Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadiyyatın şaxələndirilməsi aqrar sektorun inkişafını sürətləndirir

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə düzgün iqtisadi siyasətin, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatların həyata keçirilməsi, habelə investisiya mühitinin əlverişliyi nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə daxil olub. Dövlətimizin başçısı çıxışlarının birində bununla bağlı deyib: “Uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyat dayanıqlı surətdə inkişaf etsin, bir sektordan–neft-qaz sektorundan asılı olmasın. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və əldə edilən müsbət rəqəmlər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir...”.

Azərbaycan Prezidentinin neft və qazdan asılılığın azaldılması məqsədilə son illərdə sənaye park­ları və məhəllələrinin, aqroparkların, iri fermer təsərrüfatlarının yaradılma­sı, müasir texnologiyaların və elektron kənd təsərrüfatı sisteminin tətbiqi, özünüməşğulluq proqramının icrası, xa­rici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunmaları və digər tapşırıqları ilə bağlı müsbət nəticələr əldə edilib.

İqtisadi şaxələndirmə siyasətində aqropark və iri fermer təsərrüfatlarının yaradılması da mühüm əhəmiyyət da­şıyır və bu, aqrar sektorun inkişafını sürətləndirir. İqtisadçı-ekspert Elmir Əlizadənin sözlərinə görə, son illərdə milli iqtisadiyyatımızın dayanıqlı in­kişafının təmin olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan aqropark­lar ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılı­ğın azaldılmasına, regionların taraz­lı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, həmçinin emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Aqroparkların yaradılma­sı aqrar sahədə qeyri-neft sektorunun inkişafını sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının art­masında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır.

E.Əlizadənin bildirdiyinə görə, hazır­da respublikamızın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlar­dan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və hey­vandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.

İndiyədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub. Bunun­la yanaşı, dövlət tərəfindən aqroparklara müvafiq dəstək tədbirləri görülüb. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqro­parkdan 26-sına texnika, texnoloji ava­danlıqlar və qurğuların idxalına görə 43,7 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib.

Aqroparklar ötən müddətdə məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayıb. Hazırda aqro­parklarda, ümumilikdə, 4491 işçi daimi, 6303 işçi isə mövsümi işlə təmin olunub. Gələcəkdə əlavə 4672 iş yerinin yaradıl­ması nəzərdə tutulub.

İqtisadçı-ekspert açıqlamasının so­nunda ölkədə iqtisadi şaxələndirməyə müsbət təsir göstərən iqtisadi islahat­lar sırasında vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində görülən işlərin də xüsusi önəm daşıdığını qeyd edərək deyib ki, vergi islahatları ilə bağlı gerçəkləşdirilən tədbirlər korrupsiya, inhisarçılıq və on­dan qaynaqlanan, ölkənin sosial-iq­tisadi tərəqqisinin qarşısında buxova çevrilən neqativlərin aradan qaldırılma­sına yönələn işlərin genişləndirilməsini tələb edir. Bunun əsas yolu isə sosial-iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın liberallaşdırılması və rəqəmsallaşdırılmasının gücləndirilməsi, idarəetmə sistemində çevikliyin, şəffaflığın, hesabatlılığın və məsuliyyətin artrılması, “kölgə iqtisadiyyatı”nın dairəsinin məhdudlaşdırılması kimi məsələlərin həllindən keçir. Hazırda vergi yükünün azaldılması və vergiyə cəlbetmə işinin biznesin xeyrinə əsaslı şəkildə dəyişdirilməsi öz bəhrəsini verməkdədir.

Burada iqtisadi şaxələndirmə prosesində önəmli rol oynayan bir məqama da toxunmaq istərdik. Bu da son illər investisiya qoyuluşunda müsbət dinamikanın nəzərə çarpma­sı ilə bağlıdır. Belə ki, cari lin ilk ya­rısında ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri, habelə dövlət büdcəsinin investisiya xərclərinin icrası­nın sürətlənməsi, o cümlədən, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi fonunda hesabat dövründə əvvəlki ay­larla müqayisədə əsas kapitala investisi­yaların real artım tempi müsbət zonaya daxil olub. Qeyd olunan amillərin təsiri ilə qeyri-neft-qaz sektorunda əsas kapitala investisiyaların real artımı 18,5 faiz təşkil edib. Bu amillərin təsiri ilə cari ilin 6 ayın­da ötən ilin eyni dövrü ilə müqayisədə ti­kinti sektorunda əlavə dəyər 8 faizədək artıb.

V.BAYRAMOV,

“Xalq qəzeti”

6 Oktyabr 2022 01:28 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Dekabr 2022 | 10:59
Neft bahalaşıb
3 Dekabr 2022 | 10:53
Azərbaycan nefti ucuzlaşıb
3 Dekabr 2022 | 09:51
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə