Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yardımlıda kitab bayramı

Paytaxt Bakıda ötən həftə düzənlənmiş 4-cü Milli Ki­tab Sərgisindən sonra dağlar diyarı Yardımlıda da gənclərin təşəbbüsü ilə ilk kitab sərgisi keçirilib. Bundan əvvəl “Qanun” Nəşrlər Evinin təşəbbüsü ilə ra­yonun Hamarkənd kəndində kitab qovşağı yaradılmışdı. Bu sərginin rayon səviyyəsində təşkili maraq doğurub.

Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova, Əməkdar müəllim Həbib Qənbərov, şairlər Sakit İlkin, Fikrət Şahbazlı, İqbal Nəhmət və başqaları sərgidə ürək sözlərini söyləyib, belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Qeyri-rəsmi olaraq “Kitabı tək qoymayaq” devizi ilə keçirilən sərgidə rayonun kitab sevdalıları bir yerə toplaşıblar. Tədbirə həmçinin şəhid ailələrinin üzvləri də qatılıblar. Ən çox sevinən isə məktəbli gənclər olub. Simvolik qiymətə satılan kitablardan toplanan vəsaitlə yeni hədiyyəlik kitablar alınacağı nəzərdə tutulur. Sərgi çərçivəsində bilik yarışması keçirilib və qaliblərə kitablar hədiyyə edilib. Könüllülər oxucuların kitab seçməsinə yardımçı olublar.

Tədbirin əsas təşəbbüskarı A.Bağırov adına Vərgədüz kənd tam orta məktəbinin Azərbaycan dili-ədəbiyyat müəllimi Türkel Tağızadə sərgi haqqında fikirlərini çatdıraraq deyib: “Məqsədimiz kitab sat­maq, pul qazanmaq yox, oxucu qazan­maq, kitab mübadiləsi etmək və rayonumuz­da kitab adına gözəl bir ənənə yaratmaqdır. Dörd dildə elmi, bədii, şəxsi inkişaf kitabla­rı, müxtəlif jurnallar seçim üçün təqdim olundu. Müxtəlif test vəsaitləri pulsuz pay­lanıldı. Müəyyən kitab­ları məktəblilərə oxu­yub qaytarmaq üçün verdik. Mən öz kitabxanamdan 300-dən çox nümunəni bu sərgidə oxucuların seçiminə təqdim etdim. Ümumilikdə, 100-ə qədər hədiyyəlik kitab paylandı”.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

6 Oktyabr 2022 00:24 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
3 Dekabr 2022 | 05:26
Arxasıza dayaq olaq
3 Dekabr 2022 | 05:18
Qazilərə daha 410 ev...

Köhnə versiyamızdan xəbərləri izlə