Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tofiq Zülfüqarov: “Ermənistan qarşısına qoyduğu məqsədə nail olmadı”

Oktyabrın 31-də Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının Soçi görüşünün nəticələri geniş müzakirə olunur. Azərbaycanın keçmiş xarici işlər naziri, siyasi ekspert Tofiq Zülfüqarov ilə əlaqə saxlayıb onun fikirlərini öyrəndik. 


– Tofiq müəllim, əvvəla, son günlər Xankəndidə nə baş verir?
– Öncə onu qeyd etmək lazımdır ki, Ermənistanın məqsədi bir çox halda “vasitəçilik” edən ölkələrin siyasətilə uzlaşır. Burada böyük oyunçuların marağı ondan ibarətdir ki, münaqişə vasitəsilə istədikləri ölkəni idarə etsinlər. Ermənistan da münaqişənin qalmasında maraqlıdır və rəsmi İrəvan strateji baxımdan hesab edir ki, vaxtı uzatmaq lazımdır, vəziyyət hansısa bir mərhələdə dəyişə bilər. 
Bəs Xankəndidə nə baş verir? Ermənistan qondarma qurumu danışıqlara qoşmağa can atır. Məqsəd də aydındır: bu yolla status məsələsini ortaya atmaqla ermənilər danışıqlar prosesini uzatmaq istəyirlər. Amma status məsələsi artıq arxada qalıb. Ruben Vardanyan Xankəndiyə gəlib, qondarma vəzifə alıb, onun pulu ilə mitinq təşkil olunub. 
Eyni zamanda, Qərb də bu istiqamətdə addımlar atır. İndi məlum olur ki, Fransanın məqsədlərindən biri hansısa mərhələdə Xankəndidə humanitar missiya təşkil etməkdir. Qeyd etdiyim kimi, danışıqlar formatı yaradaraq, vaxtı uzatmaq istəyirlər 30 il müddətində nəticəsiz fəaliyyət göstərən ATƏT-in Minsk qrupu kimi.
Ancaq bu cəhdlərə Soçidə tutarlı, siyasi iradəyə söykənən güclü cavab verildi. Üçtərəfli danışıqlardan öncə Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Qarabağ problemi iki il öncə həll olunub və bu, Azərbaycanın daxili məsələsidir. Yəni işarə edildi ki, Qarabağla bağlı problem Azərbaycanın daxili siyasi məsələsidir. Yəni beynəlxalq müstəvidə Qarabağ mövzusu yoxdur və vasitəçi olmaq istəyən ölkələr postmünaqişə vəziyyətində olan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün öz köməyini təklif edə bilər. Azərbaycan tərəfindən bu xətt həm Praqada, həm də Soçidə aydın şəkildə bəyan edildi.
– Bəs, Ermənistanda Soçi görüşündən sonra nə düşünürlər?
–  Ermənistan qarşısına qoyduğu məqsədə nail olmadı. Əminəm ki, indi Ermənistan tərəfindən ikinci mərhələ başlayacaq. Məsələn, noyabrın 15–16-da Fransa Senatında bəyanat müzakirəyə çıxarılacaq. Həmin bəyanatda Azərbaycana qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur və ölkəmizə qarşı bir sıra uydurma ittihamlar olacaq. Tələb olunacaq ki, humanitar məsələləri həll etmək üçün missiya təşkil etmək lazımdır. Humanitar missiyanın yaradılması üçün Ermənistan tərəfindən təxribatlar törədiləcək. Məqsəd sərhəd bölgəsində və digər yerlərdə gərginlik yaratmaqla vəziyyəti yeni müzakirə mövsuzuna çevirməkdir. Yəni yenə vaxt qazanmaq istəyəcəklər.
P.S. Noyabrın 1-i Tofiq Zülfüqarovun ad günüdür. “Xalq qəzeti” redaksiyasının kollektivi təcrübəli diplomatı ad günü münasibətilə təbrik edir, ona cansağlığı, uzun ömür, dəyərli fəaliyyətində uğurlar arzulayır.

 

Müsahibəni apardı:
S.MƏMMƏDOV,
“Xalq qəzeti”

 

2 Noyabr 2022 01:39 - MÜSAHİBƏ
MÜSAHİBƏ
20 Oktyabr 2022 | 00:17
Daha az fəsadlı anesteziya

Köhnə versiyamızdan xəbərləri izlə