Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qisas” zirvəsində əbədiyyətə qovuşan xüsusi təyinatlı

– İllər əvvəl aşağı sinif müəllimi şagirdlərdən böyüyəndə kimin nəçi olacağını soruşanda hərə bir peşənin-sənətin adını çəkmişdi. Nəzər isə de­mişdi ki, mən məktəbi bitirəndən sonra “maskalı” olacağam. Onun bu sözünə müəllim də, uşaqlar da gülüşmüşdülər– yəni ki, “maskalı” adda bir peşə yoxdur. Sən demə, Nəzər televizorda gördü­yü xüsusi təyinatlı qüvvələrin maskalı əsgərlərini nəzərdə tuturmuş...

Vətən müharibəsindən sonrakı “Qisas” əməliyyatlarının sonuncusunda şəhid olmuş Nəzər Ağacəlil oğlu Əzizovun anası Cəmafət bacı beləcə oğlu Nəzərin körpəliyindən bəri yadında qalmış söz-söhbətlərini, hərəkətlərini xatırladıqca, sanki, o günlərə qayıdır, az da olsa təsəlli tapırdı. Birdən səsi titrəyən ananı qəhər boğdu:

– Özümə söz vermişdim ki, Nəzərdən söhbət eləyəndə, özümü toxtaq tutum. Ana olana ciyərparasını itirmək çox çətindir. Yax­şı ki, təsəllim də böyükdür. Oğlum da minlərlə qeyrətli övladlarımız kimi Vətən yolunda şəhid olub... Ana özünü ələ alıb sözünə davam elədi:

– Həmişə mənə deyirdi ki, ana, düşmən torpaqlarımızdan xoşluqla çıxmaya­caq, müharibəyə getməli olsaq, öndə biz gedəcəyik. Əgər birdən mənə bir şey olsa, nə badə ağlayasan, yoxsa ruhum səndən inciyər. Elə bil, bizi qabaqcadan hazırlayırdı. Hər dəfə səbirli, dözümlü olmağımızı söyləyirdi. Xüsusi hərbi xidmət işinin çətinliyindən isə heç vaxt danışmırdı ki, birdən narahat olarıq.

Atası, qohum-qonşu da söhbətə qoşuldu, bildirdilər ki, Nəzər ailədə tək övlad olub, ki­çik yaşlarından çox ağıllı, zirək, böyük sözünə baxan uşaq olub, kiçiyə-qocaya əl tutub, həyət-baca, çöl-bayır işlərinə maraq göstərib. At minib çapmağı çox xoşlayırmış.

Nəzər Ağacəlil oğlu Əzizov 1991-ci il av­qustun 28-də Kürdəmir rayonunun Dəyirmanlı kəndində anadan olub. Uşaqlığı Qarabağ münaqişəsinin davam etdiyi illərə düşən Nəzər anasının dediyi kimi, xəyanətkar ermənilərə nifrət hissi ilə tərbiyələnib, xüsusi təyinatlı bölmələrdə xidmət etmək arzusu ilə böyüyüb. Orduda həqiqi xidmətini başa vur­duqdan sonra da yenidən hərbi qulluğa qayıt­maq üçün Bakıda xüsusi məktəbdə oxuyaraq gizir rütbəsi alıb, uşaqlıq arzusuna çataraq “maskalıların” – Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmətə başlayıb.

Nəzər hərb işinə qəlbən, ürəyinin hökmü ilə bağlanıb. Türkiyədə, Pakistanda, Pribalti­ka ölkələrində keçirilən hərbi təlimlərdə fəal iştirak edib. Xüsusi Təyinatlı Qüvvələrin sıra­larında 2016-cı ilin aprel döyüşlərində, eləcə də 44 günlük Vətən müharibəsi cəbhəsində döyüşüb. O, Füzulinin, Cəbrayılın, Şuşa­nın, Xocavəndin azad edilməsində, eləcə də Xocalı uğrunda gedən döyüşlərdə igidliklər göstərib. Vətən müharibəsinin döyüş medal­larına layiq görülüb.

Nəzərin döyüş yoldaşları arasında da xü­susi hörməti olub. Çevikliyi, mərdliyi, qorx­mazlığı, döyüşkənliyi ilə həmişə seçilib. Dö­yüş yoldaşları ona nəvazişlə “Boz qurd” ləqəbi veribmişlər. Döyüşlərdə həmişə ön sıralarda gedən, qorxu nə olduğunu bilməyən Nəzər müharibədən sonrakı erməni təxribatının qar­şısını almaq üçün ordumuzun keçirdiyi qisas əməliyyatı zamanı sentyabrın 12-dən 13-nə keçən gecə qəhrəmancasına həlak oldu və şəhidlik zirvəsinə qovuşdu. O, Kürdəmirdəki Şəhidlər xiyabanında dəfn olundu.

Nəzər Vətən naminə həyatını qurban ver­di. Onun fəxr duyulası adı, həmişə ehtiramla anılacaq xatirəsi qaldı. Elinə, obasına, ata-anasına, ailəsinə, yadigar qoyub getdiyi öv­ladları Uğura və İnciyə baş ucalığı, alın açıq­lığı bəxş elədi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində düşmən üzərindəki tarixi qələbəmizdə Xüsusi Təyinatlı Qüvvələrimizin də böyük payı olduğunu və bu qüvvələrlə daim fəxr etdiyini hər dəfə qürur hissi ilə qeyd edir. Həmişə fəxr ediləsi xüsu­si təyinatlılardan biri də Nəzər Ağacəlil oğlu Əzizov idi... Allah rəhmət eləsin!

Tofiq ABDULLAYEV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Kürdəmir rayonu

6 Oktyabr 2022 00:53 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
3 Dekabr 2022 | 05:26
Arxasıza dayaq olaq
3 Dekabr 2022 | 05:18
Qazilərə daha 410 ev...

Köhnə versiyamızdan xəbərləri izlə