Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabit və təhlükəsiz Azərbaycan: keçmişin ibrət dərsi, bu günün reallığı

Azərbaycanın müstəqilliyini əldə etməsindən keçən otuz ildən artıq müddətdə ölkənin davamlı inkişafı üçün bir sıra amillərin mövcudluğu nəzərə alınıb və dövlətimiz fəaliyyətində onları prioritet seçib. Söhbət ölkənin malik olduğu potensialın – insan resurslarının və təbii sərvətlərin düzgün yönləndirilməsindən, iqtisadi rentabelliyin əldə edilməsindən gedir. Bu siyahını bir qədər də genişləndirmək, ayrı-ayrı detalların üzərində dayanmaq, müxtəlif təfərrüatlara varmaq mümkündür. Ancaq onu da xüsusi vurğulayaq ki, bir dövlətin inkişafını şərtləndirən ən mühüm amil ölkədəki siyasi sabitlikdir. 


1918-ci ildə Azərbaycan uzun fasilədən sonra dövlətçilik ənənələrini bərpa etmişdi. Lakin dövlətçiliyin itirilməsindən onun bərpasına qədərki dövrdə nəinki yaşadığımız coğrafiya, ümumən bütün dünya ciddi dəyişikliyə uğramış, dövlət idarəçiliyinə yanaşmalar da kökündən dəyişmişdi. Məsələyə bu aspektdən yanaşsaq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, hər nə qədər çar Rusiyanın süqutu prosesinin nəticəsi olsa da, özlüyündə böyük hadisə sayılmalıdır. Bu hadisə XIX əsrin sonları – XX əsrin əvvəllərində başlanmış nəhəng maarifçilik hərəkatının tariximizdə əbədi qalacaq missiyasıdır. Bu missiya olmasaydı, dövlətin ­formalaşması üçün zəmin də yaranmazdı. 
Ancaq 1918–1920-ci illər Azərbaycanının daxili həyatının mahiyyətinə diqqət yetirərkən, o zamankı cəmiyyətin də sabitlik mühitindən uzaq olduğu təsəvvürü formalaşır. Nəzərə alaq ki, sabitlik vətəndaş rifahı olmaqla yanaşı, ən əsası, dövlətin möhkəmlik göstəricisidir. Hansı aspektdən nəzər salsaq, 1920-ci ilin sovet işğalına yanaşma baxımından bir mütləq, həm də sadə həqiqət meydana çıxır – dövlət möhkəm olmadığına görə ayaqda dura bilmədi, özünü qorumağı bacarmadı. 

Yetmiş illik Sovetlər Birliyi dönəmi başa çatdı və Azərbaycan müstəqilliyinə qovuşdu. Bundan sonra yaşanmış proseslərin doğurduğu acınacaqlı reallıqdan geniş söz açmaq niyyətindən uzağıq. Yalnız onu vurğulamaq istərdik ki, ulu öndər Heydər Əliyevin dövlətimizə ikinci dəfə rəhbərliyini sosial sifarişə çevirən amil də məhz xalqımızın sabit ölkədə, firavan yaşamaq istəyi olmuşdu. 
Heydər Əliyev hakimiyyətə ölkədəki mövcud qeyri-sabitliyi aradan qaldırmaq istəyi ilə gəlmişdi. Vətəndaşlarımızın ulu öndərin idarəçiliyinə təkid göstərməsi ölkədəki acınacaqlı durumdan qaynaqlanmışdı. Həmin dövrdə xoşbəxtlikdən insanlarımızda düşdükləri ağır vəziyyətin çətinliyinə qarşı müqavimət hissi formalaşa bildi. Bu, Uca Tanrının lütfü idi. Ona görə qətiyyətlə söyləyə bilərik ki, xalq Heydər Əliyevi ədalətsizliyə və haqsızlığa müqavimətin və barışmazlığın canlı obrazı kimi qəbul etdi. Bu, ulu öndərin iqtidarını doğuran, onu labüdləşdirən başlıca cəhət idi. Ümummilli lider həm də qeyri-sabitliyə cəbhə açmaq naminə meydandaydı. 
Bəli, məhz sabitlik və təhlükəsizlik. Azərbaycan xalqı bu iki amili mütləq qaydada nəzərə almalıdır. Yaşadığımız postsovet məkanına, dünyanın bir sıra yerlərinə nəzər salırıq. Elə təəssürat yaranır ki, sanki bəşəriyyət xaos və anarxiya burulğanında boğulur. Bəzi nöqtələrdə hətta olduqca dəhşətli vəziyyət də müşahidə olunmaqdadır. Bu baxımdan ölkəmizdəki mənzərə, həqiqətən, ürəkaçandır. 
Təbii ki, arxayınlaşmamalıyıq. Nə də hesab etmək olmaz ki, hər şey yaxşıdır. Ölkəmiz problem və çətinliklərdən xali deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışlarında özü də bu barədə söz açır. Ayrı-ayrı vəzifə sahiblərinin yol verdikləri nöqsanları vurğulayır. Dövlət başçısının bu mövzudakı nitqləri hətta sərt ritorikaya da köklənir. Çünki Prezident sabitlik və əmin-amanlığın, eyni zamanda, vətəndaş rifahından asılı olduğunu gözəl bilir. Hansı məmurlar ki, öz sahələrində bu rifaha zərər gətirən hərəkət və davranışlara yol verirlər, vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər, onlara münasibətdə güzəştsizliyin prinsip kimi götürüldüyünü vurğulayır dövlətimizin başçısı. 
Prezident İlham Əliyev cəmiyyətdəki, dövlət idarəçiliyindəki mənfi tendensiyalara münasibətdə ictimai nəzarət mexanizmlərini də vacib sayır. Mövcud xüsusda medianın fəaliyyətinə önəm verdiyini daim vurğulayır. Bəli, məqsəd sabitliyi qorumaqdır. Bunun üçün dövlətin müvafiq strukturlarının işi ilə yanaşı, cəmiyyətin bütün mütərəqqi qüvvələrinin səfərbərliyinin təmin edilməsi, ümumən ictimaiyyətin neqativ təmayüllərə müqavimət ruhunun yüksək tutulması mütləqdir. 
Dövlətimizin başçısı çıxışlarında, həmçinin yaxın keçmişimizin dərslərindən nəticə çıxarılmasını təlqin edir. O dərslərdən ki, motivində qeyri-sabitlik dayanırdı. O dərslərdən ki, qeyri-sabitlik nəticəsində dövlət idarəçiliyi sistemi iflic hala gəlmişdi. 
Bəli, xalqımız nizamsızlıq mühitinin gətirdiyi ən böyük məhrumiyyəti – torpaqlarımızın işğalı faktını, bir milyondan artıq vətəndaşımızın öz doğma yurd-yuvalarından didərgin düşməsini, 30 ilə yaxın müddətdə qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olduğunu əsla unutmamalıdır. Hər kəs keçmişin dərslərini yada salmalıdır. 
Keçmişin dərsləri xatırlanmalıdır ki, yenidən məşəqqətlərə mübtəla olmayaq. Bu mənada Prezident İlham Əliyevin çıxışlarında ötən əsrin 90-cı illərində – müstəqilliyimizin ilk dövründə Azərbaycan cəmiyyətində baş verən neqativ proseslərdən bəhs etməsi, heç də, təsadüf deyil. Cənab Prezident olub-bitənlərin həm də tarix, unudulması mümkünsüz mərhələ olduğu reallığına diqqət çəkir. Bunun özü də bir dərsdir. İbrət dərsi. 
“Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdır. O məğlubiyyətin də səbəbləri bəllidir. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar. Şuşa kimi alınmaz qalanı, faktiki olaraq, Ermənistana, ermənilərə təslim etmişdilər hakimiyyətə gəlmək üçün və belə də oldu. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC–Müsavat cütlüyü hakimiyyətə gəldi. Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Hakimiyyəti möhkəmləndirmək üçün bütün səylərini səfərbər etmişdilər”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Şuşada Zəfər Günü münasibətilə hərbçilərlə görüşdəki çıxışında bildirmişdir. Prezident, eyni zamanda, əlavə etmişdir ki, “Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi. Çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməz”. 
Bu il noyabrın 21-də otuz illiyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası da təşkilatın qurucusu ulu öndər Heydər Əliyevin özü kimi, xalqın qeyri-sabitliyə müqavimət ruhunun nəticəsi olaraq meydana atılmış siyasi qüvvə idi. Bu qüvvə xaosa və anarxiyaya qarşı müxalifətdə idi. Ən demokratik, proqressiv və mütərəqqi müxalifət kimi də adını tariximizə yazdırmağı bacaran YAP Heydər Əliyevin start verdiyi konsolidasiya siyasətinə ideoloji məzmun qazandırdı. 
O dövrün proseslərinə qiymət verən ­Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının ötən il keçirilmiş VII qurultayındakı çıxışında bunları bildirmişdi: “Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə part-nomenklatura, demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC–Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı. Eynən 2018-ci ildə Ermənistana gəlmiş adamlar kimi, onlar da ölkəni dağıdırdılar və nəticə etibarı ilə gətirdilər bizi uçurum kənarına qoydular. Azərbaycan xalqı buna dözə bilərdimi? Əlbəttə ki, yox. Məhz bu idi Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurəti”.
Cənab İlham Əliyevin keçmişin dərslərindən nəticə çıxarılmasının zəruriliyini vurğulayan fikirləri hər zaman olduğu kimi, bu gün də aktuallığını saxlamaqdadır. Bu fikirlər həm də ona görə aktualdır ki, biz, cəmiyyət olaraq, ayrı-ayrı ştrixlərini diqqətə çatdırdığımız sabitliyin və təhlükəsizliyin qədrini bilməliyik. Və vətəndaş olaraq çalışmalıyıq ki, sabitlik və təhlükəsizliyə zidd təmayüllərə münasibətdə daim ayıq-sayıq dayanaq. Əvvəldə də bildirdiyimiz kimi, mövcud sahədə arxayınlaşmaq qətiyyən olmaz. 
Sonda bir məqamı da vurğulayaq ki, sabitlik və əmin-amanlıq həm də cəmiyyətin müxtəlif qütblərinin, siyasi qüvvələri arasındakı münasibətlərdən asılı olan reallıqdır. Bu mənada ölkəmizin həyatında mühüm hadisə sayılan Yeni Azərbaycan Partiyasının Heydər Əliyev Mərkəzində keçirilmiş 30 illik yubiley təntənəsinə ayrı-ayrı siyasi düşərgələrin nümayəndələrinin dəvət olunmaları son dərəcə əhəmiyyətlidir. 

 

Ə.CAHANGİROĞLU, 
“Xalq qəzeti”

 

24 Noyabr 2022 02:10 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə