Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vergi Məcəlləsində dəyişikliklər Alman-Azərbaycan Xarici Ticarət Palatasında müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi prosesi çərçivəsində sahibkarlar və onların ictimai birlikləri ilə görüşləri davam etdirir. Oktyabrın 4-də Dövlət Vergi Xidmətinin nümayəndələri Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK Azərbaycan”) təşkil etdiyi “Vergi, gömrük və hüquq məsələləri üzrə İşçi qrup”un iclasına qatılıblar.

Bu barədə "Xalq qəzeti"nə Xidmətin Mətbuat mərkəzindən məlumat verilib.

Tədbirin müzakirə mövzusu Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas istiqamətləri ilə bağlı olub. DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov 2023-cü il üçün nəzərdə tutulan əsas dəyişikliklərin istiqamətləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bildirilib ki, qanunvericiliyə gözlənilən dəyişikliklər ölkənin iqtisadi gündəliyi, müxtəlif dövlət proqramları və dövlət başçısının müvafiq fərman və sərəncamlarından irəli gələn məsələlərin həlli, habelə sahibkarlarla keçirilən görüşlərdə səsləndirilmiş təklif və rəylər əsasında hazırlanıb.

Görüşdə qanunvericiliyə nəzərdə tutulan dəyişikliklərin əsas konturları, iqtisadi əsasları və gözlənilən nəticələri şərh edilib, bu dəyişikliklərin ölkənin investisiya mühitinin cəlbediciliyinin artırılmasına, işğaldan azad olunmuş ərazilərimizdə işgüzar fəaliyyətin stimullaşdırılmasına, ölkədə idxalı əvəzləyəcək istehsal sahələrinin yaranmasına və inkişafına xidmət edəcəyi vurğulanıb.

Tədbir iştirakçılarının gözlənilən dəyişikliklər, habelə vergilərin ödənilməsi və hesabatlılıq sahəsində qarşılaşdıqları praktiki məsələlərlə bağlı ünvanladıqları suallar cavablandırılıb. Görüşdə səsləndirilmiş bir sıra təkliflər gələcəkdə baxılması üçün qeydə alınıb.

Qeyd edək ki, “AHK Azərbaycan” 2012-ci ildən etibarən alman iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq, şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir və 160 üzv şirkəti ilə Avropanın Azərbaycandakı ən böyük iqtisadi assosiasiyalarından biridir.

5 Oktyabr 2022 12:57 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə