Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndərin misilsiz Şuşa sevgisi

Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaş üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

Heydər Əliyev
ümummilli lider


Bu yazıda bütün həyat və fəaliyyətini xalqının tərəqqisinə, respublikamızın inkişafına, Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutmasına həsr etmiş ümummilli lider Heydər Əliyevin hər zaman Qarabağa – onun baş şəhəri Şuşaya böyük diqqət  və qayğı göstərməsindən və dağlar diyarına səfərlərindən söhbət açmaq istəyirəm.


Ulu öndər Heydər Əliyevin Şuşaya mənim yadımda qalan ilk səfəri 1967-ci ilin yayına təsadüf edir. Həmin il iyul ayının 3-də Xankəndidə ermənilər 3 nəfər günahsız azərbaycanlını vəhşicəsinə qətlə yetirmişdilər. Bu hadisə ilə əlaqədar Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev xüsusi əməliyyat qrupu ilə vilayət mərkəzinə gəlmişdi. O, az bir müddət içərisində cinayətkarları tapıb üzə çıxarmış və onlar məhkəmə qarşısında dayanaraq lazımi cəzalarına çatmışdılar.
1969-cu ildən Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızın tarixində böyük dönüş yarandı. Xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda milli ruhun oyanmasına təkan verdi. Bu baxımdan ulu öndər, Qarabağa da diqqət və qayğısını əsirgəmir, bu qədim türk torpağında Azərbaycanın milli maraqlarını daim uca tuturdu. Bu dövrdə Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin millətçi iddialarının da qarşısı qətiyyətlə kəsilir, əsassız tələblər iflasa uğrayırdı. 
Qarabağın keçmişini çox gözəl bilən Heydər Əliyev Şuşaya zəngin tarixi abidə kimi, xalqımızın qəhrəmanlıq rəmzi kimi baxırdı. Şuşa şəhərində kurort kompleksinin inkişaf etdirilməsi məqsədilə hələ yetmişinci illərin ikinci yarısında bilavasitə onun təşəbbüsü və rəhbərliyi altında 3 qərar qəbul edilmiş, genişmiqyaslı quruculuq işlərinə təkan verilmişdi. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb etmiş, yeni sənət ocaqları yaradılmış, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılmışdı.
Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Şuşanın inkişafına göstərdiyi müstəsna diqqət və qayğını şuşalılar daim minnətdarlıqla xatırlayırlar. 4 noyabr 1976-cı il tarixli “Şuşa şəhərində kurort kompleksinin gələcək inkişaf tədbirləri haqqında”, 22 fevral 1977-ci il tarixli “Şuşa rayon əhalisinin ət və süd məmulatları ilə təmin edilməsi haqqında” qərarlar, Azərbaycan SSR Nazirlər Sovetinin 280 nömrəli qərarı ilə Şuşa şəhərinin tarix-memarlıq qoruğu elan edilməsi rayonun sosial-iqtisadi inkişafını sürətləndirən ciddi addımlar idi.
O zaman hər üç qərarın icrası sürətlə yerinə yetirildi. Burada kurort kompleksinin inkişaf etdirilməsi istiqamətində görülən işləri hamımız yaxşı xatırlayırıq. Qərarlara əsasən xeyli iş görülmüş, bir sıra mədəni-maarif, ictimai-iaşə obyektləri açılmış, şəhərin mədəni həyatında mühüm hadisələr baş vermişdi. Şuşa getdikcə ­ümumittifaq əhəmiyyətli kurort şəhərinə çevrilmişdi. Bütün bunlarla yanaşı, Qarabağın görkəmli şəxsiyyətlərinin ev-muzeylərinin, xalça muzeyinin yaradılması, Molla Pənah Vaqifin məqbərəsinin ucaldılması, Şuşa Dövlət Dram Teatrının açılması, turist bazasının və yeni məktəblərin tikintisi, abadlıq işləri üçün ayrılan vəsaitin hər il əhəmiyyətli dərəcədə artırılması kimi davamlı tədbirlər Heydər Əliyevin Şuşaya olan xüsusi münasibətinin təzahürü idi.
Ötən əsrin 80–90-cı illərini Şuşa tarixinin qızıl dövrü adlandırsaq, heç də yanılmarıq. Həmin illərdə şəhərin şeiriyyətlə, musiqi ilə dolu mədəni həyatına daxil olan, öz dərin izini qoyan, bu yurda yeni həyat verən, onu zinətləndirən iki böyük ədəbi hadisə Heydər Əliyevin adı ilə bağlıdır: böyük şair Molla Pənah Vaqifin məqbərəsinin açılışı və “Vaqif poeziya bayramı”. 
1981-ci ilin sonlarında Molla Pənah Vaqifin məqbərəsinin tikintisi başa çatdırıldı və bununla da şəhərin müasir memarlığına əzəmətli bir abidə daxil oldu. Bir neçə aydan sonra isə məqbərənin, eyni zamanda, poeziya evinin və bir sıra mədəniyyət obyektlərinin təntənəli açılışı oldu. Həmin günü – 1982-ci il yanvar ayının 14-nü şuşalılar hələ də unutmayıblar. Xalqımızın böyük oğlu Heydər Əliyevin Şuşaya gəlişini səbirsizliklə gözləyən minlərlə insan əziz qonağını layiqincə qarşılamaq və yerləşdirmək üçün böyük hazırlıq işləri görmüşdü. Bu da səbəbsiz deyildi. Axı o, Şuşanı həmişə özünə doğma saymışdı. O zaman ulu öndər Vaqifin məqbərəsinin açılışında iştirak etmək üçün Bakıdan Şuşaya Mərkəzi Komitənin büro üzvlərini, ədəbiyyat və incəsənət xadimlərindən ibarət böyük bir heyəti də özü ilə gətirmişdi.
Həmin gün Şuşa “qar çiçəyi”nə bələnmişdi. Lopa-lopa yağan qar şəhərə xüsusi bir gözəllik vermişdi. Buz bağlamış yollar maşınların gediş-gəlişinə imkan vermirdi. Bunu görən yerli camaat Heydər Əliyevin əyləşdiyi maşını “Xan qızı bulağı”dan əllərində qaldırıb “Güllü bağ”ın qarşısına çıxarmışdılar. Şuşadakı qarlı havaya baxmayaraq bayram yüksək səviyyədə keçmişdi. Ölməz Səməd Vurğunun

Qalxacaq, şairim, bir gün heykəlin,
Bizim Qarabağın Cıdır düzündə.
Vaqif canlanacaq onun üzündə. –

misraları yazılmış lövhə məqbərənin görümlü yerindən asılmışdı. Alqış səsləri altında dahi Üzeyir Hacıbəyovun “Koroğlu” operasının uvertürası dağlarda, daşlarda, dərələrdə əks-səda vermişdi. Böyük rəhbər Heydər Əliyev məqbərənin qarşısındakı lenti kəsmiş, sonra nitq söyləmiş və dərin məzmunlu çıxışının sonunda əlavə etmişdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir azərbaycanlı üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir abidədir. Şuşanı çox sevirəm… Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı hər şeyi qorumaq, qədim tikililəri bərpa etmək lazımdır”. 
Sonra Heydər Əliyev bildirmişdi ki, bu qarlı havada şəhəri maşınsız, piyada gəzəcək. Elə də olmuşdu. O, bir neçə obyektin, o cümlədən, poeziya evinin açılışında da iştirak etmiş, “Vaqif çeşməsi” ədəbi birliyinin üzvləri ilə görüşmüş, onların şeirlərini dinləmişdi. Elə ordaca gənc yazarlar hər il Şuşada Vaqif poeziya günlərinin keçirilməsini təklif etmişdilər. Bu təklifi diqqətlə qarşılayan Heydər Əliyev yanındakı yazıçılara – Mirzə İbrahimova və İsmayıl Şıxlıya tövsiyə etmişdi ki, şuşalı gənclərin bu arzusunu nəzərə almaq və bu ənənəni hər il davam etdirmək lazımdır. Hər il Şuşada Vaqif poeziya günləri keçirilməlidir. Sonra əlavə etdi ki, mən özüm də gəlib iştirak edəcəyəm.
Həqiqətən də, həmin gün böyük bir mədəni tədbirə start verilmişdi və Heydər Əliyev də verdiyi sözü yerinə yetirmiş, həmin il iyulun 29-da Şuşaya gəlmişdi. Ulu öndərin bu dəfə Şuşaya elm, ədəbiyyat, incəsənət xadimlərindən əlavə, ailə üzvlərini – həyat yoldaşı Zərifə xanımı və oğlu İlham Əliyevi də gətirməsi onun bu diyara və milli ədəbiyyatımıza, tariximizə xüsusi diqqətinin bir daha təzahürü idi. Həmin gün minlərlə insan qonaqları salamlayırdı. Azərbaycanın görkəmli şair və yazıçılarının, tanınmış müğənni və musiqiçilərinin Cıdır düzündəki çıxışları və konsertləri də heç yaddan çıxmaz. 
İyul ayının 29-dan avqust ayının 3-nə kimi Heydər Əliyev Şuşada qaldı, bir sıra tədbirlərdə – xalça muzeyinin, rəsm qalereyasının, şəhər parkında Natəvanın büstünün açılışında iştirak etdi. Həmin günlər Şuşanın tarixinə şanlı səhifələrlə yazıldı. Ulu öndər Heydər Əliyevin Şuşaya bu qədər diqqət və qayğı göstərməsi heç də adi məsələ deyildi. Bu, ilk növbədə Ermənistana, ermənilərə xəbərdarlıq idi ki, Qarabağdan gözlərini çəksinlər. Respublika rəhbərinin Şuşa şəhərinə xüsusi qayğıkeşliklə yanaşması, bir ildə iki dəfə ən məşhur azərbaycanlı ziyalılarla bura gəlməsi Heydər Əliyevin kölgəsini daim qılınclayan, paxıl, xəbis, kinli düşmənlərin gözünə bir ox olub batmışdı. 
1982-ci ilin payızında Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosuna üzv seçildi, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin olundu. Xalqımızın sevimli oğlu bununla əlaqədar Moskvaya köçdü və bir daha Şuşaya gələ bilmədi...
Lakin vaxt gəldi, Heydər Əliyev siyasi kursunun ləyaqətli davamçısı, ­Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu qüdrətli ordumuz Şuşanı 28 illik işğaldan sonra xalqımıza qaytardı. Şuşada Molla Pənah Vaqifin məqbərəsi də həyata qaytarıldı, bu yurdun şöhrət bayrağı kimi yenidən ucaldı.Vaqif  Poeziya bayramı ənənəsi təzədən davam etdirildi. “Qarabağ şikəstəsi” Xan Şuşinskinin zəngulələrində yenə də Cıdır düzünün dördbir tərəfini dolaşdı, Topxanada əks-səda verərək Xankəndi üzərinə yayıldı.

 

Vasif QULİYEV,
“Şuşa” qəzetinin redaktoru

24 Noyabr 2022 02:53 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə