Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan üçün tam bir fiasko

İrəvanın KTMT-yə bəslədiyi ümidlər puç oldu

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvan sammitinə bəslədiyi ümidlər özünü doğrultmadı. Bunu hələ iclas başlamazdan öncə də demək mümkün idi. KTMT-nin baş katibi Stanislav Zas üzv ölkələrin xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik şuraları katiblərinin birgə iclasında Azərbaycan və Ermənistan sərhədindəki gərginlikdən söz açarkən bildirmişdi ki, qurumun İrəvana yardım göstərilməsi ilə bağlı qərar layihəsinə dair ümumi razılıq var. Ancaq Zasın uzun-uzadı və dolaşıq fikirlərindən belə anlaşılmışdı ki, qərar layihəsi ­KTMT-nin monitorinq missiyasının nəticələrinə əsaslanır. 


Bəli, cənab Zas da iki Cənubi Qafqaz ölkəsinin sərhədində gərginliyin olduğunu və ara-sıra atəş səslərinin eşidildiyini deyir. Ancaq o, İrəvan siyasi dairələrinin “Azərbaycanın Ermənistan ərazisinə qəsd etdiyi” məntiqini təsdiqləməkdən uzaqdır. Belə olan halda, KTMT-nin necə yardım göstərəcəyi maraqlıdır. Hər halda, yardım olacaqsa belə, bunun miqyasının məhdudluğu barədə düşünmək üçün əsaslar var. Çünki bu qurumun yalnız üzv ölkənin ərazi bütövlüyü pozulduqda hərbi yardım göstərmək öhdəliyi var. İndiki halda isə yardım deyildikdə, məsələn, Ermənistan əsgərlərinə hərbi əhəmiyyətli çertyojların çəkilməsi üçün xətkeş göndərilməsi də nəzərdə tutula bilər. 
Yeri gəlmişkən, S.Zasdan sonra onun müavini Valeriy Semerikov da “Sputnik Ermənistan”ın Azərbaycanın Ermənistana təcavüzü kontekstində qaldırdığı və buna təşkilatın reaksiyasının nədən ibarət ola biləcəyinə dair sualını cavablandırarkən kifayət qədər diplomatik dillənib. O bildirib ki, qurum məsələyə böhranlı vəziyyətlərə cavab tərzinə  uyğun formada münasibət göstərəcək. Semerikov həmçinin tələsməməyi tövsiyə edib, bu mövzudakı açıqlamaların dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində veriləcəyini vurğulayıb. 
***
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin KTMT müttəfiqliyindən iki gözləntisinin olduğunu açıqlamışdı. Əvvala, sentyabrda Ermənistan – Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmaya təşkilatın aydın siyasi qiyməti verməsi. İkincisi, Azərbaycanın, guya, təcavüzkar hərəkətlərinə qiymət verilməsi fonunda Ermənistanın ərazi bütövlüyünün bərpası üçün yol xəritəsinin qəbulu. Erməni baş nazir noyabrın 17-də belə bir açıqlama da vermişdi: “Ümid edirik ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçiriləcək iclasında konsensus əldə edə biləcəyik. Məqsədimiz KTMT ilə Azərbaycan arasında müharibəyə səbəb olmaq deyil. Biz qurumun bu vəziyyətdə hansı siyasi mövqe tutduğunu anlamaq istəyirik”. 
***
Ermənistan cəmiyyətində KTMT-nin İrəvandakı sammitindən gözləntilər böyük deyildi. Erməni siyasi ekspertlər belə hesab edirdilər ki, bu il sentyabrın 13–14-də sərhəddə baş vermiş hərbi toqquşmadan (bunu Azərbaycanın hərbi təcavüzü adlandırırlar – red.) sonra Ermənistan dövləti hərbi yardım üçün Moskvaya və KTMT-yə müraciət edib, lakin dəstək ala bilməyib. Qurum yalnız vəziyyəti qiymətləndirmək üçün missiya göndərib. Hazırda rəsmi İrəvanın təşkilatdan istədiyi isə “işğal məsələsinə” məqsədyönlü siyasi qiymətin verilməsidir.

Qeyd edək ki, KTMT Ermənistanın müraciətinə cavab verməyə tələsməsə də, Rusiyanın yüksək rütbəli rəsmiləri İrəvan-Bakı qarşıdurmasının “təşkilatın səlahiyyətlərinə aid olmadığı” məntiqindən çıxış edirlər. Məsələn, Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev “Arqumentı i faktı” qəzetinə bir neçə gün öncəki müsahibəsində bildirib ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə, mənim fikrimcə, təşkilatın səlahiyyətlərinə aid deyil. KTMT-yə üzv olan ölkələrin hər biri ona münasibətini müstəqil şəkildə müəyyənləşdirir. 
Azərbaycanla Ermənistan arasındakı münaqişəli duruma Rusiyanın fərdi şəkildə müdaxiləsinə gəlincə, Kosaçev vurğulayıb ki, Moskva nizamlama prosesinə səmimi şəkildə kömək edir: “Bizim səylərimiz hər iki tərəfdən eyni dərəcədə tələb olunur. Başqa cür ola bilməz, vəziyyət ancaq bu şəkildə inkişaf edə bilər. Bu münaqişədə yalnız bir tərəfi dəstəkləmək mövqeyindən çıxış etmək onu daha da gərginləşdirmək deməkdir. Sülh yolu ilə nizamlanma mövqeyini tutmaq və bu nizamlanma şərtlərinin bütün tərəflər üçün məqbul olmasına kömək etmək lazımdır”. 
Onu da bildiririk ki, Ermənistanın hakim siyasi dairələri Rusiya Federasiya Şurası sədrinin müavininin söylədiklərini təəccüblə qarşılayıblar. “Axı, təşkilatın nizamnaməsi var. Nizamnaməyə baxmadan belə mövqe bildirmək sadəcə qəbuledilməzdir” – fikrinin müəllifi ölkənin hakim “Vətəndaş sazişi” partiyasının nümayəndəsidir. Maraqlıdır ki, bu şəxs “verelq.am” saytına açıqlama versə də, adının çəkilməsini istəməyib...
***
Erməni müxalifətinə gəldikdə isə, bu siyasi qütb KTMT-nin və Ermənistanın əsas müttəfiqi Rusiyanın, İrəvanın təhlükəsizlik ehtiyaclarını ödəmək baxımından kifayət qədər passiv davranmasına görə Paşinyan hakimiyyətini qınayır.
“Nikol Paşiyanın komandası hakimiy-yətdə  olduğu müddətdə  həm KTMT sammitindən, həm də müttəfiqlərdən ciddi dəstək gözlənilməməlidir. Paşinyan xarici tərəfdaşlar üçün anlaşılmaz sayılan “hibrid siyasət” yeridir. Eyni zamanda, hakimiyyətdə KTMT məsələsində diametral əks-mövqe tutan fiqurlar var. Ermənistanın tərəfdaşları aydın siyasi xətti olmayan hökumətlə işləyirlər. Sizcə, onlar bu hakimiyyətin tələblərinə hansısa şəkildə cavab verməlidirlər?”, – deyə müxalif “Ermənistan” blokundan olan deputat Qeqam Manukyan ritorik sual səsləndirir. O, rəsmi İrəvanın KTMT-yə düzgün formada müraciət etməsi ilə bağlı bəyanatlarının səmimiliyinə də şübhə ilə yanaşdığını bildirir: “2022-ci ilin yanvarında mən parlamentin üzvü kimi Ermənistan Təhlükəsizlik Şurasının katibinə (Armen Qriqoryan nəzərdə tutulur–red.) sorğu göndərdim. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın sərhəd ərazilərinın işğalı ilə bağlı KTMT-yə müraciət üçün hansı rəsmi prosedurların reallaşdırıldığını soruşdum. İndiyədək heç bir cavab almamışam və belə nəticəyə gəlirəm ki, Ermənistan hakimiyyəti öz xalqını aldadır, ölkə daxilində bir şey deyir, xarici siyasətdə başqa şeylər edir”. 
***
Ermənistan siyasi müşahidəçilərinin də KTMT-nin İrəvan sammitindən xüsusi gözləntiləri yox idi. Onların böyük əksəriyyəti hesab edirdi ki, təşkilata üzv ölkələrin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı maraqları fərqlidir. Politoloq Qrant Mikaelyan: “Bununla bağlı konsensus əldə etmək mümkün deyil. Bu baxımdan, Ermənistanda müəyyən məyusluq var. Lakin ölkələr ən yüksək səviyyədə təmsil olunacağından Rusiya rəhbərliyi də daxil olmaqla, hansısa növ ikitərəfli danışıqların olacağı gözləntiləri var. Ola bilsin ki, bu, Ermənistan-Rusiya münasibətlərindəki situasiyaya və regionda təhlükəsizlik vəziyyətinə hansısa şəkildə aydınlıq gətirəcək”.
***
Qeyd edək ki, Paşinyan administrasiyası üçün İrəvan sammiti sonuncu şans idi. Çünki bu sammitdə KTMT-yə sədrlik rotasiya qaydasında Ermənistandan Belarusa keçirdi. Ona görə bu şansdan maksimum dərəcədə istifadə etmək istəyirdi. Ancaq istəyi alınmadı. Bir məsələ də var ki, erməni baş nazir bunu anlayırdı. Ona görə özü bilərəkdən ölkə daxilində siyasi hərarəti qaldırırdı. Elə fon yaradırdı ki, sanki erməni xalqı KTMT-nin timsalında Rusiyaya böyük ümid bəsləyir. Doğrudur, Paşinyan bu ümidin ifadə meydanı kimi Rusiya əleyhinə düzənlənmiş aksiyanı seçdi. Yəni sentimentallığı da düz-əməlli etmədi. Əslində isə, bu sentimentallıq nümayişi yox, şantaj idi. Paşinyan Putinə demək istədi ki, erməni xalqının Rusiyadan ciddi narazılığı var. Şüarlar da bunu təsdiqləyir: “Putin, oğullarımızı qaytar”, “Ermənistanla Rusiya arasında qardaşlıq dağılmasın”, “Erməni əsirləri Azərbaycandan qaytarın”. Yəni, xalqın Moskvadan tələbi özünü doğrultmur. Bu isə Paşinyanın Rusiyadan tamamilə qopması, Azərbaycanla danışıqlar müstəvisində Qərbə yıxılmaq istəməsi üçün yaxşı bəhanədir. 
***
Bilavasitə KTMT-nin İrəvan sammitinə, yəni qurumun Kollektiv Təhlükəsizlik Şurasının Ermənistanın paytaxtında keçirilmiş iclasına gəlincə, tədbirdə çıxış edən baş nazir Nikol Paşinyan öz ampluasına və təxribatçı erməni xarakterinə uyğun tərzdə şantaj yolu tutub. O bildirib ki, ölkəsinin təşkilata üzvlüyü Azərbaycanı ona qarşı təcavüzkar hərəkətlərdən daşındırmır. Paşinyan həm Ermənistan daxilində, həm də xaricində bunun İrəvanın KTMT-yə sədrlik missiyasının əsas uğursuzluğu kimi qiymətləndirildiyini vurğulayıb. Erməni baş nazir çıxışında ölkəsinin quruma sədrliyinin bu gün başa çatdığını xatırladıb. “Bu il çox gərgin keçdi. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsinin 30 illiyini və KTMT-nin yaradılmasının 20 illiyini qeyd etdik. Yubileylərdən fərqli olaraq, əhval-ruhiyyəmiz, təəssüf ki, heç bir halda yubileylik deyil”.
Ermənistanın baş naziri bildirib ki, son iki ildə KTMT üzvü olan Ermənistan ən azı üç dəfə Azərbaycan tərəfindən təcavüzə məruz qalıb. “Mən eyni şeyi müttəfiqlərimiz – Qırğızıstan-Tacikistan sərhədində gərginliyin yaranması barədə də deyə bilərəm. Eyni zamanda, uğurlu fəaliyyətlərimizi də qeyd etməliyəm. KTMT-nin Qazaxıstan prezidentinin bu ilin yanvarında ölkədə asayişin bərpasında onlara dəstək olmaq xahişinə operativ reaksiyasını nəzərdə tuturam. Belə olan halda məsələni bir gecədə həll etdik ki, bu da Qazaxıstana daxili xaosdan qaçmağa imkan verdi. Ümid edirəm ki, biz müttəfiq yanaşmalarımızı uyğunlaşdıra və aktual məsələlərdə yaxşı əlaqələndirilmiş kollektiv qarşılıqlı fəaliyyətə nail olacağıq”, - deyən N.Paşinyanın Qazaxıstan məsələsinə operativ yanaşıldığını vurğulaması heç də təsadüf deyil. Tam aydındır ki, erməni baş nazir ölkəsinin maraqlarına münasibətdə, yəni konkret olaraq, Azərbaycana qarşı hərbi gücün tətbiq edilməməsindən nəinki narazıdır, hətta əməlli-başlı küsüb. 
Göründüyü kimi, N.Paşinyan KTMT ilə münasibətləri qırmaq yolu tutub və öz həqiqətlərinin mütləqliyi prizmasından yanaşaraq bəhanə axtarır ki, qurumdan uzaqlaşsın. Əlbəttə, o bunu açıq şəkildə bildirəcək qədər cəsarətli ola bilməz. Çünki, əvvəla, ölkəsində Rusiya hərbi bazası var. İkincisi, erməni baş nazir yaxşı anlayır ki, Qərbi Azərbaycanla ziddiyyətlərə hərbi müstəvidə cəlb etmək imkanları yoxdur. Hazırda faktiki olaraq rus sülhməramlıları Qarabağ erməniləri üçün, belə demək mümkünsə, yeganə mövcudluq istinadgahıdır. Üçüncüsü isə, o, nəzərə alır ki, Azərbaycanla sərhəddə Rusiya sərhədçiləri keşik çəkir. İndiki durumda, məhz, onlar İrəvanın təhlükəsizliyinin təminatçılarıdırlar. 
***
“Biz Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Soçidə keçirilmiş sammitini müsbət qiymətləndiririk”. Bu fikrin müəllifi isə Rusiya prezidenti Vladimir Putindir. Onun sözlərinə görə, bu sammitin yekunu, o cümlədən birgə bəyanat gələcək kompromislər üçün yaxşı zəmin yaradıb.
Putin eyni zamanda bildirib ki, delimitasiya, nəqliyyat yollarının açılması və humanitar problemlərin həlli ilə bağlı sazişlərin ardıcıl icrası nəticəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür. Rusiyanın dövlət başçısı mövcud istiqamətdə görülmüş işlərin Yerevanla Bakı arasında sülh müqaviləsi bağlamağa imkan verəcəyinə ümidvar olduğunu deyib. Putinin Ermənistan-Azərbaycan nizamlanmasının diqqət tələb etdiyini vurğulaması isə İrəvanın sammitdən gözləntilərinin tam puç olması mənasını verir. 
Ümumən V.Putinin yanaşmasından görünən budur ki, o, iki Cənubi Qafqaz ölkəsi arasındakı gərginliyin aradan qaldırılmasında KTMT-yə qətiyyən fokuslanmır. Mövcud xüsusda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Üçtərəfli bəyanatların şərtlərinin yerinə yetirilməsini vacib sayır. Ən əsası isə, Putin Azərbaycan-Ermənistan sərhəd gərginliyinə ayrıca yanaşmır, vəziyyəti ümumi gərginlik prizmasından görür. Nəzərə alsaq ki, Rusiya prezidenti vurğunu üçtərəfli sammit formatları üzərinə qoyur, onun Ermənistanın iddialarına bilvasitə cavabını da görmək mümkündür. Putin İrəvana öhdəliklərin yerinə yetirilməsi, bundan yayınmamaq mesajı verir. 
