Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mənə çinar gətirin, çinar ucalıq rəmzidir!”

2023 – Heydər Əliyev İli

– Mənə çinar gətirin. Çinar ucalıq və əbədilik rəmzidir. Mən Gəncədə çinar ağacı əkəcəyəm…

Hamı duruxmuşdu. Çünki Heydər Əliyev “Xatirə parkı”nda əkmək üçün ona gətirilən şam ağacı tingini bir kənara qoyub bu sözləri demişdi.

Qəribə bir çaşqınlıq yaran­mışdı. Amma təşkilatçılar tez də vəziyyətdən çıxa bilmişdilər. Çi­nar tingi gətirilmişdi. Heydər Əliyev tingi alıb ehmalca çalaya salmış, tələsmədən, səliqə ilə üstünü tor­paqlamış, dolu su vedrəsini götürüb sulamışdı. Sonra da ətrafına toplaş­mış gəncəliləri mehriban nəzərləri ilə süzərək: “Gəncəyə çinar yaraşır”– deyib gülümsəmişdi...

Bu unudulmaz mənzərə düz 42 il əvvələ, 1980-ci il dekabrın 16-na təsadüf edir. Onda Heydər Əliyev Azərbaycan Kənd Təsərrüfatı İns­titutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) “Şərəf nişanı” or­denini təqdim etmək üçün Gəncəyə gəlmişdi. Eyni zamanda, məqsədi özünün təşəbbüsü və göstərişi ilə şəhərin “Quru Qobu” deyilən boş bir düzənliyində salınması nəzərdə tutulan və sonralar “Xatirə parkı” adlandırılacaq əraziyə gedərək ora­dakı vəziyyətlə tanış olmaq və təbii ki, ağac əkməklə nəhəng bir parkın bünövrəsini qoymaq olmuşdu.

...Həmin ağacın yanındayam. Qollu-budaqlı, əzəmətli, kölgəsində artıq eyni vaxtda 30-40 nəfərin sərinləyə biləcəyi bir çinardır.

İndi bura daha “Xatirə parkı” deyil, Gəncənin Heydər Əliyev Park-kompleksi adlandırılır. Amma gəncəlilərin əksəriyyəti bura “Heydər Əliyevin xatirə” parkı deyirlər. Əzəmətli bir kompleksdir. Öz böyüklüyünə görə dünyanın 5 parkından biridir. Təsəvvür edin ki, kompleksin hər görməli yerində çox yox, cəmi 5 dəqiqə dayanmaq üçün sənə ən azı bir ay gecə-gündüz bu­rada olmaq lazımdır.

Kompleksdə nələr yoxdur! Ümu­mi sahəsi 450 hektar olan bu unikal parkın ərazisində İncəsənət Muzeyi, amfiteatr, süni göl yaradılmış, parkın girişində Zəfər tağı inşa olunmuşdur.

Parkda 2012-ci ildə yenidənqurma işlərinə başlanılmış­dır. Park-kompleksinin açılışı isə 2014-cü il yanvarın 21-də baş tut­muşdur. Parkda 350 mindən çox ağac və bəzək bitkisi əkilmişdir. Bu ağacların əksəriyyətini Şərq çinarı, şam, küknar, cökə, meyvə ağacla­rı və müxtəlif bəzək bitkiləri təşkil edir. Parkın ərazisini Baş xiyaban birləşdirir. Baş xiyabanın eni 53 metr, uzunluğu isə 1400 metrdir.

Parkda Azərbaycanın dövlət xadimlərinin heykəl və büstləri var. Kompleksdə Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Va­zehin, Səməd Vurğunun və başqala­rının heykəl və büstləri də var.

Zəfər tağı kompleksin girişindədir. Tağ 15 iyun – Azərbaycan xalqının milli qurtuluş gününün rəmzi olaraq ucaldılıb. Eni 20, uzunluğu 50, hün­dürlüyü isə 38 metr olan Zəfər tağı­nın, ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası var.

Heydər Əliyev Mərkəzi peri­metr boyunca səkkizbucaqlı sü­tunlarla əhatə olunub. Üçmərtəbəli mərkəzdə şüşədən günbəz quraş­dırılıb. Günbəzdə Azərbaycanın xəritəsi əks olunub. Heydər Əliyev Mərkəzi 4 mərtəbədən ibarətdir. Bu­rada Heydər Əliyev Muzeyi fəaliyyət göstərir.

Kompleksdə amfiteatr, İncəsənət Muzeyi və süni göl də yerləşir. Amfi­teatr ən azı 3 min 500 tamaşaçı tutu­muna malikdir. Süni göl isə Heydər Əliyev Parkında mərkəzi küçənin cənub-qərbində, memoriala gedən yolda yerləşir və 30 hektar sahəni əhatə edir. İncəsənət Muzeyində ta­nınmış rəssamların müxtəlif əl işləri və digər sənət nümunələri nümayiş etdirilir.

Qeyd edək ki, Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyev də ulu öndərin ənənəsini davam etdirərək Heydər Əliyev Mərkəzinin qarşısında çinar ağacı əkmişdir. 2014-cü il, yanvarın 21-də Park kompleksi haqqında danışarkən dövlət başçımız demişdir: “Biz bu möhtəşəm Heydər Əliyev Mərkəzinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi və bütün gəncəliləri ürəkdən təbrik edirəm.

Düz iki il bundan əvvəl – 2012-ci il yanvarın 21-də bu parkın təməl daşı qoyulmuşdur. Gözəl təsadüfdür ki, düz iki ildən sonra biz parkın və möhtəşəm mərkəzin açılışını qeyd edirik. Bu parkın və mərkəzin ya­radılması çox böyük hadisədir. Möhtəşəm mərkəz ulu öndərin xatirəsinə gözəl abidədir, burada ulu öndərin həyat və fəaliyyətinin bütün anları, bütün mərhələləri əks olunub. Eyni zamanda, istənilən beynəlxalq tədbirin keçirilməsi üçün də gözəl imkanlar var.

Dünyada bir neçə böyük park var ki, onlardan biri də Gəncə parkı­dır. Dünyanın 5 ən böyük parkı ara­sında artıq Gəncə parkı da var. Bu, əlbəttə ki, bizim hamımızı – nəinki gəncəliləri, bütün Azərbaycan xal­qını sevindirir. Çünki boş ərazidə iki il ərzində belə möhtəşəm parkın, mərkəzin yaradılması gəncəlilərin öz diyarına olan məhəbbətinin təzahürüdür.

Burada bundan sonra da abadlıq işləri aparılacaqdır. Minlərlə, bəlkə də on minlərlə ağac əkilmişdir və bu ağaclar getdikcə böyüyəcək, yeni ağaclar əkiləcək, yeni yaşayış bina­ları tikiləcəkdir. Gözəl bir göl, amfite­atr yaradılıb. Yəni bu, doğrudan da, bir möcüzədir.”

…Bəli, cənab Prezidentimizin dediyi kimi bu bir möcüzədir və bu möcüzənin bünövrəsini atası, xalqın qəlbində yalnız xoş xatirəsi qalan Heydər Əliyev qoymuşdur. Bu park əbədidir, gələcək nəsillərə elə bir yadigardır ki, heç nə ilə əvəz oluna bilməz. Ulu öndərin yuxarıda təsvir etdiyim ağac əkdiyi anı hamı kimi kənardan seyr edən, uzun illər Aqrar Universitetdə işləyən Nüsrət Hüsey­nov maraqlı bir epizodu yada salır:

–Heydər Əliyev çinarı əkib ətrafa toplaşanlara baxarkən birdən gözü adamların arasında bizim institu­tun dosenti, mərhum şair Rüba­il Allahverdiyevə sataşdı. Dedi ki, “Rübail, sənin Nizami, Gəncə və çinar haqqında Nizami Poeziya günündə söylədiyin şeir bax, indi lap yerinə düşər. Bəlkə onu burada da deyəsən”.

Rübailə sanki dünyanı bağışladı­lar. Bir qədər həyəcanlansa da böyük bir şövqlə həmin şeiri oxudu:

Kəpəz Gəncəmizin söz heykəlidir,

Göygöl qəlb aynası, safdır, incədir.

Çinar Nizaminin öz heykəlidir,

Harda çinar varsa, ora Gəncədir!

…Heydər Əliyev təbiətin vurğunu olub, yaşıllığı sevib, mehrini ucalığa– çinarlara, sərv ağaclarına salıb və beləcə özü də bu nəhəng şəxsiyyət kimi zirvələrə ucalıb.

Nəhəng Park-kompleks hər za­man cəlbedicidir, qonaqlı-qaralıdır. Günün hansı vaxtı getsən, bura adamlarla doludur. Payızda da, qış­da da bahar ömrü yaşayan parkın ərazisindəki məşhur çinar alleya­sı sanki möhtəşəmliyin, gözəlliyin nümunəsidir. Park-kompleksin zəngin bitki örtüyü var və burada dün­yanın ən nadir ağaclarına, güllərinə, çiçəklərinə rast gəlmək olar. Çinar ağaclarının ən nadir növləri də bura­dadır. Bəlkə də çoxunuz bilmirsiniz ki, Gəncədəki bu möhtəşəm parkda 20 növə yaxın müxtəlif çinar növü yetişdirilib.

Ümumiyyətlə, Gəncəni çinarsız, çinarı Gəncəsiz təsəvvür etmək ol­mur. Çinar ağaclarına Gəncənin hər yerində – parklarda, yol kənarlarında, digər ərazilərdə rast gəlmək olar. Özü də bu çinarlar çox böyük, qol­lu-budaqlı olur. Bəlkə də buna görə Gəncə çinarları “Xan çinarı” adlan­dırılır. Gəncədəki Şərq çinarları isə şəhərin rəmzi hesab edilir. Ona görə Ulu öndər Gəncədə “mənə çinar gətirin” deyərkən heç şübhəsiz, bun­ları nəzərdə tutmuşdu.

…Gəncədə ulu öndərin hər ad­dımda xoş izləri, xatirələri yaşayır. Sizə söylədiyimiz xatirə yüzlərlə epi­zoddan biridir. Çalışacağıq ki, dahi şəxsiyyətin 100 illiyi ərəfəsində bun­ların bir çoxu haqqında söhbət açaq, gəncəlilərin xatirələrini yazaq…

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

6 Oktyabr 2022 01:58 - SİYASƏT
SİYASƏT
6 Dekabr 2022 | 02:21
Ekspert rəyi
6 Dekabr 2022 | 02:15
İrəvanın məkrli siyasəti

Köhnə versiyamızdan xəbərləri izlə