Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sertifikasiya cəmiyyətdə müəllimin nüfuzunu artırır

Nizami rayonundakı 129 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Jalə Mehdiyeva ənənəvi Müəllim Gününü öncəkilərdən fərqli olaraq, daha xoş hisslərlə qarşılayır. Bu, əbəs deyil. Jalə müəllim Elm və Təhsil Nazirliyinin avqustun 30- da dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test və müsahibə imtahanı mərhələsində ən yüksək nəticə göstərən müəllimlərdən biri olub.

Jalə Mehdiyeva imtahan gününü belə xatır­layır: “Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris meto­dikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata ke­çirildi və imtahan başa çatdıqdan dərhal sonra elan edildi. Təhsil işçiləri üçün çərçivə sənədi hazırlanmışdı və sualların asan, orta və çətin olaraq, say etibarı ilə bu sənədə uyğunlu­ğu gözlənilmişdi. İmtahana hazırlaşmışdım. Çətin suallar vardı. İllərdir, istifadə etdiyimiz sözlərin yazılışı hazırda dəyişilsə də, bu, özü­nü hələ ki, dərsliklərdə göstərmir. Yeniliklərlə özümüz maraqlanmalıyıq”.

İmtahan məsuliyyəti, həyəcanı ilə bağlı su­alımızı isə həmsöhbətim belə cavablandırdı: “İnsan oxuduqca daha az bildiyini düşünür. Təbii ki, həyəcanım vardı, 57 – 58 bal topla­yacağıma inanırdım. Elektron qaydada su­alların cavablarını bitirib düyməni basdım və ekranda hansı rəqəmin olacağını gözləmədən gözlərimi yumdum. Nəzarətçinin “60 bal top­lamısan” kəlməsindən sonra sevinərək gözü­mü açdım. Müsahibə mərhələsində müəllimin sinfi idarə etmək bacarığı, psixoloji, pedaqoji durumu yoxlanılırdı. Orada da ən yüksək 40 balı topladım. Adətən imtahanlardan sonra uşaqları təbrik edən biz müəllimləri sertifikasi­yadan sonra şagirdlər təbrik edirdilər. Çox xoş anlar idi”.

Təhsil işçilərinin ənənəvi konfransında yüksək bal toplayan müəllimlər adından çıxış edən Jalə Mehdiyeva sertifikatı ona nazir Emin Əmrullayevin təqdim etdiyini fəxrlə söyləyir. Qeyd edək ki, sertifikasiya müəllimlərin özü­nü diaqnostik qiymətləndirməsinə kömək etdi, onların öz zəif və güclü tərəflərini müəyyənləşdirməyə imkan verdi, həm də cəmiyyətdə müəllimin nüfuzunun və rifahının yüksəlməsinə yardımçı oldu.

Qeyd edək ki, Jalə müəllim 30 illik həsrət qaldığı Füzulini ailəsi ilə tərk edib, Bakıya üz tutanda orta təhsilini tamamlamamışdı. Köç­künlük həyatı onun təhsil almaq sevgisini azaltmadı. XI sinfi Bakıda bitirən Jalə daha böyük əzmlə çalışaraq, təhsilini ADPU- da davam etdirdi və ibtidai sinif müəllimi kimi Kürdəxanıdakı 112 saylı məktəbdə fəaliyyətə başladı. Bağçadan məktəbə ayaq açan uşaq­larla davranmaq gənc qıza çətin olsa da, peşəsinə vurğunluq, iradəsi sayəsində hər əziyyətin öhdəsindən gəlməyi bacardı...

Sonradan yerdəyişmə imtahanında işti­rak edərək hazırkı kollektivə gəldi və 9 ildir ki, bu məktəbdə gələcəyin mütəxəssislərinə, peşə sahiblərinə cığır açır. Jalə müəllimə ilə söhbətimdə onun peşəsinə vurğunluğunun bir daha şahidi oldum. Deyir ki, iki buraxılış sinfim olub. Dərs ilinin sonunda vidalaşdı­ğım şagirdlərin sentyabrın 15- də yeni sinif müəllimlərinin yox, mənim yanıma qaça­raq qucaqlamalarını, ünsiyyətimizi heç nə ilə əvəz etmək olmaz. Belə olanda seçdiyim peşə gözümdə daha da böyüyür. Deyirəm, nə yaxşı ki, bu peşəni seçib müəllim olmu­şam. İbtidai sinif müəllimi təməl qoyandır, kiminsə gələcəyinə inam, ümid oyadandır, onu cəmiyyətə hazırlayandır.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

5 Oktyabr 2022 03:25 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə