Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri sürətlə genişlənir

ICAPP-ın Bakı Bəyanatı mühüm tarixi sənəd oldu

Beynəlxalq münasibətlər sistemində ciddi təlatümlərlə müşayiət olunan yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə siyasi partiyaların və beynəlxalq təşkilatların müxtəlif səviyyələrdə öz mövqelərini və hadisələrə təsir imkanlarını yenidən dəyərləndirmələrinə ehtiyac yaranmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının  Bakıda keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda 
xüsusi konfransının iştirakçılarına məktubundan
Bakı, 22 noyabr 2022-ci il


Yeni Azərbaycan Partiyasının 1999-cu il dekabrın 20–21-də Bakıda keçirilən I Qurultayının qətnaməsində belə bir bənd var idi: “Qurultay hesab edir ki, partiyanın beynəlxalq əlaqələri genişləndirilməli, dünyada, regionda və qonşu ölkələrdə strateji maraqları, siyasi məqsəd və istiqamətləri YAP-la üst-üstə düşən siyasi partiyalarla əməkdaşlıq əlaqələrinin qurulmasına və möhkəmlənməsinə xüsusi diqqət artırılmalıdır”.


Geridə qalan illər sübut etmişdir ki, biz dövlətimizin qarşısında duran vəzifələr kimi, siyasi partiyamızın da yerinə yetirməli olduğu işləri layiqincə reallaşdırırıq. Yeni Azərbaycan Partiyası son otuz ildə   suverenliyimizin əbədiləşdirilməsi, dövlətçiliyimizin  qüdrətləndirilməsi,  ölkənin  idarə edilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə uğurla iştirak etdiyi kimi, özünün beynəlxalq aləmdəki nüfuzunun artırılmasına da nail olmuşdur. 
Həm ulu öndər Heydər Əliyev, həm Prezident İlham Əliyev, həm də ümummilli liderimizin adını daşıyan fondun prezidenti Mehriban xanım Əliyeva YAP-ın beynəlxalq aləmdəki nüfuzunun durmadan artması üçün lazım olan bütün addımları atmışlar. Nəticədə bizim iqtidar partiyamız Türkiyə Cümhuriyyəti,  Rusiya Federasiyası, Çin Xalq Respublikası və digər ölkələrdəki aparıcı siyasi partiyalarla sıx əlaqələr yaratmış və uğurlu  nəticələr əldə etmişdir. 
Son illər isə partiyamızın  dostluq münasibətləri konkret hansısa ölkədəki siyasi təşkilatlarla yekunlaşmır, daha genişmiqyaslı arenanı əhatə edən yeni əməkdaşlıq sferaları ilə zənginləşir. Bu arqumentimizi son günlər Bakıda keçirilən möhtəşəm bir beynəlxalq tədbirdə qazanılan uğurları yada salmaqla gücləndirmək istəyirik. 
Belə ki, noyabrın 22-də Bakıda Yeni Azərbaycan Partiyasının  evsahibliyi ilə Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının  “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda keçirilən xüsusi konfransın sonunda imzalanmış Bakı Bəyanatı bizim üçün bir neçə cəhətdən əlamətdar olmuşdur. 
Həmin sənəddə qeyd edilir ki,  biz, 10 ölkənin 11 siyasi partiyasının liderləri və nümayəndələri 2022-ci il 20–22 noyabr  tarix-lərində  Azərbaycan Respublikasının Bakı şəhərində “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda ICAPP-ın xüsusi konfransına toplaşaraq “Sülhyaratma proseslərində siyasi partiyaların iştirakı” və “Siyasi partiyalar arasında əməkdaşlıq yolu ilə regional və qlobal təhlükəsizliyin təşviqi” adlı iki mövzuya diqqətimizi yönəltdik və  müvafiq bəyanat imzaladıq. 
Bəyanatda  xüsusilə vurğulamaq istədiyimiz iki məqam  var. Birincisində  dünya dövlətlərinin gələcək fəaliyyətini stimullaşdırmaq üçün siyasi partiyaların dəstəyinə  böyük ehtiyacın olduğu qeyd edilir: “Milli dövlətlərə əsaslanan qlobal təhlükəsizlik və beynəlxalq hüquq sisteminin böhran yaşadığı hazırkı dövrdə cəmiyyətin bütün təbəqələri ilə sıx təmasları olan siyasi partiyaların sülh və əməkdaşlıq məsələlərində dialoqa töhfə verən vasitəçi və iştirakçı kimi imkanlarından geniş istifadə olunmasına böyük ehtiyac vardır”.
Yada salmaq istədiyimiz digər məqamda  isə bilavasitə Azərbaycanın son iki ildə yaratdığı yeni reallıqların dəstəklənməsi zərurəti vurğulanır: “2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli Bəyanat Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinə zəmin yaratmış, bütövlükdə, Cənubi Qafqaz regionunda təhlükəsizlik və hərtərəfli əməkdaşlıq üçün yeni imkanlara yol açmışdır. Cənubi Qafqazda sülh və təhlükəsizliyin faydalarının yalnız bu iki ölkənin sərhədləri ilə məhdudlaşmadığına inanan ICAPP davamlı əməkdaşlıq vasitəsilə regionun sülh və təhlükəsizliyinin genişləndirilməsi və möhkəmləndirilməsinə sadiqdir”. Fikrimizcə, bu, Azərbaycan diplomatiyasının, ictimai-siyasi fikrimizin  daha bir uğurudur. 
ICAPP-ın Bakıda keçirilən xüsusi konfransında qeyd edilib ki, qloballaşan dünyamızda, təəssüflər olsun ki, qarşıdurmalar, insanların həyatı üçün ciddi təhlükələr sürətlə artır. Belə bir zamanda isə  dialoqa, birgə müzakirələrə, əməkdaşlığa daha çox ehtiyac var. Çünki müharibələrə, münaqişələrə silah gücü ilə deyil, məhz qarşılıqlı anlaşma şəraitində,  dialoq yolu ilə son qoymaq, sülhə, barışığa nail olmaq mümkündür.
Bu sətirləri ICAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının sabiq xarici işlər naziri, Milli təhlükəsizlik ofisinin keçmiş direktoru Çunq Eu-Yonqun  videoformatda səsləndirilən çıxışındakı bəzi fikirlərlə yekunlaşdırmaq istəyirik:  “Azərbaycan regionun aparıcı dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Heydər Əliyevin gələcəyə baxışı, cəsarəti və öz xalqına inamı nəticəsində mümkün olub. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətləri çox yüksək qiymətləndiririk”.
 Sonda xatırladaq ki, Yeni Azərbaycan Partiyasının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə qazandığı uğurların təməlində ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi və Prezident İlham Əliyevin müasir dünyada gedən ictimai-siyasi proseslərə ən incə məqamlarına qədər bələd olması dayanır. Bütün bunlar sübut edir ki, siyasi xadimin qətiyyəti, iradəsi və ən başlıcası, milli maraqlar naminə çalışması istənilən məsələnin həllini asanlaşdırır. 

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

24 Noyabr 2022 02:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə