Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qələbələr partiyası

“Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq, Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı”.

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri  cənab İlham Əliyev bu fikirləri noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən  tədbirdəki çıxışında səsləndirib.

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi... SSRİ-nin süqutundan sonra Azərbacan dövlət müstəqilliyini bərpa etdi. Həmin vaxt hakimiyyətdə olanlar bir müddət sovet rejimindən, onun qayda-qanunlarından ayrıla bilmədilər. Ona görə də Azərbaycan müstəqil dövlət kimi formalaşa bilmirdi. Ölkədə baş qaldıran müxtəlif qüvvələr hakimiyyəti ələ keçirmək üçün min bir fitnə-fəsada əl atırdılar.  Özbaşınalıq, xaos, anarxiya baş alıb gedirdi.  Ayrı-ayrı vəzifəli şəxslərə xidmət edən siahlı birləşmələr insanları təngə gətirmişdi. Soyqunçuluq, qarət, insanlara əzab-əziyət vermək adi hala çevrilmişdi.

AXC-Müsavat cütlüyü hakimiyyəti qeyri –konstitusion yolla ələ keçirdikdən sonra vəziyyət daha da ağırlaşdı. Dövlət idarəçiliyində naşı olan  iqtidar ziyalıları yaxın buraxmırdı. Ona görə də siyasi və iqtisadi böhran getdikcə dərinləşir, yenicə bərpa olunan müstəqilliyimiz uçuruma daha da yaxınlaşırdı. Bir tərəfdən də müstəqilliyimizi gözü götürməyən xarici qüvvələr vəziyyti getdikcə ağırlaşdırırdı. Belə ağır və dözülməz vəziyyətdə xalqın inandığı, güvəndiyi və insanları arxasınca apamağa qadir olan bir liderə böyük ehtiyac yaranmışdı. Xalq belə liderin yalnız Heydər Əliyev olduğuna əmin idi.

Həmin vaxt ulu öndər Naxçıvanda ağır şəraitdə yaşayırdı. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Naxçıvana –Heydər Əliyevə  hücum edib onu həbs etmək istəyirdi. Ancaq Naxçıvan əhalisi ulu öndəri göz bəbəyi kimi qorudu.  Ziyalılar isə Heydər Əliyevə müraciət edir, respublikamızı düşdüyü ağır vəziyytdən xilas etmək üçün onunla görüşürdülər . 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzası ilə ulu öndərə  müraciət ünvanlandı: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Ürəyi daim öz xalqı, Vətəni üçün döyünən, ömrünün qalan hissəsini xalqına həsr etməyə hazır olduğunu bəyan edən ulu öndər bir həftə sonra ziyalıların müraciətinə cavab verdi. Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Bundan sonra YAP-a üzv olanların sayı getdikcə  artdı. Bu, ulu öndərə olan inam və etimadın göstəricisi idi. Həmin vaxtdan başlayaraq, partiyanın sıraları ziyalılar, alimlər, görkəmli insanlarla genişləndi, respublikamızın müxtəlif regionlarında ilk təşkilatlar yarandı. AXC-Müsavat iqtidarı YAP-ın üzvlərinin sayının sürətlə artmasından və ulu öndər Heydər Əliyevin dühasından, xalq arasındakı yüksək nüfuzundan təşvişə düşmüşdü. Daxili didişmə isə vəziyyəti son həddə çatdırmışdı. Belə bir vəziyyətdə xalqın taleyüklü məsələlərindən daha çox özlərini düşünən iqtidar çıxılmaz vəziyyətdən xilas olamq üçün Heydər Əliyevə müraciət etdi.

1993-cü ildən başlayaraq, ölkədə keçirilən Prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası rəqiblərinə asanlıqla qalib gələrək, qaliblər partiyasına çevrildi. Ulu öndərin ən layiqli davamçısı cənab İlham Əliyevin YAP-ın sədri seçilməsindən sonra gənclərin partiyaya axını başlandı və YAP-ın beynəlxalq aləmdəki  əlaqələri daha da genişləndi. Bu, həm də Prezident İlham Əliyevin xalq arasında, eləcə də beynəlxalq  aləmdə getdikcə artan nüfuzunun göstəricisi idi.

2020-c il sentyabrın 27- də Ermənistan ordusu ölkəmizə qarşı müharibəyə başlayanda  xalq, o cümlədən  respublikamızda  fəaliyyət göstərən siyasi partiyalar Prezident İlham Əliyevin ətrafında sıx birləşdi və düşmənin başına “dəmir yumruğ”la sarsıdıcı zərbə endirdi. Azərbaycanın şanlı Qələbəsi həm də YAP-ın Qələbəsi idi.  Azərbaycan həmin vaxtdan dünyada qalib ölkə kimi  qəbul edilir.

Xalqımız əmindir ki, Azərbaycan bundan sonra da Prezident, Yeni  Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə qələbələr seriyasını davam etdirəcək, ölkəmizin  adını daha  uca zirvələrə yüksəldəcək.

Mehman İSMAYILOV,

Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının sədri
 

23 Noyabr 2022 10:55 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə