Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İranda nələr baş verir?

Son iki ayda İranda baş verən hadisələr göstərdi ki, davamlı və aşağıdan yuxarıya genişlənən etiraz hərəkatı iştirakçılarının əksəriyyətinin bir istəyi və tələbi var: ümumi haqsızlığa,  mili-etnik ayrı-seçkiliyə son qoymaq üçün molla rejimini ortadan qaldırmağın zəruriliyini ölkənin din və hakimiyyət sahiblərinə çatdırmaq. 


Artıq qırx ildir ki, xalq “Vilayəti-fəqih” hökumətinin həyata keçirdiyi daxili və xarici siyasətin ağır sosial-iqtisadi, milli-mədəni  problemlərini yaşamaqdadırlar. Buna görə də səbr kasası daşmış kütlə hər gün daha aydın və yüksək səslə molla rejiminin hakimiyyətini və ya İslam Respublikasını istəmədiklərini bəyan edirlər. Son bir neçə ildə bu tələb müxtəlif vasitələrlə, o cümlədən dini idarəçiliyi rədd və inkar etmək şüarları ilə ölkə daxilində nümayişlər və etiraz aksiyaları ilə gündəmə gətirilib. Son vaxtlar bu proses geri dönüşü olmayan həddə çatıb. Amma görünən odur ki, hazırda molla hökumətini narahat edən hər hansı mütəşəkkil bir hərəkat yoxdur.
Bütün baş verənlər onu göstərir ki, yarım əsrə yaxın bir müddətdə davam edən islam ruhanilərinin diktaturasından İran xalqının səbri və dözümü tükənib. Əgər xalq uzun illər ərzində molla hökumətindən nə istədiyini, nə tələb etdiyini tam anlaya və deyə bilmirdisə, bu gün artıq əminliklə dərk və bəyan edir ki, molla rejimi bu qırx ildə hər cür zorakılıqdan, kütləvi və gizli qətllərdən, açıq edamlardan, həbsxana işgəncələrindən istifadə edərək insanları bütün hüquq və azadlıqlardan məhrum edib. İlk olaraq, “Qadın, yaşam, azadlıq” şüarı da molla rejiminin ötən  illər ərzində xalqa qarşı həyata keçirdiyi siyasətə qarşı etirazı ifadə edir. 
Mollaların barışmaz düşməni İslam prinsipinin və ona itaətin inkarıdır. Onlar belə hesab edirlər ki, Allah insanları özünün yeganə bəndəsi olmağa çağırdığına görə, onlar da mollaların nökəri olmalı, Allahın adından yerdə hakimlik edən “Vilayəti-fəqih”in (hazırda bu vəzifəni İranda Ayətullah Seyid Əli Xamenei icra edir) iradəsinə tabe olmalıdırlar.  Adamlar başları aşağı, gözləri bağlı, kor-koranə yollarına davam etməli, molla rejiminin təhlükəsizlik orqanları tərəfindən inkar edilən ilkin və ibtidai insan haqlarından vaz keçməlidirlər. Kütlə  güc strukturlarının tələblərinə əməl etməli, heç bir sorğu-sual irəli sürməməlidir. Bütün bu tələb və qaydaların nəticəsi olaraq 40 ildən artıqdır ki, İrandakı xalqlar molla rejiminin qoyulan şərtləri daxilində yaşamağa məcbur olmuşdur.
Amma bu məşəqqətli illər günahsız Məhsa Əmininin ürəkağrıdan ölümü ilə başa çatdı və cəmiyyətin oyanmasına səbəb oldu. Müşahidəçilərin və ekspertlərin fikrincə, İranın son 40 illik tarixində bu hadisə bir dönüş nöqtəsidir və onun geriyə çevrilməsi mümkün olmayacaq. Belə ki, cəmiyyəti idarə edən alçaldıcı və anti-insani şəraiti inkar edən bir hərəkatın yaranmasına səbəb olan faciəli hadisənin özü də yeni bir fenomenin meydana çıxmasının ifadəsidir. Bu, molla rejiminə itaətsizlikdən və boyun əyməməkdən ibarətdir. Nəticədə, kortəbii etirazlar ölkənin hər yerində orta yaşlıların və qocaların, varlıların və kasıbların, qadınların, onlara dəstək olan tələbə və gənclərin də qatıldığı ümumxalq hərəkatına çevrildi. 
Lakin, deyəsən, cəmiyyətin bu tələbləri, dünya ictimaiyyətinin də dəstəklədiyi “Qadın, yaşam, azadlıq” şüarı hələ də rejimin qulağına çatmayıb, ya da özlərini elə göstərirlər. Onlar hələ də inanırlar ki, insanların əksəriyyəti islami qaydalara rəğbət bəsləyir və İslam hökumətini başqa sistemlərdən üstün tutur. Xameneinin rəhbərlik etdiyi “Vilayəti-fəqih” hökuməti əmindir ki, guya, böyük dövlətlər İslam hökumətinin sürətli və heyrətamiz tərəqqisinə həsəd aparır. Buna görə də düşmən qüvvələr, guya, sistemin daha da irəliləməsinə, xüsusən də nüvə texnologiyasına nail olmaqla ordu və müdafiə qüvvələrini təkmilləşdirməsinə mane olmaq üçün ona qarşı daxili çəkişmələrin təşkilinə başlayıblar. Belə bir fikir Xameneinin özü tərəfindən cümə namazında oxuduğu xütbələrin birində də səsləndirilmişdir. 
Göründüyü kimi, bu dörd onillikdə baş vermiş İran–İraq müharibəsi belə İslam rejiminin “sarsılmazlığına” zərbə vurmaqda nəinki təsirsiz olmuş, eyni zamanda, rejimin daha da möhkəmlənməsinə və mollaların təbirincə desək, xalqın birliyinə, rejimin qüdrətinə inamının daha da artmasına səbəb olmuşdur. Ona görə də daxildəki bu çəkişmələr və qarşıdurmalar Xameneini o qədər narahat etmir.  O, bu “qarışıqlığı” İslam dövlətinin daxildəki düşmənlərinin səyinə, Amerika, İngiltərə və İsrailin xaricdən yaratdığı fitnəyə əsaslanan sui-qəsd planının bir hissəsi adlandırır. 
Əslində, bu, o qədər də yeni bəyanat deyil, molla hökumətinin, hakimiyyətə gəldiyi gündən indiyədək azadlıq tələbini hər hansı zorakılıqla boğmaq və tiraniya sisteminin inkişafına haqq qazandırmaq üçün istifadə etdiyi bir şüardır. Reallıq isə ondan ibarətdir ki, təxminən, yarım əsrlik molla hakimiyyəti bütün struktur çatışmazlıqlarına baxmayaraq, o qədər də sadə və asan başa- düşülən bir rejim deyil. Çünki molla hakimiyyəti dini istibdadı siyasi irtica ilə birləşdirdi. Onun siyasətində xalqı sakitləşdirmək üçün yol verilən güzəştlər isə daha çox sistemin davamlılığını və varlığını yaşatmağa xidmət etmişdir – dini inanclar isə bir pərdə olmuşdur. 
Bu gün İranda molla təkcə minbərdə deyil, maliyyə və sənayedən tutmuş, polis və mühafizəyə qədər əksər dövlət qurumlarında bir çox digər mövqelərlə yanaşı, nəzarətçi, menecer və ekspert rolunu da oynayır. O, İslamda dinlə gücün bir olduğu, bir-birindən ayrılmaz olduğu dövrlərə qayıtdığını düşünür. 
Molla hökuməti, doğrudan da, İranı 1400 il əvvəlki dövrə qaytarmışdır. O dövrə ki, xəlifə həm hökmdar idi, həm camaat namazı qılırdı, həm də Allahın adından qisas və intiqam qanunlarını tətbiq edirdi. Xamenei də inanır ki, o da xəlifələr kimi müqəddəslik libası geyinib və o da etirazçıları öldürmək və mitinqləri amansızlıqla yatırmaq əmri verə bilər. 
İranda bu gün rejimə qarşı gedən mübarizə həm də mövcud dini normalarla  gəncliyin üstünlük verdiyi dünyəvi normalar arasında daxili bir mübarizədir. Bu o deməkdir ki, gənclər istəsələr də, istəməsələr də mollaların gücünə meydan oxuyan iki cəbhədədirlər: din və güc cəbhəsində. Çünki onların bu gün ölkənin hər yerində səsləndirdikləri “Qadın, yaşam, azadlıq” şüarı dinin əsası olan təslim olmaq, itaət etmək inancına uyğun gəlmir. Molla hökumətində məcburi hicab saflıq rəmzi deyil, əksinə təslimiyyət və itaət simvoludur. 
Qadın hərəkatı mövcud normaları, xüsusən də dini normaları pozmasının fərqinə vara bilməzsə, davam edə bilməz. Belə ki, son bir neçə gündə ölkənin bir sıra şəhərlərindəki universitetlərdə və ictimai yerlərdə, xüsusən də Bəlucistanda mövcud islam normalarını pozan hərəkatın inkişafının şahidi olduq. Bir neçə gün əvvəl Rəşt şəhər meydanında Xodanur Ləcainin, qız və oğlanların, kişi və qadınların rəqsini və oxumasını, bəzən hicabsız qadınların kişilərlə əl-ələ tutmasını gördük.  Hamı qadınların baş örtüklərini çıxarması adlı bir hərəkatın yaranmasının şahidi oldu. Bu da mollaların tarixin zibilliyinə atılacağı bir gələcəyə işarə edir. 
Belə bir hərəkata sistemin zorakı reaksiyası molla hakimiyyətini gözdən salmaqda ən təsirli nəticələrdən biri sayıla bilər. Çünki Xodanur Ləcainin rəqsinə və onun qeyri-insani amansızlıqla öldürülməsinə sistemin reaksiyası və ya hicab qaydalarını pozan gəncləri həbs edib cəzalandırması cəmiyyəti Dini liderlə hökmdarın bir olduğu dövrə, ən kiçik səhvin bağışlanmaz, sərt qayda-qanunların mövcud olduğu dövrə qaytarmaq istəyinin ifadəsindən başqa bir şey deyil.  
Bu gün İranda “Qadın, yaşam, azadlıq” şüarı altında baş verən qadın hərəkatı siyasi hakimiyyət strukturunu alt-üst etməyə yönəlib. Eyni zamanda, mövcud normaları  pozmaq cəhdləri ilə mədəni transformasiyada iştirak edir, bununla da İslam dinindən qaynaqlanan diktatura, məcburiyyət, boyunəymə və itaət normalarını sındırmağa gətirib çıxaran ölçüləri müəyyən edir.
Sonda bildirək ki, İran İnsan Hüquqları Müdafiə Təşkilatı sentyabrın 17-dən başlayan etiraz aksiyaları zamanı 16 min 813 nəfərin həbs olunduğunu bildirib. Onlardan 2 min 756 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Həbs olunanların 524-ü tələbədir. Nümayişlərə 140 universitetin tələbələri qoşulub. Məlumata görə, etirazlarda 419 nəfər həlak olub. Bildirilib ki, İranda keçirilən etiraz aksiyalarında hərbi-polis qüvvələrinin qətlə yetirdiyi 58 nəfərin yaşı 18-dən azdır.
Noyabrın 16-sı axşam saatlarında Təbrizdəki etiraz aksiyası zamanı qətlə yetirilən Təbriz Universitetinin Tibb fakültəsinin 4-cü kurs tələbəsi  23 yaşlı Aylar Həqqinin 18 noyabr tarixində dəfni zamanı mərasim iştirakçıları “Diktatora ölüm!”, “Azadlıq, ədalət, milli hökumət!”, “Azərbaycan milləti çəkməz bu zilləti!”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq!”, “Hamımız Aylarıq, mübarizə davam edir!”, “Biri cavab verməlidir, Ayları mənə verməlidir!” kimi şüarlar səsləndirmişlərlər. Bundan sonra İranın 20 iri şəhərinin gəncləri birgə bəyanat yayaraq noyabrın 28-dən dekabrın 3-dək əhalini, bütün məktəbləri, universitetlərin müəllim və tələbələrini, neft və neft-kimya müəssisələrinin işçilərini etiraz aksiyalarına, tətilə çağırmışlar.
Beləliklə, İranda etiraz aksiyaları günlər keçdikcə nəinki səngimir, əksinə, gündən-günə şiddətlənir. 

 

Səməd BAYRAMZADƏ, 
AMEA Şərqşünaslıq İnstitutu  Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

22 Noyabr 2022 01:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə