Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran azərbaycanlıların sayını niyə gizlədir?

Qonşuluq meridianı

Bu sualın cavabı çoxdan məlumdur. Qısa cavab budur ki, ölkədə ən böyük milli toplum olan  türkdilli əhalinin ardıcıl olaraq tapdalanan hüquqlarını pərdələmək üçün, ilk növbədə, onların dəqiq sayını açıqlamaq son dərəcə təhlükəli sayılır. Bununla “azın çoxu üstələməsi”nin yolverilıməzliyi qabarıq şəkildə üzə çıxar. 


Tarixdən gələn və indi dövlət siyasəti səviyyəsində gizlədilən incəliklər və təfərrüatlar isə xeyli çoxdur. Günün zəruri cavab tələb edən sualına əhatəli və əsaslı cavab almaq üçün bu sahədə mötəbər mütəxəssisə – AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblıya müraciət etdik. Müshibimiz bildirdi:
–Sualınız bu günlər son dərəcə aktuallaşıb. Bu sual İranın özündən başqa, dünyanın müxtəlif dairələrində açıq səslənir və ona müxtəlif cavablar eşidilir. Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı İranda və xüsusən, Cənubi Azərbaycanda türkdilli əhalinin milli hüquqlarının tapdalanmasına işarə edərək bildirdi ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti milli hüquqlardan istifadə imkanlarından məhrumdur. 
Azərbaycan Prezidenti əlavə etdi ki, Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır: “Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrinin heç vaxt kəsməmələri üçün səylərimizi davam etdirəcəyik”. Bu bəyanat bir daha göstərdi ki, həm Azərbaycanın dövlət başçısı, həm də onun 10 milyonluq xalqı Güney Azərbaycan məsələsinə həmişə həssaslıq göstərib, bu məsələyə milli-mənəvi bütövlük kimi yanaşılır.
 O ki qaldı İranda yaşayan azərbaycanlıların sayına, bu məsələ ilə bağlı İran statistikasında indiyədək dəqiq rəqəmlər verilməmişdir. İranda əhalinin etnik tərkibi haqqında məlumatlar daim gizlədilir. Bugünlərdə dünya əhalisinin sayının 8 milyard nəfərə çatdığı açıqlandı. Bəs İranın ən böyük xalqının sayı niyə dəqiq göstərilmir? Bu artıq siyasətdir və onun güclü daşıyıcıları var. 
İranda Cənubi Azərbaycanı əyalətlərə bölərək, tarixi yer adlarımızı dəyişdirərək, sosial-iqtisadi vəziyyəti ağırlaşdıraraq, türkdilli əhalini ana dilindən və milli haqlardan mərhum edərək milli-etnik vəziyyəti dözülməz həddə çatdırıblar. Bütün bunlar azərbaycanlıların etnik kimliyini zədələmək, milli birliyini pozmaq, onları tədricən əritmək, bu mümkün olmayanda isə tarixi yaddaşdan məhrum etmək məqsədi daşıyır.
1906-cı ildə İranda inzibati ərazi bölgüsü aparılarkən Güney Azərbaycan ölkənin ən böyük milli ərazisi olan Şimal əyalətinin tərkibinə daxil edilmişdi. Türkiyə Nizami Ordu nümayəndəliyinin 1927-ci ildə tərtib etdiyi “İran Azərbaycanı tətbiq raporu” adlı kitabda Azərbaycanın 12 vilayətə bölünməsi göstərilirdi. 1932-ci ildə
Güney Azərbaycan Şərqi və Qərbi Azərbaycan əyalətlərinə, 1937-ci ildə isə 6 ostana bölünmüşdü.
Bu siyasət şah zamanında olduğu kimi, İran İslam Respublikası qurulandan sonra da davam etdirilmiş, ölkə əvvəlcə 24, daha sonra isə 28 ostana bölünmüşdür. 1990-cı illərin əvvəllərində Güney Azərbaycan ərazisi, əsasən, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Həmədan, Zəncan ostanlarına bölünmüş, 1993-cü ildə Ərdəbil, Qəzvin ayrıca müstəqil əyalətə çevrilmişdir. İİR-in Statistika mərkəzinin 2006-cı ilin hesablamaları üzrə nəşr etdirdiyi “ərazinin və əhalinin ümumi hesablanması”na əsasən, ölkə 30 ostana bölünmüşdür.
İranda ölkə əhalisinin rəsmi ünsiyyət vasitəsi fars dilidir. Sərt inzibatçılıqla sənədlər, məktublaşmalar, rəsmi mətnlər, mətbu fəaliyyət, kitab nəşri bu dildə aparılır. Konstitusiyada yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsi, kütləvi informasiya vasitələrinin milli dillərdə yayımı və milli tədrisin ana dillərində qurulması nəzərdə tutulsa da, bu müddəalar bu günədək gerçəkləşməmişdir. 
Ölkənin əsas qanununda  daha sonra göstərilib: “İran xalqı etnik qrup və qəbilədən asılı olmayaraq bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər kimsəyə üstünlük vermir”. Lakin bu müddəa da kağız üzərində qalmışdır. İranda sayca çoxluq təşkil edən və əhalinin yarısını təşkil edən türklərin milli hüquqları, ana dili, etnik kimliyi, ana dilində təhsili və s. əzəli haqları təmin edilməmişdir.
M.Məhəmmədi “Güney Azərbaycan məsələləri” kitabında yazır ki, “1995-ci ildə İran Ali Təhlükəsizlik Şuarsının katibi Əli Laricaninin rəhbərlik etdiyi İran dövlət televiziyasının keçirdiyi rəy sorğusu zamanı paylanan anketlərdə türklər qeyri-adi məxluqlar kimi təqdim olunmuş, “onlarla birlikdə yaşamaq və ailə qurmaq” məsələsi ictimai rəy predmetinə çevrilmişdi. 2000-ci ildə İran Xarici İşlər Nazirliyinin nəşr etdiyi bir kitabda isə türk sözünün mənası “əl-üzünü yumayan”, “tərli və namaz qılmayan” kimi verilmişdi.
2006-ci ilin mayında  rəsmi “İran” qəzetində türklərin təhqiramiz şəkildə karikaturalaşdırılması ölkədə türkdilli əhalinin etirazlarına səbəb olmuşdur. Bu hadisələr ölkədə “milli qiyam” və ya “milli dirçəliş” adlandırılmışdı. Göründüyü kimi, Rza şah hakimiyyəti dövründəki kimi, indi də bu ölkədə xalqımızın milli hüquqlardan, ana dilindən, etnik-mədəni inkişafdan məhrum edilməsi,  ana dilində təhsilin qadağan olunması siyasəti aparılır.
İran   rəhbərliyi  sözdə “Azərbaycan İranın başıdır”, “Azərbaycan İranın fəxridir” deməklə müharibədə, seçkilərdə, siyasi təbliğatda onları maraqlarına uyğun idarə etmək istəyir. Cənubi Azərbaycanın sosial-iqtisadi inkişafı, azərbaycanlıların hüquqlarının qorunması isə qətiyyən gerçəkləşməmişdir.
İran rəhbərliyini də qorxudan məhz budur:  Şimalda yaşayan azərbaycanlılar bir neçə dəfə az olsalar da, öz istiqlalına qovuşmuşlar, üstəlik, cənublu qardaşlarının hüquqsuzluğunu qəbul etmək istəmirlər. Cənubda bu prosesin qarşısını almaq üçün azərbaycanlıların sayı gizlədilir, ya da bir neçə dəfə azaldılr. Həqiqəti gizlətmək isə mümkün deyil. Bu gün İranda yaşayan türkdilli, özünü azərbaycanlı sayan əhalinin sayı, ən azı, 30–35 milyon nəfərdir. Bu statistika İranda rəsmən elan olunmasa da, müxtəlif yollarla təsdiqini tapır. İranın bütövlüyünün qarantı həqiqəti gizlətmək deyil, milli haqların tanınması və gerçəkləşdirilməsi ola bilər.

 

Hazırladı: 
Tahir AYDINOĞLU, 
“Xalq qəzeti”

19 Noyabr 2022 04:10 - SİYASƏT
SİYASƏT
30 Noyabr 2022 | 03:05
Ekspert rəyi
30 Noyabr 2022 | 02:48
Səhlənkarlıq, yoxsa…

Köhnə versiyamızdan xəbərləri izlə