Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Edilli kəndində tapılan kütləvi məzarlıqla əlaqədar qazıntı işləri davam etdiriləcək

Dövlət başçısının tapşırığına əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə fevral ayından əsir və itkin düşmüş vətəndaşların axtarışına başlamışdır. Axtarışlar ilk olaraq Xocavənd rayonunun Edilli kəndində aparılıb. Fevralda bu ərazidə 7 şəxsə aid insan qalıqları qazılaraq götürülüb. Sentyabrın 14-dən qazıntı işləri davam etdirilib. 5 tam, 1 qarışıq skelet və 12 şəxsə aid kütləvi məzarlıq aşkar edilib. Geyimlərindən hərbçilərimizə aid olduğu güman olunur. Axtarışlar davam etdiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Xocavənd rayonunun Edilli kəndində aşkarlanan məzarlığa baxış zamanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Namiq Əfəndiyev söyləyib.

Edilli kəndində jurnalistlərə açıqlama verən N.Əfəndiyev bildirib ki, aşkarlanan skeletlərin əlləri və ayaqları məftil və kəndirlə bağlanıb.

Səhiyyə Nazirliyinin Məhkəmə–Tibbi Eks­pertiza və Patoloji Anatomiya Birliyinin direk­toru Ədalət Həsənov isə bildirib ki, aşkarlanan 12 meyit qalığının ilk baxışdan Azərbaycan hərbi qulluqçularına aid olduğu görünür. Kütləvi şəkildə, qeyri-insani formada dəfn edilmələri onlara işgəncə və əzab verildiyini düşünmək üçün əsas verir: “Hər bir meyitin əlləri yuxarı­dadır, lakin bunun səbəbini hələ deyə bilmərik. Sümüklərdə zədə və xəsarət izləri var. Küt alət təsirindən kəllə sümüklərinin sınıqları görünür. Odlu silahlarla olan təsirlər isə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Kriminalistika şöbəsində müayinə edildikdən sonra aydın olacaq. Onların cin­si, yaşı, boyu, torpaqda qalma müddəti təyin ediləcək. Hətta onların sağlığında keçirmiş ol­duğu xəstəliklər varsa, onlar aşkar ediləcək. Bu­nun tanınmada böyük əhəmiyyəti var. Hazırda meyitlərin dişlərinin quruluşundan aydın olur ki, onların hamısı cavan və orta yaşlı hərbi qul­luqçular olub”.

Bu skeletlərin Azərbaycan tərəfindən basdı­rılması ilə bağlı Ermənistanın gülünc iddialarına cavab verən Ədalət Həsənov deyib: “Sümüklə torpağın qarışığına nəzər salsaq görərik ki, onların sonradan qoyulmasından söhbət gedə bilməz. Sadəcə olaraq qalıqların hamısının üstü təmizlənib və eləcə saxlanılıb. Qalıqlar xüsusi qutulara şəxsi əşyaları, nömrələri ilə yı­ğılaraq bu gün, ya sabah ərazidən götürüləcək. Sonra Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin kriminalistika şöbəsində müayinə ediləcək”.

Qeyd edək ki, Xocavənd rayonunun Edil­li kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi baş­lanılaraq istintaq aparılır. İstintaqla Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Res­publikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin, o cümlədən “Döyüşən ordu­larda yaralıların və xəstələrin vəziyyətinin yax­şılaşdırılması haqqında” 12 avqust 1949-cu il ta­rixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxsin öldürülməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilməsi müəyyən olunub.

İstintaq zamanı Xocavənd rayonunun Edil­li kəndi ərazisinə bu il fevralın 23–26-da baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, sentyabrın 14–30-da isə 18 şəxsə aid insan sü­mük qalıqları aşkar edilərək götürülüb.

İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib.

Həmin hadisələrin şahidi olmaqla 28 av­qust 1993-cü il tarixdən 14 dekabr 1994-cü il tarixədək Ermənistanda əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

5 Oktyabr 2022 23:10 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə