Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İdarəetmədə ədalət, müharibədə ləyaqət nümunəsi

Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunla­rına riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamı­şıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamı­şıq. Halbuki, xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı et­nik təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq olmalı idi.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Bu sətirlər türkiyəli həmkarımız İlhan Camalın bir söhbəti əsasında ərsəyə gəldi. Televiziya aparıcısı ondan soruşur ki, siz “Azərbaycanda ədalətli idarəetmə” deyəndə nəyi nəzərdə tutursunuz? İlhan bəyin cavabı bugünkü Azərbaycan həqiqətlərinin dilə gətirilməsi baxımından olduqca əhəmiyyətlidir: “Azərbaycanda heç bir xalqın, heç bir dini konfessiyanın hansısa problemi yoxdur. Bu ölkədə heç bir siyasi partiyanın nəinki bələdiyyə, hətta prezident və ya parlament seçkilərində də iştirakına əngəl yoxdur. Bu ölkədə dövlətin fəaliyyətinin, insanların rifahının asanlaşdırılması üçün lazım olan bütün addımlar atılır. Ard-arda amnistiya aktları və əfv fərmanları imzalanır. Azərbaycanda heç kəsin söz, mətbuat azadlığı pozulmur, səhiyyə, təhsil, mədəniyyət və idman müəssisələri hamının üzünə açıqdır. Hər il təqaüd və əməkhaqları artırılır. Bütün bunlar ədalətli idarəetmənin təzahürü deyilmi?”

Ancaq həmkarımız bununla da kifayətlənməyərək əlavə edir ki, Azərbaycan rəhbərliyi ölkəni ədalətlə idarə etdiyi kimi, torpaqlarının azadlığı uğrunda apardığı müharibədə də mükəmməl bir ləyaqət nümunəsi sərgiləmişdir: “Nə xoşdur ki, həmin faktı dünyanın bütün ölkələrindəki hərbi ekspertlər də etiraf edirlər. Elə cənab İlham Əliyev də bu faktı tez-tez xatırladır”.

Dövlət başçımızın özü isə bu barədə danışarkən xatırlatmışdır ki, mən əsgər və zabitlərimizə bu barədə xü­susi tapşırıq vermişdim: “Demişdim ki, düşməndən intiqamı döyüş meydanın­da alacağıq. Bütün dünya, bütün hərbi ekspertlər artıq bunu dəfələrlə qeyd edirlər ki, Azərbaycan bu müharibəni həm böyük məharətlə, ustalıqla aparıb, qısa müddət ərzində istədiyinə nail olub, həm də bütün müharibə qanunlarına riayət edərək ləyaqətlə aparıb. Məhz buna görə düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az idi. O da məhz ona görə ki, o mülki vətəndaşlar döyüşlərdə iştirak edirdilər”.

İnformasiya vasitələrinin yaydığı məlumatlardan da görürük ki, indi dün­yada bir çox yerlərdə müharibələr gedib, gedir və əfsuslar olsun ki, yenə gedəcək. Bu müharibələrə diqqət yetirsək, görərik ki, bizim apardığımız müharibə təkcə ədalətli – yəni ölkəmizin ərazi bütövlüyü­nün bərpası naminə olduğuna görə de­yil, həm də ləyaqətlə aparıldığına görə hamı tərəfindən qəbul edilir. Bütün dün­ya ictimaiyyəti Azərbaycan xalqının bö­yüklüyünü, humanistliyini, məsuliyyətini görür və təsdiqləyir.

Bunun əksinə olaraq, Ermənistan döyüş meydanında məğlub olarkən yenə də ən çirkin əməllərə əl atırdı, mül­ki şəxslərə qarşı hərbi təxribat törədirdi. Hamının bildiyi faktdır ki, yüzdən çox mülki şəxsimiz erməni faşizminin qur­banı olmuşdur. Şəhər və kəndlərimiz daim atəş altında qalırdı. Bundan baş­qa, Ermənistan qadağan olunmuş si­lahlardan, ballistik raketlərdən istifadə edirdi. Ancaq dövlət başçımızın dediyi kimi, heç nə bizi dayandıra bilməzdi və dayandıra bilmədi.

Artıq dərsliklərə də yazılıb ki, Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində əzm, iradə, cəsarət göstərərək, düşmənin bütün təxribatlarına sinə gərmişdir. Dövlət başçımız müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdi ki, biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət savaşına çıxmışıq. Biz milli qürur savaşına çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq.

Nəticədə ədalətlə idarə edilən ölkə öz ərazilərini işğaldan azad etmək üçün apardığı qətiyyətli müharibədə ləyaqətli Zəfərə nail olmuşdur.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

6 Oktyabr 2022 01:19 - SİYASƏT
SİYASƏT
6 Dekabr 2022 | 02:21
Ekspert rəyi
6 Dekabr 2022 | 02:15
İrəvanın məkrli siyasəti

Köhnə versiyamızdan xəbərləri izlə