Rusiya liderinin bu fikri isə Paşinyanın KTMT-nin faydasızlığı ilə bağlı görüntü yaratmaq yönümlü hərəkətlərinə kifayət qədər tutarlı cavabdır: “Əlbəttə, biz təkcə nailiyyətləri deyil, problemləri də görürük. Bu gün həmkarlar bu barədə danışdılar, heç bir kamera (burada məhdudiyyət – red.) olmadan, daha ətraflı söhbət açacağıq. Amma hər bir halda aydındır ki, KTMT çərçivəsində görülən birgə iş əməli nəticələr verir, ölkələrimizin milli maraqlarının, suverenliyinin və müstəqilliyinin qorunmasına kömək edir”. Bir sözlə, Rusiya lideri özünün təmsil olunduğu və baş rol oynadığı təşkilatın aşağılanmasının yolverilməzliyinə eyham vurur. Onun milli maraqlar, suverenlik və müstəqillik barədə söylədiklərinin isə, iclas zalında oturanlardan yalnız Paşinyana aidiyyatı var. Putin Rusiya kimi, KTMT-nin də kənara çəkiləcəyi təqdirdə, Ermənistanın dövlət kimi yox olacağı mesajını verir. 
KTMT-nin İrəvan sammitində çıxış edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də Azərbaycan və Ermənistan arasındakı duruma münasibət bildirib. O, Rusiyanın sülhməramlı səyləri ilə münaqişənin həllinə ümid etdiyini deyib, ölkəsinin problemin diplomatik yolla həllinə yönəlmiş addımları dəstəklədiyini vurğulayıb. "Biz hamımız Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlıyıq. Ümid edirik ki, Rusiya tərəfinin sülhməramlı səyləri Ermənistan-Azərbaycan müna-qişəsinin, ancaq siyasi və diplomatik vasitələrlə həllinə imkan verəcək və tərəflərin sülh sazişi imzalamasına gətirib çıxaracaq”, - deyən Qazaxıstan liderinin də Azərbaycanla Ermənistanın münasibətlərinin nizamlanmasındakı vurğunu KTMT-nin deyil, bilavasitə Rusiyanın üzərinə qoyduğu aşkardır.
Bu arada, KTMT-nin sammitində iştirak üçün İrəvana gəlmiş Belarus prezidenti Aleksandr Lukaşenkonun baş nazir Nikol Paşinyanla məzələnməsi erməni mediasının diqqətindən yayınmayıb. Belə ki, Belarus prezidenti onu iclas zalında qarşılayan baş nazirə deyib: “Niyə belə kefsizsən?” Nikol sifətinə növbətçi gülüş qondurmaqla sualdan yayınıb. Bəlkə də, Ermənistan lideri Lukaşenkonun iclasda nə deyəcəyini əvvəlcədən ehtimal etdiyindən onunla soyuq görüşüb. Çünki Belarus prezidenti Paşinyanla məzələnmək tərzini masa ətrafında da davam etdirib. Onun iclasdakı çıxışını, belə demək mümkünsə, anti-Paşinyan doktrinası da adlandırmaq mümkündür. Lukaşenko, əvvəlcə, Nikolun Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün KTMT-nin bütün səyləri göstərməsinin zəruriliyi ilə bağlı şikayətinə toxunub. Sözünə bir qədər dərindən başlayan Lukaşenko Qərb dairələrinin Rusiya Federasiyasının perimetri boyu bütün cəmiyyətləri silkələməyə çalışdıqlarını dilə gətirib. Onun sözlərinə görə, əvvəlcə Ukrayna alovlandı, 2020-ci ildə Belarusu məhv etmək istədilər, bu ilin yanvarında Qazaxıstanda gərginlik yaşandı, indi isə gündəlikdə Ermənistanla Azərbaycan arasındakı münaqişədir: “Oktyabrın 28-də KTMT-nın növbədənkənar sessiyasında dediklərimi təkrar edəcəyəm - biz iki qonşu və dost dövlət arasında münaqişənin sülh yolu ilə həllini istəyirik”. 
A.Lukaşenkonun sözlərindən hasil olan daha bir qənaət budur ki, Qərbin oyunlarında  alətə çevrilmiş Ermənistanın baş naziri KTMT-ni yanlış istiqamətə çəkmək niyyəti güdür: “Hesab edirəm ki, hamının fikrini ifadə edirəm. Biz uzaq deyilik. Burada Nikol Vovayeviç (Ermənistanın baş naziri Nikol Paşinyan – red.) deyir ki, Azərbaycanı təcavüzdən daşındırmadıq. Ancaq biz reaksiya verməliyik və reaksiya verməyə hazırıq”.
Reaksiyaya gəldikdə isə, A.Lukaşenko da Tokayev kimi diqqəti Kremlin vasitəçiliyi üzərinə yönəldir. Onun sözlərinə görə, Rusiya bu məsələdə həm Ermənistanın, həm də Azərbaycanın razılaşdığı vasitəçilik missiyasını həyata keçirir: “Gəlin, bu istiqamətdə hərəkət edək. Razılaşaq, hər şeyi edək ki, insanlar həyatını itirməsin. Bu, Ermənistan və Azərbaycan cəmiyyətində məmnuniyyətlə qəbul ediləcək”.
“Bəli, Nikol Vovaeviç, nüanslar var. Bəlkə də onlar ciddidir. Amma biz indi yenidən alovlana biləcək bu münaqişəni əsaslı şəkildə həll edə bilərik. İlk növbədə Ermənistan rəhbərliyinin istəyi ilə. Əlbəttə, Azərbaycanın da. Yeri gəlmişkən, mən bu barədə danışacağam. Bu, Belarus təmsilçiliyinin prioritetlərindən biridir (KTMT-yə sədrliyin rotasiya qaydasında Belarusa keçdiyini nəzərdə tutaraq deyir – red.). Biz buna göz yummamalıyıq. Problemi həll edəcəyik, ya yox, hər bir halda məsələ KTMT-nin diqqət mərkəzində olmalıdır”, - deyən Belarus lideri, həmçinin,  müttəfiqlik münasibətlərinin saxlanmasının qlobal tərəflərinə də diqqət çəkib: “Bu qəzəbli və sürətlə dəyişən dünyada müttəfiq münasibətlərimiz dəyişməz qalmalıdır. Biz özümüzlə dava salmağa, aramızda ziddiyyət və fikir ayrılığı toxumu səpməyə imkan verməməliyik. Həm ölkələrimizin, həm də təşkilatımızın gələcəyi bundan asılı olacaq”.
Göründüyü kimi, KTMT-nin İrəvan sammiti Ermənistan, xüsusən də baş nazir Nikol Paşinyan üçün tam bir fiaskodur. Ölkə heç bir halda qurumu Azərbaycanla münaqişəyə çəkə bilmədi, üstəlik, buna yönəlik cəhdlərinə görə, bir növ, uşaq kimi danlandı da. Bundan sonra uşaq, yəni Ermənistanın baş naziri nə edəcək, çox maraqlıdır. 
Onun hələlik nə etdiyi məlumdur. Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistana yardım göstərilməsi ilə bağlı sənədləri imzalamağa hazır olmadığını bildirib. Söhbət “KTMT-nin Bəyannaməsi” və “Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” sənədlərdən gedir. Erməni hökumət başçısı qeyd edib ki, sənədlər yekunlaşdırılmayıb və bu formada onları imzalamağa hazır deyil. Bu da Ermənistan üçün KTMT ilə bağlı ümidin sonu. Başqa sözlə, tam fiasko...

 

Ə.RÜSTƏMOV,   
“Xalq qəzeti”

 

24 Noyabr 2022 02:12 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə