Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda kitab bayramına start verildi

Qədim dövrlərdən indiyədək müxtəlif millətlərin nümayəndələri öz mədəni dəyərlərini və adət-ənənələrini bərqərar etməyə çalışır, həmçinin digər xalqların xüsusiyyətlərini və kimliyini, onların fərdi həyat tərzini öyrənirlər. Bu proses texnoloji innovasiyaların, kəşflərin və tədqiqatların, fikir, təcrübə və nailiyyətlərin mübadiləsi üçün müvafiq mədəni və kommunikasiya məkanının yaradılmasını şərtləndirir. Kitab sərgiləri də məhz belə vacib rolu oynayır.

Azərbaycanda kitab sərgisi sahəsində uğurlar göz önündədir. Okt­yabrın 5-dən işə başlayan 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin miqyası və iştirakçı sayı belə deməyə əsas ve­rir. 10-dan çox naşirin Bakıya gəlməsi sərgiyə marağı artırmışdır. Kitab bay­ramında, həmçinin Azərbaycanın ta­nınmış yazıçı və şairləri, gənc yazar­lar, eləcə də məşhur xarici müəlliflər, sənətçilər iştirak edirlər. Sərgiyə maraq böyükdür. Kitab mağazala­rının, universitetlərin, mədəniyyət mərkəzlərinin, muzeylərin və digər qu­rumların da iştirakı sərgini kitab bayra­mına çevirmişdir.

Sərginin açılış mərasimində çıxış edən Mədəniyyət naziri Anar Kərimov bildirdi ki, Azərbaycanda kitaba, kitab nəşrinə diqqət həmişə olub. Xalqımız hər zaman ədəbiyyata, şairlərə, yazı­çılara böyük hörmətlə yanaşıb.

Baş nazirin müavini Əli Əhmədov vurğuladı ki, kitab çapı, onun təbliği hər zaman dövlətin diqqətindədir: "Mən əminəm ki, bugünkü tədbir də kitab nəşrinə, kitabın yayılmasına öz töhfəsini verəcək. Mən bu münasibətlə bütün kitabsevərləri təbrik edirəm”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev sərginin kitab bayramı olduğunu bil­dirdi: "Bu bayram xalqın bayramıdır. Əsrlər boyu həm əlyazma, həm də çap formasından kitablar nəsildən-nəslə ötürülüb. Tövsiyə edirəm ki, ki­tabı sevək, kitabı oxuyaq, kitabla ya­şayaq”.

Ümumiyyətlə, kitab sərgisinin sistemli təşkili kitab sənayesindəki proseslərin inkişaf dinamikasına müsbət təsir göstərir. Belə ki, sərgi çərçivəsində keçirilən müsabiqələr, təqdim olunan mükafatlar ədəbi ifadənin bütün üsullarını həvəsləndirir. Bundan başqa, müxtəlif sahələrdə ən yaxşı əsərlərin seçilməsi və qiymətləndirilməsi, mütaliənin təşviqi, kitab sənayesinin əsas problemlərinin həlli və onların müxtəlif kateqori­yalardan olan oxucularına müsbət təsiri kitabxanalara və kitab ma­ğazalarına dəstək göstərilməsinə təkan verir. Dünən sərgidə məhz bu mənzərənin şahidi olmaq mümkün idi. Müzakirələr, müsabiqələr, stend qarşı­sında söhbətlər sərginin kommunika­tiv mahiyyətini üzə çıxarmışdı.

Builki sərgidə ilk dəfə olaraq az­yaşlı oxucular üçün spesifik formada “Uşaq dünyası” adlı stend quraşdı­rılmışdı. Yazıçı, professor Solmaz Amanova Şuşa şəhərinin tarixi, onun görkəmli nümayəndələri haqqında məktəblilərə məlumat verirdi. Sualların cavablarını tapan şagirdlərə kitab və suvenirlər təqdim olunurdu. Müəllim günündə şagirdlərinin doğru cavab­larından razı qalmaları pedaqoqların təbəssümündən hiss olunurdu.

8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkəsi” Türkiyədir. Sərgidə Türkiyənin dün­ya şöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları da iştirak edirdilər. Sərgi iştirakçıları arasında tarixçi, professor İlbər Ortaylının çıxışı sərgiyə təşrif buyurmuş kitabsevərlər tərəfindən böyük maraqla qarşılandı.

Ümumiyyətlə, Azərbaycanın böyük dəyər verdiyi multikultura­lizm ab-havası sərgidə də özünü göstərirdi. Xüsusilə də yanaşı daya­nan Türkiyə və Rusiya stendlərindən eşidilən türk və rus nitqlərinin havada titrəməsi yaradıcı atmosferi xeyli zənginləşdirmişdi. Rusiyanın sərgidə iştirak edən nümayəndə heyətinin rəhbəri Yevgeni Rezniçenko bizimlə söhbətində sərginin bu özəlliyinə to­xundu. Rusiyalı qonaq sərgidə yara­dılmış rahatlıqdan razılığını bildirdi. Onun sözlərinə görə, tələsmədən kitabla tanış olmaq imkanının ya­radılması sərginin üstünlüklərindən biridir və təəssüratı çox yaxşıdır. Y.Rezniçenko bildirdi ki, uzun zaman­dır belə böyük formatda sərgilərdə iştirak etməmişdir. On üç rus yazıçısı­nın Azərbaycana təşrif buyurduğunu və sərgidə iştirak etdiyini vurğulayan Y.Rezniçenko Azərbaycanın kitab bazarında yer tutmaq istədiklərini də gizlətmədi.

Xatırladaq ki, kitab sərgisi oktyab­rın 10-dək fəaliyyət göstərəcək.

Səbuhi MƏMMƏDOV,

Elşən AĞALAR (foto),

“Xalq qəzeti”

6 Oktyabr 2022 00:16 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə