Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəzetlər rəqabət sınağında...

Belə bir fikir var ki, sosial media xəbərləri və internet məlumatlarının bolluğu  çap mətbuatının oxucu kütləsini azaldıb. Məsələnin əsl məğzinə varmaq istəyilə paytaxtın Nəsimi, Səbail və Nərimanov rayonlarının ərazisində yerləşən köşklərə üz tutub həm oxucularla, həm də satıcılarla söhbət etdim.


Bəzi satıcılar mütaliə səviyyəsinin sovet dövrü ilə müqayisədə xeyli aşağı düşdüyünü bildirdilər. Əksəriyyəti bunu onlayn medianın hazırkı dominantlığı ilə əlaqələndirdilər. Bəziləri isə qəzet satışının zəifləməsini alıcıların maddi təminatı ilə bağladılar. 
Lakin oxucularla söhbətdən məlum oldu ki, nə səbəb gətirirlər-gətirsinlər, qəzetlərə maraq və münasibət cəmiyyətdə formalaşdırılan şəkildə deyil. Heç bir sosial media vasitəsi və ya internet xəbər saytı qəzetləri əvəz edə bilməz. Çap mətbuatına tələbat hər zaman olub və olacaq. 
Pensiyaçı Arif Xəlilov söhbət zamanı bildirdi ki, sosial mediada və saytlarda yerləşdirilən hər hansı məlumatı sonradan dəyişmək və ya düzəliş etmək, hətta silib atmaq imkanı var. Buna görə də bir çox hallarda onlayn mediada gedən xəbərlər yalnış, qüsurlu olur və ya dezinformasiya xarakteri daşıyır. Lakin qəzetlər bu imkandan məhrum olduğu üçün çap edilən məlumatlar, əsasən, dəqiq olur və  həqiqəti əks etdirirlər. O qeyd etdi ki, məhz buna görə, qəzetlərə etibar daha çoxdur.  
Oxucu Şəhriyar Həsənov isə dedi ki, dünyada “The New York Times”, “Washington Post”, “Hürriyyət”, “Komsomolskaya pravda” kimi çoxlu sayda nüfuzlu nəşrlər var. Əgər qəzetlərin satışının zəifləməsinə virtual vasitələr səbəb olursa, onda nəyə görə onlar böyük tirajla çap olunur? Bu, bir daha onu göstərir ki, sosial media və xəbər saytları nə qədər çox olsa da, günün tələblərinə cavab verən aktual mövzuları dizaynı ilə seçilən klassik çap vasitələri də “dəb”dən düşmürlər. Əlbəttə, çap prosesi ilə bağlı olaraq ən azı bir gün gecikmiş xəbərləri oxumaq heç kəs üçün maraqlı və sərfəli olmaz.
Məsələ ilə bağlı “Qaya Mətbuat Yayımı” MMC-nin  direktoru Xanhüseyn Əliyev bildirdi ki, dünyada və ölkəmizdə qəzet satışının zəifləməsini sosial media və saytlarla əlaqələndirirlər. Lakin bu, heç də belə deyil. İsveçrədə 40 min nəfər əhalisi olan bir şəhərdə 35 min tirajla qəzet çap olunur. Deməli, İsveçrə kimi inkişaf etmiş və müasir informasiya texnologiyalarına kommunikasiya xidmətlərinə ən yüksək səviyyədə malik olan ölkədə qəzetə tələbat var. İnternet saytları qəzetlərin satışına olsa-olsa 5-20 faiz təsir göstərə bilər. Qəzetlərin geniş satılmamasına abunənin aşağı düşməsi, yayım firmalarının nəqliyyat xərclərinin artması və digər subyektiv amillər də səbəb olur.
Hər bir halda, qəzet elə buraxılmalı, elə mühüm məsələləri işıqlandırmalıdır ki, cəlbedici olsun, özünə oxucu təbəqəsi toplaya bilsin.

 

Elçin ABBASOV, 
“Xalq qəzeti”

24 Noyabr 2022 03:20 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə