Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Professor Məzahir Abasovun 100 illik yubileyi qeyd olunub

AMEA-nın Əsas binasında İkinci Dünya müharibəsinin iştirakçısı, professor Məzahir Abasovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov professor M.Abasovun mənalı ömür yolundan, İkinci Dünya müharibəsində faşistlərə qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, eləcə də tarix elminə verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, M.Abasov İkinci Dünya müharibəsi zamanı Ukraynanın Sevastopol və Odessa şəhərlərinin, Qafqazın hava hücumlarından müdafiəsində fəal iştirak edib. Professor M.Abasov elm sahəsində qazandığı nailiyyətlərə görə "Şöhrət" ordeni ilə təltif olunub.

Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin deputatı Eldar Quliyev, professor Musa Bağırov, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d. Cəbi Bəhramov, yazıçı Georgi Zapletin və başqaları M.Abasovun elmi yaradıcılığının əhəmiyyətindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər.

Daha sonra görkəmli alimin oğlu Əlövsət Abasov çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirib.

science.gov.az saytı yazır ki, sonda “İgid şahin” sənədli filmi nümayiş etdirilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

20 Dekabr 2018 14:38 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə