Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kosmik aləmdə nüfuzumuz artır

Fransanın Paris şəhərində keçirilmiş 73-cü Beynəlxalq Astronavtika Konqresində (BAK) qurumun növbəti  ali məclisinin Azərbaycan paytaxtında keçirilməsi barədə qərar qəbul edilib. Konqresdə məruzəsi xüsusi maraqla qarşılanmış azəbaycanlı astrofizik, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun kosmik şüa mənbələrinin fizikası laboratoriyasının rəhbəri,  AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Hüseynovla görüşüb, Bakıda keçiriləcək növbəti Beynəlxalq Astronavtika Konqresi barədə məlumat verməsini və Paris konqresi ilə bağlı təəssüratını bölüşməsini xahiş etdik. Müsahibimiz bildirdi:

– 74-cü BAK-a evsahibliyi etməyə namizəd olan dünya şəhərləri arasından Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasının məhz  Azərbaycanın paytaxtı Bakı şəhərini seçməsində hərtərəfli dövlət dəstəyi ilə yanaşı, ölkəmizdə kosmik sənaye üzrə müasir infrastrukturun yaradılması, telekommunikasiya peyklərinin orbitə buraxılması, bu sahədə əldə edilmiş təcrübə, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imici kimi faktorlar mühüm rol oynamışdır. Belə bir mötəbər beynəlxalq konqresin Azərbaycanda keçirilməsi dövlətimizin başçısının  reallaşdırdığı uğurlu daxili və xarici siyasətin nəticəsində beynəlxalq aləmdə respublikamızın siyasi nüfuzunun və ölkəmizə inamın çox yüksək səviyyədə olmasından, eyni zamanda, Azərbaycanda gedən proseslərin dünya miqyasında aparıcı dövlətlər, beynəlxalq ictimaiyyət və mühüm beynəlxalq təşkilatlar tərəfindən böyük rəğbətlə qarşılanmasından xəbər verir.

– Bakıda keçiriləcək
74-cü BAK  konqresinin ölkəmiz üçün əhəmiyyəti nə olacaq?

– Bakı Konqresində beynəlxalq astronavtika və respublikamız üçün mühüm əhəmiyyət kəsb edən qərarların qəbul ediləcəyi gözlənilir. Onları indidən demək çətindir. Hər halda, həmin qərarlar beynəlxalq astronavtikanın inkişafı,  o cümlədən, Azərbaycanda bu sahənin sürətli və geniş inkişafı üçün perspektivlər açacaq. 50 il bundan əvvəl Bakıda Beynəlxalq Astronavtika Konqresinin keçirilməsinə böyük əhəmiyyət verən ulu öndər Heydər Əliyevin astronavtika, o cümlədən, kosmik sənaye ilə bağlı qarşıya qoyduğu idealların indi Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən gerçəkləşdirilməsi, respublikamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması və ölkəmizin dünyanın aparıcı dövlətləri ilə bir sırada təmsil olunması hər bir azərbaycanlıda qürur və fəxarət hissi yaradır.

Xatırladım ki, gələn il oktyabr ayının 2–6-da  Bakı şəhərində qlobal əhəmiyyətə malik olan 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 fevral 2022-ci il tarixli sərəncam imzalayıb.

– 73-cü Beynəlxalq
Astronavtika Konqresində Azərbaycan nümayəndə heyətinin  fəal iştirakı diqqətçəkən olub.

– Azərbaycan Respublikası Kosmik Agentliyinin, Azərbaycan Dövlət Turizm Agentliyinin və digər təşkilatların idarəetmə, elm, texnika, iqtisadiyyat və digər sahələrdə nailiyyətləri və fəallığı ilə seçilən kadr və mütəxəssisləri Paris Konqresində ölkəmizi yüksək səviyyədə təmsil etdilər. Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzinin evsahibliyi etdiyi BAK-ın 73-cü konqresinin keçirildiyi məkanda dünyanın inkişaf etmiş ölkələrinin kosmik agentlik və təşkilatlarının astronavtika ilə bağlı sərgiləri təşkil olunmuşdu. 

 Respublikamızı təmsil edən “Azərkosmos”un guşəsi sərgidə diqqəti cəlb edən yerdə təşkil olunmuşdu. Kosmik sənaye sahəsində uğurlarımız və imkanlarımızın fəal reklam olunmasını, 2023-cü ildə 74-cü BAK-ın Bakıda keçirilməsi ilə bağlı müvafiq təbliğat və təşviqat işlərinin aparılmasını da ayrıca  qeyd etmək istəyirəm.

O ki, qaldı mənim konqresdə iştirakıma, həmin məclisdə elmi  məruzə etmək və interaktiv təqdimatla çıxış etmək üçün 73-cü BAK-a təqdim etdiyim 2 elmi işi Proqram Komitəsi qəbul etdikdən sonra Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) elan etdiyi elm müsabiqəsində iştirak etdim. Paris Konqresində iştirakla bağlı tam maliyyə dəstəyi ala bilən azsaylı qaliblərdən biri oldum. Fürsətdən istifadə edib, elmə və elm adamlarına göstərilən daimi və davamlı diqqətə və dövlət qayğısına görə, o cümlədən, şəxsən mənim Parisdə keçirilən 73-cü BAK-da iştirakımla bağlı dövlətimizin göstərdiyi tam maliyyə dəstəyinə və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

– Beynəlxalq konqresdə etdiyiniz məruzənin elmi əhəmiyyəti və yeniliyi  Parisdə yüksək qiymətləndirildiyi kimi, oxucularımız üçün də maraqlıdır.

– Məruzə etdiyim elmi işdə 13,6 milyard il bundan əvvəl Kainatın başlanğıcında baş vermiş Böyük Partlayışın birinci saniyəsində maddədən aralanaraq bu günə qədər gəlib çatan neytrinoların (relikt neytrinolar) detektə oluna biləcəyi fiziki şərait tərəfimizdən aşkar edilmiş və uzaq kosmosun tədqiqi üçün nadir bir qurğu rolu oynayacaq yeni nəsil kosmik relikt neytrino  teleskopunun qurulması ideyası irəli sürülmüşdür.  Əldə etdiyim elmi nəticə bizim Qalaktikadan, eləcə də kənar qalaktikalardan gələn relikt neytrino siqnallarının detektə olunmasını reallaşdırmağa imkan verir.

Məruzəmlə bağlı konqresin müvafiq bölməsinin iştirakçıları bir neçə sual verdilər və mən, öz növbəmdə, hər bir suala geniş və tutarlı cavab verməyə çalışdım.  Məruzənin sonunda bölmə sədrlərindən biri (Dr. Andy Court) tərəfimizdən təklif olunan detektə üsulunun Avropa Nüvə Tədqiqatları Mərkəzində (İsveçrə, Cenevrə) eksperimentdə yoxlanıla bilməsinin mümkünlüyünü qeyd etdi.

– İnteraktiv təqdimatla çıxış etdiyiniz ikinci elmi işiniz hansı yeniliyinə görə konqresdə diqqəti cəlb etdi?    

– İkinci elmi işimizdə (həmmüəllif: R. E. Qasımova) biz neytral zərrəcik olan neytrinonun enerjisinin çox böyük qiymətlərə qədər yüksəldilməsinin orijinal üsulunu vermişik. Bu üsul gələcəkdə neytrinolar vasitəsilə maneəsiz kosmik rabitənin həyata keçirilməsini və enerjinin kosmik məsafələrə  ötürülməsini reallaşdırmağa imkan verir. Bu elmi iş Konqresin Proqram Komitəsi tərəfindən baxılmış 800-dən artıq elmi təqdimatın arasından  seçilərək, ən yaxşı 80 işin sırasına daxil edilmişdir.

–Sizə və həmkarlarınıza yeni elmi uğurlar arzulayırıq. Müsahibə üçün sağ olun.

Söhbəti apardı:
T.RÜSTƏMOV, “Xalq qəzeti”

 

20 Noyabr 2022 00:51 - MÜSAHİBƏ
MÜSAHİBƏ
20 Oktyabr 2022 | 00:17
Daha az fəsadlı anesteziya

Köhnə versiyamızdan xəbərləri izlə