Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ANAMA “Zəfər Qadının İzi ilə” adlı tədbirdə mina təhlükəsinə dair çağırış edib

İyirmi dörd illik təcrübəyə malik Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərimizin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi məqsədilə yaradılıb. Hər bir vətəndaş kimi ANAMA ailəsi də Zəfər xəbərini qürurla, sevinclə qarşılayıb. Həmin qürurlu gündən etibarən qəhrəmanlarımız olan minaaxtaranlarımız ərazilərimizi müharibənin partlayıcı qalıqlarından qarış-qarış təmizləyir, Qarabağda sağlam, dayanıqlı və təhlükəsiz yaşam mühitinin yaradılması istiqamətində üzərilərinə düşən vəzifəni ən yüksək səviyyədə yerinə yetirirlər. Lakin bununla yanaşı minaaxtaranlarımıza dəstək verən, arxa cəbhənin qəhrəmanları olan inzibati işlərdə çalışan xanımlar da var. Sahə əməkdaşlarına anaları, bacıları kimi xidmət göstərən qürurlu və zərif qadınların da bu işdə töhfəsi danılmazdır.

 

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 13-də təşkil olunan "Zəfər Qadının İzi ilə" adlı tədbirdə bildirilib.

 

Qeyd edilib ki, agentlik minatəmizləmə əməliyyatları ilə yanaşı, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərini də icra edir. Mina hadisəsi bir neçə saniyə ərzində baş verir və mina təhlükəsi hələ də davam etməkdədir. Bu təhlükə haqqında çox danışılır. Məlumatsızlığı aradan qaldırmaq üçün bu istiqamətdə tədbirlər görülür. Agentlik işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə cəlb olunan, müharibənin təsirinə məruz qalmış rayonlarda yaşayan insanlar, eləcə də məktəblərdə şagirdlər arasında mina və partlayıcı sursatların təhlükəsi barədə maarifləndirmə, məlumatlandırma tədbirləri həyata keçirir. Amma “Tək əldən səs çıxmaz”. Ona görə də baş verə biləcək mina hadisələrinin qarşısının alınması məqsədilə məlumatverici, xəbərdaredici fəaliyyətdə insan cəmiyyətinin baniləri olan qadınlar istər ailədə, istər işdə, istərsə də digər sosial-ictimai sahələrdə bir araya gəlib daha geniş və əhatəli təbliğat işlərinin aparmasında quruma dəstək olmalıdır. Çünki maarifləndirmə tədbirlərinin artırılması lazımdır. Maarifləndirmə sahəsində verilən məlumatların geniş yayılması çox vacibdir. Belə ki, hər bir paylaşılmış məlumat bizim övladımızı, yaxınımızı, əzizimizi mina təhlükəsindən qorumağa imkan verir.

 

ANAMA tədbirdə iştirak edən hər kəsi mina təhlükəsinə dair maarifləndirmə fəaliyyətində iştirak etməyə, eləcə də bu istiqamətdə məlumatları paylaşaraq daha geniş yayılmasına dəstək verməyə çağırıb. Belə ki, yalnız bir olmaqla, səyləri birləşdirməklə minalarsız Qarabağa, təhlükəsiz qayıdışa töhfə vermək olar.

13 Noyabr 2022 21:39 -
29 Yanvar 2023 | 12:13
Sumqayıtda şair məclisi

Köhnə versiyamızdan xəbərləri izlə