Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri kitabxanaçılıq ixtisası üzrə məzunlarla görüşüb

VIII Bakı Beynəlxalq Kitab Sərgi çərçivəsində mədəniyyət naziri Anar Kərimovun Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kitabxanaçılıq və informasiya ixtisası üzrə məzunları ilə görüşüb.

 Bakı Ekspo Mərkəzində keçirilən görüşdə çıxış edən nazir Anar Kərimov Mədəniyyət Nazirliyinin kitabxana-informasiya sahəsi üzrə apardığı islahatlardan söz açıb. Deyib ki, bu istiqamətdə prioritet məsələlərdən biri də müvafiq sahəni gənc və ixtisaslı kadrlarla təmin etməkdir: “Hazırda nazirliyin tabeliyində olan mərkəzləşdirilmiş kitabxana sistemlərində çalışan işçilərin 20 faizi ixtisaslı kadrlardır. Bu sahənin inkişafı üçün ən başlıca meyarlardan biri məhz peşəkar mütəxəssislərin cəlb olunmasıdır. Bu istiqamətdə həm şəffaflığı təmin etmək üçün, həm də müvafiq sahə üzrə əmək bazarında rəqabətin formalaşdırılması məqsədilə nazirliyin tabeliyində olan kitabxanalarda işəgötürmə prosesi artıq test və müsahibə mərhələsindən ibarət olmaqla imtahanla həyata keçiriləcək”.

Nazir bildirdi ki, artıq imtahan prosesini tənzimləyən qaydalar da təsdiq olunub: “Sizlər bu prosesin ilk iştirakçılarınız. Əminəm ki, qazandığınız nəzəri təcrübə, əldə etdiyiniz bilik və peşə hazırlığınız vasitəsilə ölkədə kitabxana sahəsinin inkişafına öz töhfələrinizi verəcəksiniz. Bəziləriniz karyeranıza regionlarda, bəziləriniz isə Bakı şəhərində başlamaq arzusunda olduğunuzu ifadə etmisiniz. Qısa zamanda sizin işlə təmin olunma məsələniz həllini tapacaq”.

Anar Kərimov çıxışının sonunda məzunları təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb.

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı vurğulayıb ki, Azərbaycanda kitabxana sahəsinə diqqət və qayğının ənənələri var: “Ulu öndər Heydər Əliyev hər zaman kitabxana işinə, kitabxanaçı əməyinə yüksək qiymət verib. Bu ənənələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilir. Mədəniyyət naziri Anar Kərimovun məzunlarla bugünkü görüşünü də bu ənənələrin davamı kimi yüksək qiymətləndiririk. Mən ilk dəfədir ki, bizim fakültənin məzunlarının nazir səviyyəsində qəbulunun şahidi oluram”.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov söyləyib ki, bu il BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin 4 nəfər məzunu elm ocağında işlə təmin olunub.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli deyib ki, seçilən gənclərin hər biri ilə fərdi qaydada müsahibə aparılıb.

Sonda görüş iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

AZƏRTAC

5 Oktyabr 2022 21:07 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2022 | 00:28
Ankarada muğam axşamı

Köhnə versiyamızdan xəbərləri izlə