, Şirəli Avazmetov  Şaxira Xamro və başqaları Mərkəzi Asiyada yaşayan Azərbaycan türklərinin həyat və fəaliyyətinin öyrənilməsi baxımından kitabın önəmini vurğulayıblar.
Uzun illər AZƏRTAC-ın Mərkəzi Asiya ölkələri üzrə xüsisi müxbiri olmuş, bu regionda 20-dən artıq soydaşımızın kitablarını tərcümə etdirib yaymış Qulu Kəngərli ilə onlayn əlaqə saxlayıb ondan yeni kitab barədə qısa məlumat aldıq. 
Həmkarımız bildirdi ki, topluda adları bizə bəlli olan soydaşlarımızla yanaşı, tanımadığımız, heç vaxt eşitmədiyimiz adlar daha çoxdur:
– Səmərqənd şəhərində yaşayan, sonra İndoneziyaya gedərək orada müsəlmançılığı yayan Mövlana Malik İbrahim, Azərbaycandan gəlib ömrünü Buxara fəlsəfi mühitinə bağlayan Mövlana Yusif Qarabaği, böyük filosof Mirzəcan Şirazi, tacik mətbuatının Zərdabisi, Buxarada çap edilən ilk tacikdilli “Buxarai Şarif” qəzetinin naşiri və redaktoru Mirzə Cəlal Yusifzadə, Fransada tanınmış bəstəkar, Əminulla Hüseynov (Andre Osseyn), onun oğlu, məşhur fransız aktyor və rejissoru Rüstəm Hüseynov (Rober Osseyn), Pakistanın azərbaycanlı prezidenti, Qızılbaş nəslindən olan Ağa Məhəmməd Yəhya Xan və digərlərinin Vətəndən kənardakı bəlalı taleyi indiyədək soydaşlarımıza məlum deyildi.
 “Günahsız günahkarlar” adlı ikinci fəsildə Orta Asiyaya sürgün olunan azərbaycanlılar haqqında söhbət açılır, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanda yüksək vəzifə tutan, min bir əzaba düçar olan soydaşlarımızın acı taleyindən bəhs edilir, məşhur Rəfibəylilər nəslindən məhrumyyətli həyatından danışılır.
Tanınmış yazıçı, özbək ədəbiyyatının klassikinə çevrilmiş Maqsud Şeyxzadə, ictimai-siyasi xadim Əli Yusif Yusifzadə, Azərbaycanın və Qazaxıstanın böyük ictimai-siyasi xadimi Əhməd bəy Pepinov, Səmərqənddə ömrünün sonunadək sürgün həyatı yaşayan Qara bəy Qarabəyli, “Qürbətdə günəşi neylərəm” – deyə fəryad edən Almas İldırım, Tacikistan KP MK-nın birinci katibi olmuş Mirzə Davud Hüseynov, bu ölkələrdə yüksək vəzifələrdə çalışmış Əliheydər Şirvani-Mustafabəyov və Daşkənddə sürgündə olmuş məşhur xanəndə Cahan Talışinskayanın acı taleyi ikinci bölmədə işıqlandırılır.

 

Tahir AYDINOĞLU, 
“Xalq qəzeti”

24 Noyabr 2022 03:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2022 | 03:54
Azərbaycan turizmi Polşada
26 Noyabr 2022 | 03:44
Arxası üstə uzanmağı unudun

Köhnə versiyamızdan xəbərləri izlə