Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubada sel sularından mühafizəsi məqsədilə mühafizə bəndi tikilir

Əkin və bağ sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Odur ki, respublikamızın digər rayonları kimi Qubada da rayon Suvarma Sistemləri İdarəsi tərəfindən torpaqların su təminatı üçün ardıcıl tədbirlər görülür, suvarma şəbəkələri genişləndirilir, su sistemlərində təmir-bərpa işləri həyata keçirilir.

Bu barədə "Xalq qəzeti"nə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Ölkəmizin ən iri meyvəçilik rayonlarından olan Qubada bol məhsul götürmək üçün suvarma suyuna böyük ehtiyac var. Uzun illər əkin sahələrini suvarmaq üçün təsərrüfat sahibləri torpaq arxlarla su aparmalı olurdular ki, bu da həm vaxt həm də su itkisinə səbəb olurdu. Artıq rayonda bu problem həll edilmək üzrədir. Belə ki,  Quba rayon Suvarma Sistemləri İdarəsi tərəfindən köhnə su kanalları yenilənir. Hazırda bu məqsədlə torpaq kanalların beton üzlüyə alınması işləri görülür.

Su kanalların beton üzlüyə alınması ilə yanaşı rayonda yaşayış məntəqələrinin sel sularından mühafizəsi məqsədilə çayların kənarında mühafizə bəndlərinin inşası da davam etdirilir. Hazırda rayon suvarma sistemləri idarəsi tərəfindən Qusarçay çayının Çartəpə kəndi ərazisindən keçən hissəsində bəndvurma işləri görülür. Bu ərazidə çayın məcrası genişlənərək yaxınlıqdakı ərazilər üçün təhlükə yaradıb. Bənd tikildikdən sonra çayın ətrafındakı ərazilər daşqın və sel sularından tamamilə qorunacaq. Uzun illər sel təhlükəsindən əziyyət çəkən sakinlər də görülərn işləri yüksək qiymətləndirirlər. Onlar hesab edir ki, yeni bənd həm yaşayış evlərini həm də təsərrüfatları seldən tam şəkildə mühafizə edəcək.

Qeyd edək ki, hazırda Quba rayonunda ümümilikdə 26 min 33 hektar suvarılan ərazi mövcuddur. Görülən meliorativ tədbirlər nəticəsində həmçinin sahələri suvarma suyu ilə təmin edən torpaq kanallar mütamadi olaraq lil və kol-kosdan təmizlənir. Rayon Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə, təmir planına uyğun olaraq gələcəkdə mərhələli şəkildə bütün torpaq kanallar beton kanallarla əvəz ediləcək. 

5 Oktyabr 2022 17:43 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə