Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qazi şəhid statusundan sonra ikinci addır, şərəflə daşımalıyıq”

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri, Vətən müharibəsi qazisi haqqında danışaca­ğam. O qazi ki, 44 günük müharibə zamanı gülləni ayağından çıxart­dıraraq xəstəxanada yatmaqdan imtina edib və yenidən döyüş yol­daşlarının yanına qayıdıb. Böyük Qələbə də məhz belə vətənpərvər, hər an canını torpaqlarımızın iş­ğaldan azad edilməsi yolunda qur­ban verməyə hazır olan igidlərimiz sayəsində əldə edilib. Onunla görüşümdə öncə nədən başla­mağı düşünmədən “sən danış, mən dinləyim” – dedim və bütün qazilərimiz kimi onun da alovlardan çıxan canlı–qanlı hekayəti qəlbimi sızlatdı. Fəxr etdim, qürur duydum, ağrılarına ağrıdım, şərəfli ömrünə sağlamlıq dilədim.

Öncə qeyd edim ki, 2000-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edən 1982- ci il təvəllüdlü Vasif Məlikov Cəlilabadda doğulub. 2003-cü ildən Müdafiə Nazirliyinin tabeliyində olan XTQ-nin kursunu keçib. 500 nəfərdən artıq namizəd kursa başlasa da, “bir gün Vətən torpaqlarını işğaldan azad etmək üçün döyüşə hazır olmalıyıq” amalı ilə bütün çətinliklərə 22 nəfər sinə gərib kursu başa vurur. Xidmətini, bütövlükdə, XTQ-də keçən peşəkar döyüşçünün Vətən müharibəsindən öncə Aprel döyüşlərində, həmin vaxta qədər isə, təxminən, 10-dan çox xüsusi əməliyyatda düşmənə ciddi zərbələrin vurulmasında rolu olub. O, Tovuz döyüşlərinin də iştirakçısıdr. Vətən müharibəsində yoldaşları döyüşə Mu­rovdağ istiqamətindən başlasalar da, Vasif ayağındakı güllə yarasına görə oktyabrın 1-dən Cəbrayıl rayonunda on­lara qoşulub.

44 günlük Vətən müharibəsinin iş­tirakçısı atəş səsləri altında keçirdiyi döyüşdən söz açır: “Cəbrayıl rayonunun Cocuq Mərcanlı istiqamətində ön xəttin yarılmasında əməyimiz var. Həmçinin Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd, Xocalı və bir neçə strateji kəndlərin, eləcə də Qırmızı bazar ətrafındakı yüksəkliklərin azad olunmasında iştirak etmişəm. Cəbrayıl rayonunun Şeybəy kəndində gedən döyüşdə yaralandım. Gülləni ayağımdan çıxartdırıb stasio­narda qalmaqdan imtina edərək, döyüş yoldaşlarımın yanına qayıdıb Xocalıya qədər döyüşmüşəm”.

Vasif danışır ki, həmin ərazidə şəbəkə olmadığından ümumi məlumatı ancaq bir-iki radio kanalından alırdıq. Avtomatı təmizləmək üçün olan mili tele­fonun qulaqcıq yerinə antena əvəzi taxıb hər saatın tamamında Prezidentin xoş xəbərlərini dinləyir, bilirdik ki, azad olu­nan hansı ərazilərdir... Oktyabrın 23- də gecə saatlarında Cəbrayılın Xocavənd istiqamətində Çanaqçı kəndində gedən şiddətli döyüşdə o, sol ayağı, əli və ba­şından çoxsaylı qəlpə yarası və ağır dərəcəli kəllə-beyin zədəsi alır. İki gün yaralı vəziyyətdə döyüşə davam edir. Oktyabrın 26-da yol açıldıqdan sonra Hadrut kəndinə, oradan da Xocavənd rayonunun Daşkəsən kəndinə təxliyə olunur. Səhhətində yaranan ciddi problemlə əlaqədar vəziyyətin ağırlaş­dığını görən həkimlər onu Füzuli Ra­yon Mərkəzi Xəstəxanasına göndərirlər. Orada da müalicəsi tam başa çatmamış yenidən Şuşaya qayıdır. Vasif döyüş yoldaşlarının yanına gələndə şanlı ordu­muz tərəfindən Şuşanın işğaldan azad edildiyini görür.

Vasif deyir ki, XTQ Azərbaycan Or­dusunda yeganə bölmədir ki, iki dəfə and içir. Bir dəfə əsgər andı, ikinci dəfə, bayrağa, Qurana və silaha əl ba­saraq. Yalnız xüsusi təyinatlılar bilir ki, o and nədir, orada hansı sözlər deyi­lir. Qarabağ müharibəsi sayca az olan çətin müharibələrdən biridir. Orada elə ağlagəlməz istehkamlar qurulmuşdu ki...

Kəlbəcər, Füzuli, Xocavənd, Cəbrayılın azad olunmasında döyüşdə fərqlənməyə görə medalları ilə təltif olu­nan qazi ikinci qrup Qarabağ əlilidir. Ap­relin 6-da ordu sıralarından ehtiyata bu­raxılıb. Dövlətin şəhid ailələri və qazilərə göstərdiyi münasibətdən razılıq edir: “Əlilliyim təyin olunan gündən sonra qa­nunda hansı güzəşt və imtiyazlar varsa, hamısı ilə təmin olunmuşam. Ehtiyacım olmadığından mənzillə bağlı dövlətə müraciət etməmişəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayonundakı 6 saylı DOST Mərkəzində inzibatçı vəzifəsinə təyin olunmuşam. Yenə də mənfur düşmən hər hansı təxribat törətsə və Ali Baş Komandan bunun qarşısını almaq üçün hücum əmri versə, öndə getməyə və düşmənə eyni dərsi təkrar keçməyə ruhən və mənən hazıram”.

Vasif deyir ki, biz döyüş meydanında Vətənimizi, torpağımızın və millətimizin namusunu qorumuşuq. Azərbaycan hamımızın Vətəni və evidir. 40 yaşlı qazi ömrünün 22 ilini Vətənə xidmətə həsr edib. Deyir bu günümüz üçün məhz şəhidlərimizə borcluyuq: “Qaza­nılan qələbəni hər hansı maddiyyat və şəxsi məqsədlər üçün qurban verməyə haqqımız yoxdur. Ali Baş Komanda­nın ətrafında birləşmək milləti, Vətəni sevmək deməkdir. Müharibə asan deyil və dəhşətli anlar yaşadıqlarından bəzi qaziləri başa düşürəm. Amma nəzərə almaq lazımdır ki, hər şey qanunla tənzimlənir. Döyüşmək bizim vəzifəmiz olub və adi həyatda mülki vətəndaşlardan fərqlənməli deyilik. Hazırda vəzifəmiz davranışımızla indiki gənclərə yaxşı nümunə olmaqdır. Çünki qazi adı şəhid statusundan sonra ikinci addır. Bu adı şərəflə qorumaq isə oddan-alovdan sağ çıxıb doğmalarının yanına dönən hər biri­mizin müqəddəs borcudur”.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

6 Oktyabr 2022 00:41 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
3 Dekabr 2022 | 05:26
Arxasıza dayaq olaq
3 Dekabr 2022 | 05:18
Qazilərə daha 410 ev...

Köhnə versiyamızdan xəbərləri izlə