Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya Edillidəki erməni vandalizmini duymalı, görməlidir

Xocavənd rayonunun Edilli kəndi ərazisində növbəti kütləvi məzarlıq aşkar edilib. Bu kütləvi məzarlığın aşkarlanması ermənilər tərəfindən törədilmiş müharibə cinayətlərinin daha bir təkzibolunmaz sübutudur. I Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazilərində Ermənistan Respublikasının silahlı qüvvələri (və erməni separatçı rejiminin qanunsuz hərbi birləşmələri) tərəfindən əsir götürülmüş 25 azərbaycanlının işgəncələrlə qətlə yetirilməsi insanlıq məfhumunu sarsıdan danılmaz vandallıq aktıdır. Bu vandallıq, vandallıq qurbanlarının kütləvi məzarlıqda ləyaqətsiz şəkildə dəfn edilməsi insan cəmiyyətinin mənəvi və hüquqi prinsiplərinin kobud formada pozulmasıdır.

Otuz ilə yaxın davam edən işğal dönəmində Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırım aktları, etnik təmizləmə siyasəti, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin törədilməsi yalnız azərbaycana qarşı deyil, mahiyyətcə bütün insanlığa qarşı yönələn qəbuledilməz davranışdır. Bu davranış erməni xislətini, dünya erməniliyinin, işğalçıları dəstəkləyənlərin iç üzünü göstərir. Göstərir ki, Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub və bu kobud pozuntuya havadarlıq edənlər də öz vicdanlarını ləkələnməmiş saya bilməz.

Ermənistan Respublikası müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısıdır. Ancaq buna baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini göz görəsi pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə saymazyana, məsuliyyətsiz münasibət göstərib. Beynəlxalq ictimaiyyətin, bir çox qurum və quruluşun, onlarla xarici ölkənin bu hüquqdışı hərəkətlərə göz yumması erməniləri daha da şirnikləndirib, onları yeni cinayətlərə həvəsləndirib, mənfi presedentlər yaradıb.

Bəlli olduğu kimi, “Hərbi əsirlərlə rəftara dair” Konvensiya (Üçüncü Cenevrə Konvensiyası) hərbi əsirlərin hüquqlarını, onlarla davranış qaydalarını, əsirlikdən azad olunma qaydasını müəyyən edərək, belə şəxslərin hərtərəfli müdafiəsini təmin edir. Hərbi əsirlərə münasibətdə əsas beynəlxalq normalardan biri onlarla hər zaman humanist rəftar edilməsidir. Göründüyü kimi, erməni tərəfi bu normanın tam tərsinə hərbi əsirlərlə qəddar, qeyri-insani rəftar edib, onlara işgəncələr verib, amansızlıqla qətlə yetirib. Əsirlərin, girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda dəfn edilməsindən daha ağır hansı beynəlxalq cinayət vardır? Daha nə olmalı idi ki, bir sıra beynəlxalq qurumlar və bəzi xarici ölkələr hərəkətə keçsin, Ermənistana sanksiyalar tətbiq etsin?!.

Müharibədə Qızıl Ləyaqət gərək insanın, xalqın, dövlətin mahiyyətində, ruhunda, xarakterində olsun; belə xarakter, ruh yoxsa, o zaman erməni olursan və “uf” demədən hər bir alçaqlığı, suçu, günahı işləyə bilirsən... Təsəvvür etsək ki, beynəlxalq qurumlar bu mövzuda heç bir qayda-qanun müəyyənləşdirməyib, onda, özünə hörmət edən, ləyaqəti olan xalq, dövlət belə alçaqlıq etməməli idi

Bu günə qədər 3890 itkin düşmüş azərbaycanlı girov və hərbi əsirlərin aqibəti haqqında Ermənistan qəsdən məlumat vermir, beynəlxalq ictimaiyyətə yalan danışır; bununla da, öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri kobud şəkildə pozmaqda davam edir. Belə həyasız siyasət bu günlərdə də davam etməkdədir.  Guya Azərbaycan hərbçiləri 13 sentyabr döyüşlərində dağ başında əsir götürülmüş erməniləri güllələyib. Bir saxta video üzərindən anti-Azərbaycan kampaniyası başladan Ermənistan, dünya erməniliyi ölkəmizə sanksiyaların tətbiqinə nail olmağa çalışır. Görün, nə qədər qeyri-adekvat bir “qonşu”ya malikik... Demək, dayanmadan erməni yalanlarını ifşa etməli, ermənilərin müharibə cinayətlərini dünyaya car çəkməli, həqiqətləri tirajlamalıyıq.

Azərbaycan Respublikası hər vaxt beynəlxalq humanitar hüquqa sədaqətini nümayiş etdirib. Azərbaycan Ermənistandan tam fərqli olaraq beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiq olub. Dörd Cenevrə Konvensiyasının iştirakçısı olan dövlətimiz, humanizm prinsipini rəhbər tutaraq, daim beynəlxalq humanitar hüququn normalarına əməl edib, öz daxili qanunvericiliyində onların tam və dolğun implementasiyasını həyata keçirib. Bizim dövlətin tərəfdar olduğu beynəlxalq hüquq normaları, qoşulduğu konvensiyalar öz yerində, bununla birgə xalqımızın mədəniyyəti, dövlətimizin xarakteri, adət-ənənəmiz bizi qeyri-insani hərəkətlərdən daim çəkindirib. Biz öz hərbçimizlə, ordumuzla, dövlətimiz və xalqımızla, malik olduğumuz mədəniyyət və əxlaqla qürur duyuruq!

Dövlətimiz var olsun!

 

Qənirə PAŞAYEVA,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

5 Oktyabr 2022 15:42 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə