Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ yenidən cənnətə dönür

2016-cı ilin Aprel döyüşlərində azad edilmiş Cocuq Mərcanlıda uğurla gerçəkləşdirilən Qarabağa qayıdışın ilkin modeli, 2020-ci ilin payızında ölkəmizin qələbəsi ilə bitmiş Vətən müharibəsinin səhərisi günü işğaldan azad edilmiş ərazilərdə başlanmış irimiqyaslı bərpa-quruculuq prosesi qəzetimizin səhifələrində ardıcıl olaraq müxtəlif formalarda işıqlandırılır. Şübhəsiz, bu yöndə aparıcı və mötəbər materiallar Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bölgəyə davamlı səfərlərindən hazırlanmış hesabatlardır. 
Xarabalığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur əraziləri başdan-başa minalandığına, partlamamış döyüş sürsatları ilə təhlükə doğurduğuna görə ötən dövrdə əməkdaşlarımızın həmin yerlərdən birbaşa reportajlar, müsahibələr aparmaq, canlı bağlantılar qurmaq imkanı məhdud olmuşdur. Bu təhlükə azaldıqca azad edilmiş yurd yerlərinə səfərlər də asanlaşır.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan möhtəşəm qurucuq işlərini günün tələbləri, oxucularımızın gözləntiləri səviyyəsində işıqlandırmaq üçün redaksiyamız bölgəyə əməkdaşlarımızın davamlı ezamiyyələrini təşkil etməyi, yerlərdə daimi informasiya mənbələrimizi yaratmağı planlaşdırır. 
Layihələrimizdən biri də Qarabağa qayıdış prosesinə rəhbərlik edən məsul şəxsləri redaksiyamıza dəvət edib onların əhatəli məlumatını oxucularımıza canlı olaraq çatdırmaqdır. Bu layihə üzrə ilk qonağımız Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovdur.


 

– Emin müəllim, istərdik ki, söhbətimizin əvvəlində Qarabağ iqtisadi rayonunda həyata keçirilən bərpa-quruculuq prosesinin hazırda hansı mərhələdə olduğu barədə fikirlərinizi bildirəsiniz.

– Bu barədə söhbət açmazdan əvvəl deyə bilərəm ki, işğaldan azad edilən Qarabağ iqtisadi rayonunun erməni faşizmi tərəfindən dağıdılan, yerlə-yeksan edilən bütün şəhər və kəndlərində tikinti, bərpa-quruculuq layihələri Azərbaycan Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti və dövlət başçımızın təsdiqlədiyi “Azərbaycan 2030: milli prioritetlər”, “Strateji Fəaliyyət Planı” və “2022–2026-cı illər üçün Dövlət Proqramı” kimi strateji sənədlər əsasında icra olunur. Yeri gəlmişkən, həmin sənədlər yenidənqurma və inkişaf prosesinin 4 əsas mərhələsini müəyyənləşdirir. Onlardan birincisi, ümumi və baş planların layihələndirilməsi, ikincisi, minatəmizləmə və baza infrastrukturunun yaradılması, üçüncüsü, sosial, ictimai və iqtisadi infrastrukturun tammiqyaslı şəkildə yenidən qurulması və inkişafı, dördüncüsü isə keçmiş məcburi köçkünlərin Böyük Qayıdışıdır.

– Yenidənqurma və inkişaf prosesinin ilk mərhələsinin ümumi və baş planların layihələndirilməsi ilə başladığını nəzərə alsaq, indiyədək bu sahədə hansı işlər görülüb?

– Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ümumi planları artıq hazırdır. Qarabağ İqtisadi Rayonunda isə Ağdam və Füzuli şəhərlərinin baş planları yekunlaşmış, Hadrut, Tuğ, eləcə də Suqovuşan və Talışda yekunlaşma işləri aparılır.

Xatırladım ki, Azərbaycan ­Prezidenti cənab İlham Əliyevin mayın 28-də Qarabağ iqtisadi rayonunun mərkəzi saylan Ağdama səfəri çərçivəsində azad olunmuş ərazilər içərisində ilk olaraq bu şəhərin Baş planı ictimaiyyətə təqdim olunub. Bax, elə həmin vaxtdan etibarən Ağdamda tikinti, bərpa-quruculuq layihələrinin icrasına başlanılıb. Burada onu da qeyd etmək yerinə düşər ki, Vətən müharibəsi parlaq qələbəmizlə başa çatandan sonra düşməndən təmizlənən bütün ərazilərimizin, o cümlədən də Ağdamın yenidən qurulması diqqətdə olub. Amma bayaq xatırlatdığım kimi, şəhərin Baş planının təqdimatından sonra geniş miqyaslı quruculuq işləri daha da sürətləndirilib.

Onu da qeyd edim ki, Azərbaycan üzləşdiyi bütün çətinliklərə baxmayaraq, digər dövlətlərin və beynəlxalq təşkilatların dəstəyi olmadan yenidənqurma və inkişaf prosesinin ilk mərhələsi üçün nəzərdə tutulan iqtisadi rayon daxilində ərazilərin 13 faizi, Ağdam rayonunda isə, hətta 23 faizi indiyədək minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənib və bu proses hazırda da tam miqyasda davam etdirilir.

– Qarabağ iqtisadi rayonunda baza infrastrukturu ilə bağlı layihələrin hazırkı icra vəziyyəti barədə nə deyə bilərsiniz?

– Bu istiqamətdə görülən işlərə diqqət yetirsək, deyə bilərəm ki, Bərdə–Ağdam avtomobil yolunda işlər artıq yekunlaşmaq üzrədir. Qrafik üzrə gələn ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulub. Xatırladım ki, cənab İlham Əliyev cari il oktyabrın 4-də Ağdama səfəri çərçivəsində bu yolda görülən işlərlə tanış olub. Yeri gəlmişkən, başlanğıcını Bərdə şəhərindən götürən magistralın uzunluğu 44,5 kilometr, eni 26,5 metrdir. Birinci texniki dərəcəyə uyğun inşa olunan yol Qarabağın inkişaf planı nəzərə alınmaqla, dörd hərəkət zolağından ibarətdir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın keçən il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam–Füzuli avtomobil yolunun inşası da hazırda sürətlə davam etdirilir. Bu yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır. Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir.

Bərdə–Ağdam avtomobil yolunun davamı olan Ağdam–Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək. Yolun çəkilişinin gələn ilin sonunadək yekunlaşdırılacağı planlaşdırılıb.

Yevlax–Xankəndi dəmir yolunun bir hissəsi olan Bərdə–Ağdam dəmir yolunun bərpası da sürətlə aparılır. Artıq şəhərə daxil olan polad magistralın bu ilin sonunadək istismara verilməsi gözlənilir.

Onu da qeyd edim ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu il oktyabrın 4-də Ağdam şəhərində dəmir yolu və avtovağzal kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Kompleksin 2024-cü ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulub.

Ağdamda reallaşdırılan baza ­infrastrukturu layihələrindən danışarkən, elektrik enerjisi təchizatı məsələsinə də toxunmaq yerinə düşərdi. Bu iş işğaldan azad edilən digər rayonlarla müqayisədə Ağdamda çətinliklə gerçəkləşib və buna bir il vaxt sərf edilib. Bu barədə bir qədər ətraflı danışmaq istərdim. Bunun üçün əvvəlcə xatırladım ki, bu məsələdə üzləşdiyimiz ən böyük çətinlik hazırda da davam edən mina təhlükəsi ilə bağlı olub. Qeyd edim ki, keçmiş təmas xətti 200 kilometr uzunluğunda və 5 kilometr enində ərazini əhatə edib. Bu ərazinin piyada və tank əleyhinə minalarla, partlamamış sursatlarla, habelə çoxlu metal və sursat qırıntıları ilə həddindən artıq çirklənmiş vəziyyətdə olması minatəmizləyənlərin işlərini çətinləşdirib. Belə vəziyyət, hətta itlərdən istifadəni də məhdudlaşdırıb. Bu əngəllər sırasına relyef məsələsini də əlavə etsək, tikinti-quruculuq, abadlıq layihələrinin hansı şəraitdə həyata keçirilməsi barədə aydın təsəvvür yaranar. Bax, bu məqamda qəhrəman minatəmizləyənlərimizə bir daha minnətdarlığımı bildirmək istərdim.

Bəli, Ağdamda elektrik xəttinin çəkilməsi, şəbəkənin qurulması belə əzablı, gərgin işin fonunda reallaşdırılıb. Bir tərəfdən torpağa, necə deyərlər, minaların səpilməsi, digər tərəfdən relyefin müəyyən çətinlikləri, düşmənin yaratdığı vallar və istehkamlar üzündən minatəmizləyənlər tərəfindən böyük fədakarlıq göstərilərək, torpaqlar qarış-qarış təmizlənib, 20 metr enliyində dəhliz açılıb və bu dəhlizlə şəhərə elektrik xəttinin çəkilməsi reallaşdırılıb.

Beləliklə, bir il müddətində Ağdamda “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilib. “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istismara verilib.

Bu məqamda onu da deyə bilərəm ki, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi mühüm hadisə oldu. Çünki bu, elə bir texniki mərkəzdir ki, onun vasitəsilə nəinki Qarabağ, eləcə də bütün ölkənin elektrik enerjisini tənzimləmək mümkündür. Başqa sözlə, burada yerləşən elektrik dispetçer məntəqəsi ilə hətta paytaxtda görüləcək işlərə nəzarəti gerçəkləşdirmək olar. Belə bir Rəqəmsal İdarəetmə Mərkəzinin yaradılması Qarabağın əvvəlki şöhrətinin bərpa edilməsində, bölgənin kənd təsərrüfatı və sənaye sektorunun hərəkətə gətirilməsində əvəzsiz töhfəsini verəcək.

– Qarabağın bərpası zamanı su təchizatı probleminin həlli istiqamətində görülən işlərdən də söhbət açmağınızı istərdik.

– Qarabağda mövcud su təchizatı infrastrukturu ərazilərin işğal altında ­olduğu dönəmdə çox yararsız vəziyyətə salınıb. Bölgədəki əsas su anbarları – Suqovuşan, Xaçınçay, Ağdamkənd, Köndələnçay 1, Köndələnçay 2 və Aşağı Köndələnçay su anbarları demək olar ki, bərbad vəziyyətdədir. Həmin su anbarlarından qidalanan Tərtərçayın sağ sahil, Xaçınçaydan və Köndələnçaydan çıxan kanallar da acınacaqlı haldadır. Belə şəraitdə təbii ki, səmərəli suvarmadan söhbət açmaq mümkün deyil.

Burada onu da qeyd etmək yerinə düşər ki, cənab Prezidentin tapşırığı ilə Ağdamın su mənbələri – Xaçınçay və Qarqarçayın üzərindəki Ağdamkənd su anbarının, su kanallarının əsaslı təmiri nəzərdə tutulub. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən dövlət satınalmaları prosedurları formalaşdırılıb və qalib şirkət mobilizasiyaya başlayıb. Bu prosesin Köndələnçay 1, Köndələnçay 2 anbarları üzərində də həyata keçirilməsinə start verilib.

Xatırladım ki, Qarabağda su təchizatı məsələsinin kompleks həlli ilə bağlı Prezident İlham Əliyevin tapşırığı ilə xüsusi dövlət komissiyası yaradılıb. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə əlaqədar qurumların daxil olduğu bu komissiya Vətən müharibəsindən sonra azad olunmuş ərazilərin su təchizatı və təminatı ilə bağlı məsələlərlə ciddi şəkildə məşğul olur, su ehtiyatlarının düzgün, optimal bölgüsünü təyin etmək və o balansı qorumaq məqsədilə tədbirlər gerçəkləşdirir.

Qarabağ iqtisadi rayonunda içməli su ilə bağlı mövcud problemlərin həlli də diqqətdə saxlanılır. Bunun üçün, ilk növbədə, bərpa olunacaq rayon mərkəzlərinin, əsasən, ilk olaraq Ağdam və Füzuli şəhərlərində su təchizatının həyata keçirilməsinə başlanılıb. Artıq Ağdam şəhərinin içməli su təchizatı sistemi, onunla bərabər yağış sularının və çirkab sularının idarə olunması, “ağıllı su idarəetmə sistemləri”nin yaradılması layihələrinin hazırlanması yekunlaşıb. Eyni zamanda, Füzuli şəhərində də analoji layihələr üzərində iş aparılır və onların da yaxın zamanlarda yekunlaşması nəzərdə tutulub. Bütün bunlar reallaşdırıldıqdan sonra şəhərdaxili su şəbəkəsinin qurulması prosesinə başlanılacağı planlaşdırılıb.

– Qarabağda qaz təchizatının bərpası prosesi necə aparılır?

– Bu sualla əlaqədar əvvəl bir cəhətə aydınlıq gətirmək istərdim. Belə ki, Qarabağ bölgəsi “yaşıl zona” elan olunub. Cənab Prezident tərəfindən bu konsepsiyanın icrası qarşıya mühüm vəzifə kimi qoyulub. Bununla əlaqədar Energetika Nazirliyinin rəhbərliyi ilə Yaponiya şirkətinin birgə hazırladığı “yaşıl zona” konsepsiyası dövlətimizin başçısı tərəfindən təsdiqlənib və Nazirlər Kabineti onun icrası üçün xüsusi tədbirlər planı tərtib edib. Orada müvafiq dövlət qurumlarının hər birinin üzərinə müvafiq vəzifələr qoyulub. Energetika Nazirliyinin rəhbərliyi tərəfindən yaradılan xüsusi monitorinq qrupu konsepsiyanın icrasını nəzarətdə saxlamaq üçün həmin qrupa müəyyən dövlət qurumlarının nümayəndələri daxil edilib.

Qeyd edim ki, 2030-cu ilədək yalnız müəyyən ərazilərdə-əsasən rayon mərkəzlərində qaz magistral xətləri olacaq və həmin xətlərdən ancaq 5 kilometr məsafədə yerləşən yaşayış məntəqələrinə xətlər ayrılacaq.

Bir məqamı da qeyd edim. Rayon mərkəzləri magistral qaz xətti ilə təchiz olunsa belə, həmin şəhərlərin daxilində təbii qazın istifadəsi ilə bağlı müəyyən normativlər və standartlar olacaq. Çünki bu, “yaşıl zona” konsepsiyası ilə uyğunluq təşkil etməlidir. Bütün bunlar şəhərsalma layihələrində və icra prosesində də nəzərə alınacaq.

– Emin müəllim, “yaşıl enerji” zonasından söz düşmüşkən, “ağıllı” kənd və şəhərlərin salınması ilə bağlı fikirlərinizi də bilmək maraqlı olardı...

– Bunun üçün əvvəlcə bu yaxınlarda Polşanın Katovitse şəhərində keçirilmiş və Azərbaycandan olan nümayəndə heyətinin tərkibində iştirak etdiyim Ümumdünya Şəhərsalma Forumunda səsləndirilən bir məsələni xatırlatmaq istərdim. Həmin toplantıda bildirildi ki, “ağıllı” kənd və şəhər modeli artıq yenilik deyil. Bu, bir standartdır. Bu, şəhərsalmada müasir həyatımızın ən vacib, önəmli tələblərindən biridir.

Belə bir yanaşma ilə razılaşmamaq mümkün deyil. Çünki indiki dövrdə yeni kənd, yeni şəhər salırıqsa, yeni yaşayış məntəqəsi qururuqsa, bu zaman yeni yaşayış həllərindən istifadə olunmalıdır. Bəli, vurğulandığı kimi, bu bir standartdır. Bu standarta əsaslanan texnologiyalar da mövcuddur. Biz 30 illik həsrətdən sonra doğma Qarabağımıza qovuşmuşuqsa və mənfur düşmən tərəfindən dağıdılan, yerlə yeksan edilən ərazilərdə yeni yaşayış məntəqələrinin salınmasına başlamışıqsa, o tikintinin, o infrastrukturun bərpasını 30 il bundan əvvəlki standartlar hesabına reallaşdıra bilmərik. Biz bunu indiki yeni dövrün tələblərinə uyğun bərpa etməliyik. Buna görə də “ağıllı” kənd və şəhərlərin yaradılması anlamı da bununla bağlıdır. Bizim “ağıllı kənd” adlandırdığımız Ağalıya vətəndaşlarımız qayıdıb artıq orada yaşayırlar. Burada belə bir təsəvvür yarana bilər ki, digər kəndlərimiz “ağıllı” olmayacaq. Bu, çox yanlış bir düşüncədir. “Ağıllı” kənd və şəhər o demək deyil ki, bu cür qurulan yaşayış məntəqəsi xüsusi imtiyazlara malikdir. Burada söhbət sadəcə insan həyatının daha rahat, əlverişli, komfortlu, yaşayışı sadələşdirən, yüngülləşdirən həllərdən gedir.

Bir sözlə, ağıllı həllər hər bir vətəndaşın kommunal xidmətlərlə təminatını yüksək səviyyədə şərtləndirir, məsrəflərini nizamlamağa şərait yardır. Onu da deyim ki, ağıllı həllərin tətbiqində standart bir yanaşma yoxdur. Hər bir şəhərin, hər bir kəndin özünəməxsus spesfikliyi var, öz tarixi, öz mədəniyyəti, adət-ənənəsi var. Şübhəsiz ki, bu məsələdə ərazinin təbiəti, iqlimi də əsas rol oynayır. Şübhəsiz ki, əhalinin, sayı, sıxlığı, yaşayış şəraiti və ərazinin coğrafiyasından asılı olaraq, o yaşayış sahəsinin müəyyən problemləri ola bilər. Bax, o çətinliklər şəhərsalma prosesində mütəxəssislər tərəfindən təhlil edilir və daha sonra alınan nəticədən çıxış edilərək, məsələn, yolun çəkilişi, parkların, istirahət zolaqlarının salınması müəyyənləşdirilir. Bu məsələ isə ağıllı həllərlə öz təsdiqini tapır.

Bu yanaşma Ağdamın şəhərdaxili yol şəbəkəsinin təqdimat planında da nəzərə alınıb. Beləliklə, ilk dəfə olaraq Ağdamda şəhərdaxili yol layihəsi ayrı-ayrı qurumların müstəqil şəkildə həyata keçirdikləri layihələr kimi deyil, kompleks şəkildə vahid layihə çərçivəsində həyata keçiriləcək. Bu isə o deməkdir ki, şəhərdə daxili yol çəkilişində layihənin hazırlanmasına müxtəlif qurumların mütəxəssisləri dəvət olunacaq, onların birgə fəaliyyəti ilə bu proses öz həllini tapacaq. Son nəticədə isə bütün işlər – işıq, qaz, su, elektrik təminatı, rabitə və kommunikasiya xətləri bir dəfə çəkiləcək və bitiriləcək. Bu həm işin sürətli icrası, həm külli miqdarda dövlət büdcəsi vəsaitinə qənaət, həm də yüksək effektə malik koordinasiya deməkdir.

– Qarabağ iqtisadi ­rayonunda sənaye və kənd təsərrüfatının ­kompleks inkişafı da şübhəsiz ki, diqqətdə saxlanılır…

– Sözügedən iqtisadi rayonda kənd təsərrüfatı üçün geniş imkanlar var. İşğaldan əvvəl bu ərazilərdə ənənəvi olan taxılçılıq, üzümçülük, pambıqçılıq, tütünçülük, meyvəçilik, həmçinin heyvandarlıq kimi fəaliyyət sahələri olub. Sadalanan istiqamətlərdə yüksək istehsal göstəriciləri əldə edilib. Kənd təsərrüfatı ilə yanaşı, sənaye, xüsusilə emal sənayesi də uğurlu inkişaf yolu keçib.

Şübhəsiz ki, Qarabağ iqtisadi rayonunda məskunlaşmadan, həyatın öz axarına qayıdışından sonra iqtisadiyyatın vurğulanan sahələrinin tərəqqisi yenə də diqqət mərkəzində olacaq. Ancaq indiki bərpa prosesində də bununla bağlı intensiv iş gedir. Taxılçılıq ənənəsinin davam etdirilməsinə başlanılıb. Azərbaycan Prezidentinin 2021-ci ilin 4 oktyabr tarixli fərmanı ilə yaradılan Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində 190 hektar ərazidə işlərin mərhələli şəkildə həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Yeri gəlmişkən, burada əsasən kənd təsərrüfatı məhsullarının emalı sənayesi, tikinti materialları, müəyyən yeyinti və yüngül sənaye sahələrinin inkişafı prioritet təşkil edəcək. Yeyinti sənayesində çörək məmulatlarının istehsalının, şərabçılığın, yüngül sənayedə tekstil sahəsinin, tikinti sənayesində isə bütün spesifik inşaat materiallarının istehsalının təşkili nəzərdə tutulub.

– Emin müəllim, vaxt ayırıb Qarabağın bərpası ilə bağlı müəyyən məsələlər barədə hərtərəfli məlumat verdiyiniz üçün təşəkkür edirik.

 

Müsahibəni hazırladı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

Redaksiyadan: “Xalq qəzeti”nin vaxtaşırı bu mövzunu işıqlandırması, görülən və perspektivdə nəzərdə tutulan layihələr barədə oxucuları məlumatlandırması önəmli məsələdir. Çünki torpaqlarımızın işğaldan azad olunması kimi, bərpası da taleyüklü bir missiyadır. Bu gün xalqımızın ürəyi Qarabağla döyünür. Otuz illik həsrətdən sonra Böyük Qayıdışı yaxınlaşdırmaq üçün hamı əlindən gələni edir. Azərbaycan
Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva vaxtaşırı işğaldan azad olunan rayonlarda olur, həyata keçirilən layihələrlə yerində maraqlanır, dəyərli tövsiyələrini verirlər. Əsas məqsəd isə 30 ilə yaxın düşmən tapdağında olan, yerlə-yeksan olunan Qarabağ və Şərqi Zəngəzuru yenidən qurmaq, əvvəlki şöhrətini bərpa etmək, gülüstana çevirməkdir.

 

19 Noyabr 2022 04:16 - MÜSAHİBƏ
MÜSAHİBƏ
20 Oktyabr 2022 | 00:17
Daha az fəsadlı anesteziya

Köhnə versiyamızdan xəbərləri izlə