Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda pandemiya: real vəziyyət, gözləntilər...

Aktual müsahibə

Həyatımıza iki il öncə daxil olan pandemiya nəinki insanları can sağlıqları ilə imtahana çəkdi, həm də həyatımızı dəyişdirdi, ünsiyyətimiz azaldı, təmaslara ara verildi. O günlərdə bizə tanış olmayan xəstəliyin adı, hətta pandemiya kəlməsinin özü belə təşviş yaratmışdı. Adət etmədiyimiz qadağalar – maska tələbi, ara məsafənin saxlanması bəlli saatdan sonra küçəyə çıxmamaq və “Evdə qal!” çağırışına əməl edilməsi hünər istəyirdi. Mənfur virus yaxınlarımızı, əzizlərimizi əlimizdən aldı. Vətən müharibəsinin həyəcanını, Qələbə xəbərinin sevincini doyunca yaşaya, ürəyimizcə qeyd edə bilmədik. Lənətə gəlmiş pandemiya bizi qohum-qardaşdan da uzaq saldı. Nə yaxşı ki, biz bu qorxunc mərhələni keçə bildik. Xəstəlik çoxumuzdan yan ötdü. Pandemiyanın dəhşətli günləri arxada qalsa da, qəlbimizdə qoyduğu izlər hələ də göynəyir. Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Təyyar Eyvazovla söhbətdə soruşduq:

 –Pandemiyaya qarşı mübarizəni az itkilərlə başa vuran dövlətimizdə həyata keçirilən, nəticəsi müsbət olan önləyici tədbirləri həyata keçirməyin çətinliyi barədə nə deyərdiniz?

 – Səhiyyə elə bir sahədir ki, orada beynəlxalq təcrübəni həmişə bölüşməkdə fayda olub. COVID–19 yeni infeksiya olduğundan iki il öncə onun haqqında məlumat çox az idi və buna görə təcrübə mübadiləsinə ehtiyac daha çox idi. Öncə onu xatırlayaq ki, 2020-ci ilin payızında, noyabr – dekabr aylarında xəstəliyin pik vaxtı idi. Gündə 4000-dən çox koronavirusa yoluxan xəstə, 40–50 arası ölüm halları olurdu. Dövlət tərəfindən əhalinin sağlamlığının qorunmasına yönəlmiş sərt karantin tədbirləri həyata keçirildi və özünü doğrultdu. Çünki əlimizdə başqa ölkələrin təcrübəsi də vardı. Bir sıra ölkələrdə bu tədbirlər daha yumşaq keçirildi, bəzilərində bu məsələyə laqeyd münasibət göstərildi. Nəticədə, yoluxma sayı və ölüm halları həmin ölkələrdə çox oldu. Yəni, o vaxt əlimizdə bu infeksiyaya qarşı profilaktik peyvənd olmadığından, tətbiq edilən universal qorunma tədbirləri – maskadan istifadə, ara məsafəsinin saxlanması, gigiyena qaydalarına əməl edilməsi, təmasların azaldılması, qadağalara əməl etməyənlərin cərimələnməsi vətəndaşların virusdan qorunmasına yönələn tədbirlər olsa da, əhali arasında narazılığa səbəb olmuşdu. Bu təbii idi. Çünki xəstəlik yeni olduğu kimi ona qarşı aparılan mübarizə tədbirlərinə də öyrəşməmişdik.

Bunu əhaliyə aşılamaq üçün məsuliyyət KİV və səhiyyə işçilərinin üzərinə düşdü. Əsas iş o idi ki, maarifləndirməni elə aparaq ki, bu tədbirlər sadə olmasına baxmayaraq, effektli olduğuna vətəndaşları inandıraq. Bu tələblərə dəqiqliyi ilə riayət edənlər hələ peyvənd olunmadan belə, özlərini sığortalaya bildilər, baxmayaraq ki, həmin vaxt kifayət qədər yoluxma halları var idi. Qonşu ölkələr Gürcüstan, Türkiyə, Rusiya, İranda ölkə əhalisinin sayına nisbətdə bizdə yoluxma daha az oldu. Bu, görülən böyük kompleks tədbirlərin nəticəsi idi ki, Azərbaycanda yoluxanların sayı heç bir milyona çatmadı. İki ildən çox vaxt keçib. Gürcüstanda yoluxma sayı milyonu ötüb. Amma ölkəmizdə indiyədək 823 min 761 nəfərin koronavirus infeksiyasına yoluxub. Bu, onu göstərir ki, dövlət tərəfindən istiqamətləndirilən tədbirlər öz effektini verib. O vaxtlar xəstəliyin aşkarlanması, özlərində xəstəliyin əlamətlərini  hiss edən insanların özlərini təcrid etməsi çox vacib məsələ idi. Çünki əvvəlki dövrlərdə adi respirator infeksiyalara yoluxanda işə, dərsə, qonaqlığa gedirdik. Nəqliyyatda, iş yerində təmasda olurduq, xəstəlik yayılırdı və biz qrip olub sağalmağa öyrəşmişdik. Biz deyəndə ki, insanlar xəstələnəndə təcrid olunmalıdırlar, həkimə müraciət edilməlidir, yaxma verilməlidir, xəstəlik təsdiqlənsə müalicə olunmalıdırlar, inanmırdılar.

Amma əsas mübarizə üsulu peyvəndlə başladı. Dövlət başçımızın Qoşulmama Hərəkatının sədri kimi peyvəndlərin ölkələr arasında düzgün bölüşdürülməsi ilə bağlı çağırışı üzv ölkələr tərəfindən razılıqla qarşılandı. Peyvənd istehsalından, daha doğrusu, vaksin dövriyyəyə buraxıldıqdan sonra ölkənin peyvənd strategiyasının hazırlanmasında iştirak etdik. Bu, böyük sənəddə müxtəlif bəndlər, tədbirlər vardı ki, onlar mərhələlərlə həyata keçirilməli idi. Kimdən başlamaq, sonra hansı qrupa keçmək məsələsi müəyyənləşdirilməli idi. Yaş baxımından, yanaşı xəstəliklər baxımından risk qrupları vardı. Qruplar ayrılandan və peyvəndləmə başlayandan sonra vətəndaşlarda kollektiv immunitet formalaşmağa başladı. Qeyd edim ki, infeksiyaya qarşı kollektiv immunitet iki yolla yaranmalı idi. Ya xəstəliyi keçirməklə ki, artıq orqanizm virusu tanıyacaq, ya da vaksin vurulmalıdır. Azərbaycanda buster dozanı nəzərə almasaq əhalinin 50 faizə yaxını peyvənd vurdurub. Bu o deməkdir ki, 5 milyon 400 minə yaxın insan peyvəndlənib. Xəstələnənlərin sayı 800 mindən bir qədər çoxdur. Biz gözləsəydik ki, hamı yoluxub immunitet qazansın, onda buna neçə il lazım gələcəkdi. Kütləvi peyvəndlənmə isə yaşlı insanları inandırmaq çətin olduğundan ləngiyirdi.

– Yaşlı insanların inamsızlığına səbəb sosial şəbəkələrdə peyvənd əleyhinə dolaşan xəbərlər idi. Əslində, onlar özləri də, övladları da peyvəndin xeyrini bilirdilər. Sadəcə, virus yeni olduğundan və peyvəndin tez zamanda hazırlanmağından onlarda şübhə yaranmışdı. Üstəlik, sosial şəbəkələrin yersiz hay-küyləri...

 – Bəli, obyektivlikdən uzaq informasiyalar yazılır, fikirlər irəli sürülürdü. Peyvənd əleyhinə bütün dünyada hərəkatlar olub. Yazılanlara inansaydılar, vətəndaşlarımız peyvənd vurdurmağa getməzdilər, onda infeksiyanı idarə etməkdə çətinlik çəkə bilərdik. Şükür olsun ki, təbliğatımız, həyata keçirilən tədbirlərin təsiri oldu. İlk növbədə hesab edirəm ki, səhiyyənin aparıcı mütəxəssisləri televiziyada nümayişkaranə peyvənd olunmalı idilər ki, insanlar inansınlar, prosesə ciddi yanaşsınlar. O vaxt peyvənd yeganə üsul idi, antiviral müalicə də yox idi. Sadəcə, simptomlara qarşı müalicə aparırdılar ki, insanlar əziyyət çəkməsinlər. Müalicə olunmayanda proses davam edir, ağciyərlər zədələnirdi və yoluxma ölümlə nəticələnirdi. Həmin dövrdə aparılan işlər o qədər uğurlu oldu ki, biz onun bu gün nəticəsini görürük. Virus o qədər mutasiyaya uğrayıb ki, yoluxanda xəstəlik yüngül keçir, həm də insanlar peyvənd alır və virusa qarşı davamlılığı artır. Virus isə zənciri qırmaq istəmir və yeni variantları yaranır. Ağırlaşma halları az olsa da, yoluxdurması artır. Çünki insanlar qorunmur, yungül soyuqdəymə hesab edirlər, psixoloji durum dəyişir və onlar ehtiyatlanmırlar. Halbuki, iki il öncə insanlardakı həyəcana, təşvişə görə nə qədər mübarizə aparmışdıq.

– Bu həyəcanın, qorxunun bir hissəsini səhiyyə işçiləri yaratmışdılar. Meyitlər evə yox, birbaşa qəbiristanlığa aparılırdı. Xəstəxanalardan verilən reportajlarda həkimlərin skafandr qoruyucuları, həmçinin alışmadığımız sərt karantin tədbirləri insanlarda təşviş yaradırdı.

– Bu tədbirlər vacib əks-epidemik tədbirlər idi. O vaxt peyvəndin olmadığı dövrdə zəruri idi. Öldükdən sonra meyitlə təmas nəticəsində yoluxma baş verə bilərdi. Xüsusi qaydalara görə təmaslara icazə verilmirdi. Minimum təmasdan da yoluxma baş verə bilərdi. Sonrakı dövrlərdə ki, müəyyən qisim insanlar xəstələndi, ailələrinin diğər üzvlərinə, iş yoldaşlarına da keçdi, get-gedə yüngülləşmə başladı. Bu ilin yanvar–fevral aylarında da yoluxmalar artmışdı. Günə 7 minə yaxın yoluxma vardı. Amma xəstəxanaya yerləşdirilənlərin sayı, ölüm halı az idi. Sərt karantin tədbirlərinin görülməsi vacib idimi sualına deyə bilərəm ki, bəli. Çünki o vaxtlar klassik Uhan ştammı idi. Xəstələnənlərin 5 faizi ağırlaşırdı, xüsusi intensiv terapiya tələb edən qrupa aid idi. Xəstələri yerləşdirmək çətinləşmişdi. Sərt karantin tədbirləri həmin prosesin qarşısını almasa da, sürətini azaltdı, eyni zamanda, xəstəxanalarda olan çarpayıların sayı bizə imkan verdi ki, ağır xəstələri stasionarda müalicə edək.

– Pandemiyanın cilovlanmasında dövlətimiz bütün mümkün vasitələrdən istifadə etdi.

– Dövlət öz işini lazımı qədər gördü. Ən birinci laboratoriyaların alınıb ölkəmizə gətirilməsi, avadanlıqla təchizat və orada işləyəcək mütəxəssislərin cəlb edilməsi həyata keçirildi. Öncədən biz gündəlik 1000–2000 analiz götürə bilirdik. Laboratoriyalar qurulandan sonra orada işləyə bilən mütəxəssislər yetişdirildi. İndi gündə  20 mindən çox müayinə aparmaq mümkündür. Modul tipli xəstəxanaların açılması, onların təchizatı, işləyən mütəxəssislərin hazırlanması. Səhiyyə Nazirliyi tərəfindən müalicə protokollarının hazırlanması və tətbiq olunması tibb işçilərinin əməyi idi. Həmçinin də peyvənd prosesinə ölkəmiz ən qabaqcıl ölkələrlə paralel başladı. Məntəqələr təşkil edildi. Bəzi insanlar düşünürdülər ki, peyvənd olunmasınlar, xüsusi arayışlar təqdim edirdilər. Buna görə əks-göstərişlərin kimlərə aid olduğunu dəqiqləşdirmək üçün xüsusi komissiya yaradıldı.

Bunlar hamısı dövlət tərəfindən görülmüş tədbirlər idi. Səhiyyə işçiləri, DİN-nin əməkdaşları, hər qurum üzərinə düşən vəzifəni həll etməyə çalışırdı ki, yoluxmanın artmasının qarşısı alınsın. Və nəticə oldu. Buna baxmayaraq, biz arxayınlaşmalı deyilik. Artıq əlimizdə bir neçə növ vaksin var, antiviral preparatlar var. Ən əsası, müalicə baxımından təcrübə var. İndi asanlıqla bu işin öhdəsindən gələ bilərik. O dövrdə isə bu, çox çətin idi. Elə həkimlərimiz vardı ki, özləri xəstə ola-ola fədakarlıq göstərərək, həyatlarının təhlükədə olmasına baxmayaraq, yenə müalicə prosesindən ayrılmadılar, xəstələrə qulluq etdilər.

– İndiki vəziyyəti necə dəyərləndirirsiniz? Hazırda respirator infeksiyaların baş qaldırma dövrüdür.

– Azərbaycanda hazırkı durum arzuolunandır. Omikron ştammı Azərbaycanda yayılandan sonra yoluxma sayı artsa da, xəstəxanalarda aktiv xəstə sayı azdır. Bu, onu göstərir ki, aqressiv dövr bitib, amma infeksiya davam edir. Heç kim deyə bilməz ki, yeni bir sürprizlə üzləşməyəcəyik. Çünki biz başa düşürük ki, artıq hansısa ştamma qarşı immunitet yaranıbsa, daha başqa variant meydana çıxa bilər. Daha güclüsü, yoluxma sürəti yüksək, yaxud, ağırlaşdırıcı xüsusiyyəti olan növ yaranar. Ona görə də ÜST hələ ki, 2020-ci ilin mart ayında verilmiş pandemiya qərarını ləğv etməyib. Bu, ictimai səhiyyədə beynəlxalq səviyyəli fövqəladə hadisə kimi dəyərləndirilir. Qərarın ləğv olunmama səbəbi ona gorədir ki, yeni ştamm yarana bilər, bəzi regionlarda yoluxma sayı arta bilər. Ancaq görürük ki, müsbət tendensiya var. Bu gün biz heç nəqliyyatda da maskadan istifadə etmirik. Amma risk qruplarına tövsiyəm ondan ibarətdir ki, arxayınlaşmasınlar. Mən əgər xəstəliyi yüngül keçirirəmsə, bu o demək deyil ki, kimisə yoluxdursam, o da yüngül adladacaq. Yenə də mümkün qədər çalışmaq lazımdır ki, artımlar olan dövrlərdə, xüsusilə, soyuq aylarda o qaydalar ki, bizdən tələb olunur, onlara əməl edək. Kimlər ki, müəyyən səbəblərə görə vaksin almayıblar, buster doza almayıblar, onlar bunu tamamlasınlar ki, immunitetləri zəifləməsin. İmmunitet zəifləsə, yoluxma hallarının artması ilə üzləşə bilərik.

Deyirik ki, soyuq aylarda həmişə respirator infeksiyaların yayılması üçün şərait yaranır. Çünki soyuq aylarda, adətən, otaq havalandırılmır, yaxın təmaslar var. Həm də indiki dövrdə immunitet zəifləyir. Soyuq hava ilə nəfəs alanda selikli qişanın qoruyuculuq qabiliyyəti azalır, yəni, yerli immunitet zəifləyir. Əvvələr xəstələnəndə adi soyuqlama kimi, respirator infeksiya kimi qəbul edirdik. Kimsə evdə müalicə alırdı, başqası elə ayaqüstə keçirirdi, çox vaxt simptomlara görə qızdırmasalan, ağrıkəsici, öskürək əleyhinə dərmanlardan istifadə olunurdu, ötüb keçirdi. Həmin proseslər yenə gedir. Amma indi insanlar bilsələr də ki, koronavirus deyil, amma maska taxırlar. Bütün infeksion xəstəliklər içərisində, təxminən, 85 –90 faizi yalnız respirator infeksiyalar tutur. Bəzi insanlar ki, qızdırması var, boğazı ağrıyır, öskürürlər, yaxmalarda qrip təsdiq olunmur, amma koronavirus statistikaya düşdüyünə görə təsdiqlənir. Qrip isə hazırkı dövriyyədə yoxdur. Ola bilsin ki, müəyyən vaxtdan sonra olsun. Qripdən, pnevmaniyadan ölənlərin statistikasını görürük. Xəstəliyə tutulanlar bilməli idilər ki, yoluxmamaq üçün qorunmaq lazımdır. İndi koronavirusa yoluxmaların az olmasına baxmayaraq, insanların qorunma tədbirlərinə əməl etmələri çox müsbət tendensiyadır. Pandemiya insanları ayıltdı ki, səhhətlərinə diqqət eləsinlər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

17 Noyabr 2022 03:28 - MÜSAHİBƏ
MÜSAHİBƏ
20 Oktyabr 2022 | 00:17
Daha az fəsadlı anesteziya

Köhnə versiyamızdan xəbərləri izlə