Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi"

AMEA-nın Humanitar və İctimai elmlər bölmələrinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi" mövzusunda respublika elmi konfransı keçirilib. Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi"nin keçirilməsi və 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi haqqında sərəncamlar imzaladığını xatırladıb. Bildirib ki, bu sənədlərin icrasından irəli gələn məsələlərin həlli ilə bağlı AMEA Rəyasət Heyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq, cari ildə Humanitar və İctimai elmlər bölmələrinin elmi müəssisələrində bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlər keçirilib, məqalələr, kitablar, sənədlər toplusu, elmi-biblioqrafik göstəricilər, monoqrafiyalar nəşr olunub, sərgilər təşkil edilib.

Cümhuriyyət dövründə Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin və ədəbiyyatının özünəməxsus inkişaf yolu keçdiyini söyləyən akademik bu gün AXC irsinin tədqiqi istiqamətində mühüm addımların atıldığını deyib.

Sonra çıxış edən İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova AXC-nin milli dövlətçilik tariximizdə silinməz izlər qoyduğunu bildirib. Qeyd edib ki, iki ildən az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq AXC çətin tarixi vəzifəni şərəflə yerinə yetirib, bu dövrdə Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib.

www.science.gov.az saytı yazır ki, konfransda Azərbaycan Dillər Universitetinin kafedra müdiri, filologiya üzrə elmlər doktoru, AMEA-nın professoru Aynur Sabitova "Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatında milli dövlətçilik və istiqlal ideyaları", Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu "Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələri", Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Alxan Bayramoğlu "Azərbaycan Cümhuriyyəti dövründə ədəbi hərəkat", Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov "Azərbaycan milli məfkurəsinin inkişafında AXC-nin yeri və rolu", Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Sayalı Sadıqova "Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasəti", Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə "Azərbaycan cümhuriyyəti və maarifçilik fəlsəfəsi" və Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, dosent Paşa Kərimov "Nəsib bəy Yusifbəylinin "Təslim" hekayəsində müasir təhsil məsələləri" adlı məruzələrlə çıxış ediblər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

20 Dekabr 2018 14:35 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə